Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı Azərbaycanın qurtuluşunun başlanğıc günüdür
Azərbaycanın müasir tarixinin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş dahi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir.
Hər bir xalqın minilliklər boyu formalaşmış dövlətçilik ənənələrinin praktik şəkildə gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradənin olması mühüm şərtdir. Ancaq mənən güclü, xalqına bağlı, vətənpərvər liderə malik olmayan xalqın müstəqillik, azadlıq ideallarına qovuşması da mümkün deyil. Yaranmış müəyyən əlverişli mərhələdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali idealların gerçəkləşməsində müstəsna rol oynayır, bununla da, əbədiyaşarlıq hüququ qazanırlar. Xalqımızın ümummilli lideri Heydər Əliyev məhz belə şəxsiyyətlərin fövqündə dayanan dahidir. Azərbaycanın ötən əsrin 90-cı illərində düşdüyü bəlalardan xilas olunması, itirilməkdə olan dövlət müstəqilliyimizin əbədi, dönməz xarakter alması ulu öndərimizin adı ilə bağlıdır.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan etmişdir. Xalq illər boyu ürəyində yaşatdığı, can atdığı istiqlala qovuşmuşdu. Lakin çox keçmədi ki, müstəqillik duyğusunun yaratdığı sevincin yerini iztirab, narahatlıq tutdu, ölkəmiz ağır sınaqlarla üzləşdi. Artıq Azərbaycanın müstəqil bir dövlət kimi yaşaması üçün təhlükə göz qabağında idi. 1991-1993-cü illərdə ölkəmizdəki anarxiya və xaotik proseslər təsdiq edirdi ki, yalnız Heydər Əliyev kimi qətiyyətli, iradəli siyasi lider Azərbaycanı bu bəlalardan xilas edə, yenicə əldə edilmiş müstəqilliyimizi yaşada bilər.
Dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq, ağır sosial-iqtisadi gərginliyin son həddə çatdığı, ölkənin vətəndaş müharibəsi ilə üz-üzə qaldığı, torpaqlarımızın itirildiyi, Azərbaycanın məhv olmaq ərəfəsində olduğu bir dövrdə xalqımızın ulu öndər Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki hamı yaxşı anlayırdı ki, Azərbaycanı düşdüyü ağır vəziyyətdən yalnız ümummilli lider Heydər Əliyev xilas edə bilər. Ulu öndərimiz o dövrün Azərbaycanını belə xarakterizə edirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
Vətənin dar günü idi. Xalq çıxılmaz vəziyyətə düşmüşdü. İnsanlar üzünü görkəmli dövlət xadimi Heydər Əliyevə tutub nicatımızın yalnız onunla bağlı olduğunu bildirirdilər. Getdikcə bu axın güclənir və iri bir hərəkata çevrilirdi.
Vətəni, ölkəni düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün üzünü o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən dahi rəhbər Heydər Əliyevə tutmuş Azərbaycan ziyalılarının müraciətində deyilirdi: “Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə, ilk addım olaraq, bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz adımızdan, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Azərbaycanı müstəqilliyə hazırlayan görkəmli dövlət xadimi Heydər Əliyev belə bir vəziyyəti kənardan seyr edə, xalqın çağırışına, tələbinə biganə qala bilməzdi. 1993-cü il iyun ayının 9-da xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndərin Bakıya qayıdışı respublika əhalisində böyük ümidlər yaratdı. Çünki ölkəni çətin vəziyyətdən ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən inanırdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə QAYIDIŞINDA tapdı. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və məsul dövrundə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar missiyasına, Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir”.
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı və 6 gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyulmuşdur. İyunun 15-i müstəqillik tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Ümummilli liderimizin müdrik xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, xalq cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtulmuşdur.
1993-cü ilin avqustunda “Sobesednik” qəzeti müxbirinin: “Bu gün Azərbaycanın taleyi Sizin əlinizdədir. Çox ağır yük deyilmi?” – sualına müdrik rəhbər Heydər Əliyev belə cavab vermişdi: “... Bugünkü vəzifəni tutmaq arzusunda deyiləm, hakimiyyətin ləzzətini görmüşəm, düşünüldüyü qədər də şirin deyil. Hakimiyyətdən çəkilməyə də hazıram. Lakin bu gün adamlar mənə baxırlar. Özü də ümidlə baxırlar. Hərçənd mən o adamlardan deyiləm ki, onlara deyim: siz məni seçin, dərhal müharibəni qurtarım və yarım ildən sonra yağ-bal içində yaşayacaqsınız. Yox! Milli Məclisin, bizim Ali Sovetin deputatları məndən soruşdular ki, bizə nə vəd edirsiniz? Birmənalı cavab verdim: “Heç nə!” Mən peyğəmbər deyiləm və sabah nə olacağını da bilmirəm. Bəlkə, daha pis olacaq... Lakin bir şeyi deyirəm: bu dəhşətli anda hər şeyi atıb getmək adamlara xəyanət etmək deməkdir...”
1993-cü ilin iyun ayını Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi kimi xarakterizə etmək olar. Belə bir vaxtda xalqın tələbi, o vaxt hakimiyyətdə olanların xahişi ilə Bakıya gələn dahi rəhbər Heydər Əliyev respublikanı düşdüyü iflic vəziyyətdən, məhvolma təhlükəsindən xilas etmişdir.
İyunun 4-dən başlayaraq cərəyan etmiş hadisələrin mahiyyətini təhlil edərkən, vəziyyətin son dərəcə idarəolunmaz hala düşdüyünü göz önünə gətirərkən o dövrkü hakimiyyətin tam səriştəsizliyi, bacarıqsızlığı, qətiyyətsizliyi açıq-aydın görünür. İyun hadisələri öz mahiyyətinə görə qiyam, çevriliş, vətəndaş qarşıdurması, sui-qəsd kimi hadisələrlə səciyyələndirilə bilər. Ancaq ən dəhşətlisi o idi ki, Azərbaycan yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsi qarşısında idi.
Dövr, zaman xalqımızı imtahana, sınağa çəkmişdi. Hadisələrin gedişindən özünü itirən o vaxtkı iqtidar nümayəndələri isə bu sınağın ağırlığı altında, əsl mənada, çabalayırdılar. Belə bir vəziyyətdə xalqın etimadını tamamilə itirdiklərini görən AXCP-Müsavat liderləri qəribə bəyanatlarla çıxış edirdilər. Onların “Xalqın 95 faizi tələb etsə də, biz hakimiyyətdən getməyəcəyik”, “Biz hakimiyyətə qan gücünə gəlmişik, qanla da gedəcəyik” kimi xalqın, Vətənin suverenliyinə zidd olan “şüarları” hələ də qulaqlarımızdadır. Dövlətçilik, müstəqillik, xalqın mənafeyi məsələləri büsbütün unudulmuşdu...
Hamı görürdü ki, artıq o vaxtkı iqtidar ölkəni idarə edə bilmir, qiyamçılar qarşısında tam acizlik nümayiş etdirir. Qiyamçılar Bakıya doğru irəliləyir, yol boyu rayonlarda yerli hakimiyyət nümayəndələrini dəyişdirirdilər. Xalq çaşqınlıq, qorxu, təşviş içində idi.
Azərbaycan Respublikası Ali Sovetinin 1993-cü il iyunun 13-də keçirilmiş sessiyasında çıxış edən müdrik şəxsiyyət Heydər Əliyev bir daha güc işlədilməməsini, bir daha silahların işə salınmamasını təkidlə tələb etmişdir. Ulu öndərimiz çıxış yolunu yalnız danışıqlarda, qarşılıqlı anlaşma, sülh və barışıqda görürdü. Qısa müddətdə xalqımızın böyük oğlu Heydər Əliyev bütün hadisələrə nəzarət etməklə hər şeyi öz axarına yönəltmişdir. Xalq əmin idi ki, dahi rəhbər Heydər Əliyev Azərbaycanı düşdüyü bu vəziyyətdən qurtaracaq, ölkəmizi parçalanmaqdan, dövlətimizi məhv olmaqdan xilas edəcək.
İyun hadisələri o vaxtkı iqtidarın yaratdığı xaosun, qanunsuzluğun, hakimiyyətsizliyin, ədalətsizliyin, nadanlığın əks olunan təzahür forması idi. Azərbaycanda artıq vətəndaş müharibəsi başlamış, Gəncədə qardaş qanı tökülmüşdü. 1988-ci ildən başlanan meydan hərəkatının dalğasında hakimiyyətə gələnlər öz səriştəsizliyi üzündən Azərbaycan dövlətçiliyini məhvolma təhlükəsi ilə üz-üzə qoymuşdu.
Xoşbəxtlikdən belə bir vaxtda xalq daha güclü birlik, mətinlik, qətiyyət göstərərək öz müdrik oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Bu, xalqın son və yeganə xilas yolu idi.
Dahi rəhbərin yenidən hakimiyyətə qayıdışından sonra sabitlik təmin olunmuş, xalq normal yaşayış tərzinə qayıtmış, ölkə daxilində separatçı fəaliyyətlərə son qoyulmuş, vətəndaş müharibəsinin qarşısı alınmışdır.
İyun hadisələrini hər dəfə xatırlayanda bir həqiqəti dərindən dərk edirsən ki, əgər bu hadisələrin qarşısı alınmasaydı, saysız-hesabsız qardaş qanı axıdılacaq, günahsız insanlar həlak olacaqdı; şəhərlər, kəndlər, qəsəbələr dağılacaqdı; Azərbaycan öz dövlətçiliyini itirəcəkdi, parçalanacaqdı.
Dahi rəhbər haqlı olaraq deyirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhvolma təhlükəsindən qurtulmuş, Milli Ordu yaradılmış, atəşkəs elan olunmuş, ölkəmiz sürətli inkişaf yoluna çıxmışdır. Xalqımızın azad, suveren və müstəqil dövlət yaratmaq arzusu həqiqətə çevrilmişdir.
Qazanılan müstəqilliyin əbədi olmasına çalışan, bunun üçün var qüvvəsini dövlətimizin inkişaf və tərəqqisinə sərf edən görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir”.
Azərbaycana ikinci rəhbərliyi dövründə cəmi on il müddətində ümummilli liderimiz neçə-neçə qərinəyə sığmayan, dünya durduqca dəyərini itirməyən nəhəng və son dərəcə böyük işlər görmüşdür. Hələ bu tarixi və şərəfli mərhələnin başlanğıcında ulu öndər öz məramını, məqsədini bütün ölkəyə və dünyaya bəyan etmişdi: “Mənim həyatım və fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına həsr olunacaqdır. Mənim başqa məqsədim, amalım yoxdur”.
Qısa müddətdə Azərbaycanda görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əsaslı dönüş baş vermişdir: dağılmış iqtisadiyyat bərpa olunmuş, yeni-yeni müəssisələr işə salınmış, yüz minlərlə iş yeri yaradılmış, “Əsrin müqaviləsi” adlanan nəhəng neft müqaviləsi imzalanmışdır. Azərbaycanın milli sərvətləri xalqımızın rifah halının yaxşılaşdırılmasına yönəldilmiş; ölkədə vətəndaş həmrəyliyi, siyasi sabitlik, qanunların aliliyinə əsaslanan hüquqi-demokratik idarəçilik sistemi bərqərar olunmuş; qabaqcıl dünya təcrübəsinin ən yaxşı nailiyyətlərini özündə cəmləşdirən Konstitusiya qəbul edilmiş; azad və şəffaf seçkilərin keçirilməsi təmin edilmiş; sosial-mədəni həyatın bütün sahələri əsl inkişafa qovuşmuşdur. Bütün bunların müqabilində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi, haqq səsinin dünyaya çatdırılması, xaricdə yaşayan azərbaycanlılarla davamlı əlaqələrin qurulması istiqamətində də möhtəşəm tədbirlər həyata keçirilmişdir. Bir sözlə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytarmış, müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi kimi hələ sağlığında xalqın qəlbində heykəlləşmiş, əbədiləşmişdir.
Keçilmiş yola nəzər salanda Heydər Əliyev dühasına ancaq qibtə və pərəstiş edirik. Onun həyata keçirdiyi möhtəşəm tədbirlər, Vətən və xalq naminə gördüyü misilsiz işlər neçə-neçə qərinəyə, əsrə bərabərdir. Bu gün müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində uğur qazanılır, ulu məmləkətimiz gündən-günə inkişaf edir. Yüksələn Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız bu böyük tərəqqinin daha geniş və parlaq müşahidə olunduğu məkandır. Blokada şəraitində olsa da, Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Bütün bunlar zamanın dahisi, böyük xilaskar Heydər Əliyev siyasətinin təntənəsidir. Müstəqil Azərbaycanın bu gün əldə etdiyi bütün uğurlara görə xalqımız ulu öndərimizin 1993-cü ildə Naxçıvandan Bakıya, ali hakimiyyətə qayıdışına, Milli Qurtuluş Gününə borcludur!
Təbii ki, Heydər Əliyev şəxsiyyəti olmasaydı, bu gün nə muxtar respublika statusundan, nə də bu qədim diyarın inkişafından söhbət gedə bilərdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “...Xilasımız və inkişafımız ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-iqtisadi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur”. Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan daha böyük uğurlara imza atacaq. Çünki bu dövlətə Heydər Əliyev ideyalarının, siyasi kursunun layiqli davamçısı və “hər bir Azərbaycan vətəndaşının Prezidenti” olan cənab İlham Əliyev başçılıq edir.
Məmməd RZAYEV
fəlsəfə elmləri doktoru, professor