Xalqımızın müstəqillik əzmini nümayiş etdirən Azərbaycan Xalq Cümhuriyyəti XX əsr dünya siyasi mədəniyyətinin ən qabaqcıl demokratik formasını öz dövlət təsisatlarında tətbiq etməyin Şərqdə ilk təcrübəsi idi. Əgər Birinci Dünya müharibəsinin sonlarına doğru qalib və məğlub imperialist dövlətlərin Qafqaz regionunda maraqlarının kəskin toqquşduğu dramatik tarixi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti yaranmasaydı, dövlətimizin müttəfiq respublika kimi Sovet İttifaqının tərkibinə daxil olması, bu ittifaqın süqutundan sonra suveren dövlət kimi öz müstəqilliyini bərpa etməsi də mümkün olmayacaqdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini və mövcudluğunu yüksək qiymətləndirərək deyirdi: “Həmin dövrdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycanın Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər – Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı. 1920-ci ilin yanvarında Azərbaycan dövlətinin müstəqilliyi de-fakto tanındı”.
Çar Rusiyasının Birinci Dünya müharibəsi dövründə ağır vəziyyətə düşməsi, 1917-ci ilin fevral ayında imperiya mərkəzində baş vermiş inqilab imperiyanın müstəmləkələrində yaşayan xalqların azadlıq uğrunda mübarizəyə qalxması ilə nəticələnmişdi. 1918-ci ilin fevralında yaradılmış Zaqafqaziya seymi həmin il may ayının 25-də dağıldıqdan sonra mayın 27-də seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplaşdı. Fraksiya Azərbaycanın idarə olunmasını öz üzərinə götürərək Azərbaycan Milli Şurasını yaratdı. Milli Şuranın bir gün sonra – mayın 28-də keçirilən tarixi iclasında qəbul edilən 6 maddədən ibarət İstiqlal Bəyannaməsi ilə Azərbaycanın dövlət müstəqilliyi elan olundu. Bəyannamədə Azərbaycan tamhüquqlu müstəqil dövlət, onun idarə forması isə xalq cümhuriyyəti elan edilirdi. Beləliklə, Azərbaycan nəinki imperiya caynaqlarından qurtulmuş, həm də bütün Şərqin dövlət idarəçilik sistemi üçün yeni olan respublika dövlət idarəçilik sistemini özünün gələcək tarixi üçün müəyyənləşdirmişdir.
Azərbaycan Milli Şurası öz iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiq etmişdi. Bu zaman Bakı şəhəri Bakı Xalq Komissarları Sovetinin nəzarətində olduğu üçün 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və müvəqqəti hökumət Tiflisdən Gəncəyə köçmüşdü. Bir gün sonra Gəncədə Milli Şura öz fəaliyyətini müvəqqəti olaraq dayandırmış və Müəssislər Məclisi çağırılanadək bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış ikinci hökumətə həvalə etmişdi.
Həmin dövrdə son dərəcə cəsarətli bir addım kimi qiymətləndirilən demokratik dövlət modelinin yaradılması – parlamentli respublikanın qurulması Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı idi. Dövlət quruculuğu istiqamətində ilk günlərdən qəti tədbirlər görülməsinə başlanmış, yaranmış gərgin milli-etnik və hərbi-siyasi şəraitin diktəsi ilə qaçılmaz addım kimi iyunun 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan olunmuş, iyunun 26-da müsəlman hərbi korpusunun ayrıca Azərbaycan Korpusuna çevrilməsi ilə Milli Ordunun yaradılmasının əsası qoyulmuşdu.
Hökumətin nəzarəti altında olan ərazidə vəziyyəti sabitləşdirmək, nəqliyyat, poçt-teleqraf rabitəsi yaratmaq üçün mühüm tədbirlər görülmüş, avqustun 23-də Azərbaycan vətəndaşlığı haqqında fərman verilmişdi. Lakin hökumətin ən mühüm vəzifəsi ölkənin bütün ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini bərqərar etmək, Bakını və onun ətrafını Azərbaycan xalqının düşmənlərindən təmizləmək idi. 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin birləşmiş hərbi qüvvələrinin misilsiz mübarizəsi sayəsində Bakı azad edilmiş, sentyabrın 17-də Azərbaycan hökuməti Bakıya köçmüşdü.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli Dövlət bayrağı qəbul olunmuşdur. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan hökumət Müəssislər Məclisinin çağırılması üçün bir sıra tədbirlər həyata keçirsə də, ölkədə yaranmış ağır ictimai-siyasi və mürəkkəb hərbi şərait parlamentə seçkilər keçirməyi çətinləşdirirdi. Milli hökumət Azərbaycan parlamentini mümkün qədər tez formalaşdırmağa çalışırdı. 1918-ci il noyabrın 16-da toplanan Milli Şura mövcud fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar olaraq, ali hakimiyyət orqanı kimi “Azərbaycan parlamentinin yaradılması haqqında” Qanun layihəsini hazırlamış və həmin ilin noyabrın 19-da bu qanunu qəbul etmişdi.
Parlament ölkə əhalisinin hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Beləliklə, real seçkilər keçirilmədən formalaşan, Milli Şura tərəfindən təşkil edilmiş parlamentin 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin binasında təntənəli açılışı olmuşdur. Bütün müsəlman Şərqində dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlamentin sədri Əlimərdan bəy Topçubaşov, onun birinci müavini isə Həsən bəy Ağayev seçilmişdi. Dövrün bütün gərgin ictimai-siyasi amilləri nəzərə alınaraq qeyd edilməlidir ki, parlamentimiz 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə Azərbaycan dövlətçiliyi tarixində dərin iz qoymuşdur. Bütün Şərqin tarixində ilk dəfə olaraq Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilmiş, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin işində Azərbaycanın ziyalı və ictimai fəal qadınları iştirak etmişlər.
Parlament geniş səlahiyyətlərə malik olmuş və ölkənin milli maraqlarının qorunması baxımından mühüm addımlar atmışdı. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycan müstəqil dövlət kimi tanınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi dövr ərzində 20-dən çox dövlətlə diplomatik əlaqələr yaratmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparır, bütün imkanlardan istifadə edir, taleyüklü məsələlərin həllinə çalışırdı. Cümhuriyyətin ölkəmizin ərazi bütövlüyünü qorumağa yönəlmiş tədbirlərindən biri də Naxçıvan məsələsi idi. Çünki o dövrdə Naxçıvan ağır illər yaşayırdı. Həmin dövrdə Naxçıvan məsələsi həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif mənafelərin toqquşduğu, ziddiyyətlərin kəsişdiyi düyün nöqtələrindən birinə çevrilmiş, ermənilərin Naxçıvana hücumları bu qədim diyarı çıxılmaz vəziyyətə salmışdı. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən Naxçıvan diyarının əhalisi bu respublika ilə birləşməyə hazır olduğunu bildirsə də, mövcud siyasi və beynəlxalq vəziyyət Naxçıvan əhalisinin arzusunu həyata keçirməyə imkan vermirdi. Naxçıvan əhalisi bölgənin Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inamla mübarizə aparırdı. Azərbaycan Xalq Cümhuriyyətinin Baş nazirləri olmuş Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli Naxçıvanın Azərbaycan ərazisi kimi qorunub saxlanılması üçün siyasi, diplomatik, maddi və mənəvi vasitələrdən istifadə edir, qəhrəman naxçıvanlıların fəaliyyətini yüksək qiymətləndirirdilər.
Fətəli xan Xoyski parlamentin iclasında Naxçıvan bölgəsinin qəhrəman əhalisinin Vətənə qovuşmaq üçün öz həyatları və ailələri ilə risk edərək mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi. Nəsib bəy Yusifbəyli 1919-cu il dekabrın 22-də parlamentdəki çıxışında Naxçıvanın öz qüvvələri ilə istilaçıları devirərək Azərbaycanla birləşməyə hazır olduğunu bildirərək demişdir: “İgid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar...”
Beləliklə, aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti hərbi-siyasi vasitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünü qorumağa çalışmış, Naxçıvanın ermənilər tərəfindən işğal edilməsinə yol verməmiş, bu istiqamətdə diplomatik danışıqlar aparmış, eyni zamanda Naxçıvana hərbi və maddi köməkliklər göstərmişlər. Lakin bütün bunlarla yanaşı, özləri çətin ictimai-siyasi və hərbi vəziyyətlə qarşılaşdıqlarından bir sıra hallarda məqsədlərinə tam nail ola bilməmişlər. Bölgə əhalisinin igidliyi və qəhrəmanlığı sayəsində Naxçıvan ərazisi Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmışdır.
Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq vəzifəsi qoyan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirmişdir. Həyata keçirilən tədbirlər Azərbaycan xalqının dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərmişdir. Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi.
Uzun illər ərzində, sadəcə olaraq, formasını dəyişmiş rus imperializmi Azərbaycan xalqına öz tarixi keçmişini, qısamüddətli müstəqillik dövrünü unutdurmağa çalışsa da, bu, mümkün olmamış, xalqın qeyrətli, vətənpərvər, ziyalı övladları ürəklərində müstəqillik sevgisini, düşüncələrində müstəqillik amallarını yaşatmışlar. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçildiyi 1969-cu ilin 14 iyul tarixi isə respublikamızı həqiqi müstəqilliyə aparan yolun başlanğıcıdır. Ulu öndərin rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində həyata keçirilmiş kompleks tədbirlər ölkəmizin XX əsrin 90-cı illərində müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır.
XX yüzilliyin sonunda Azərbaycan yenidən öz istiqlaliyyətini bərpa etmək imkanı əldə etmişdir. Yola saldığımız əsr Azərbaycan xalqının tarixində əvvəlcə dövlət müstəqilliyinin əldə olunaraq qısa müddət ərzində (1918-1920-ci illər) mövcud olması, əsrin sonunda isə yenidən bərpası ilə əlamətdar olmuşdur. Mühüm coğrafi-strateji mövqeyi olan ölkəmizin iki əsrə yaxın müstəmləkəçilik həyatından sonra azadlıq, müstəqillik məşəli 1991-ci ildə yenidən alovlanmış, əsrin əvvəlində olduğu kimi, əsrin sonlarında da real məhvolma təhlükəsi ilə üz-üzə qalmışdı. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək erməni daşnakları tərəfindən hərbi təcavüzə məruz qalmış ölkəmizdə son dərəcə təhlükəli vəziyyət yaranmışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqillik tariximizin ilk illərini belə səciyyələndirmişdir: “Respublikanın qısa tarixi bir daha onu göstərir ki, hər hansı bir qələbəni, nailiyyəti əldə etməkdən daha çətin, daha məsuliyyətli vəzifə onu qoruyub saxlamaqdır”.
Tarix dəfələrlə sübut etmişdir ki, Azərbaycan xalqı müstəqil dövlətini yaratmaq istəyəndə həmişə erməni faktoru ilə üzləşmiş, Azərbaycanın müstəqil dövlət olmasını istəməyən qüvvələr daim “erməni məsələsi”ndən istifadə etmişlər. Əgər XX əsrin əvvəllərində xalqımız müstəqil dövlətini yaratmaq istəyərkən 1918-ci ilin mart soyqırımı ilə üzləşmişdisə, ötən əsrin 90-cı illərində 20 Yanvar faciəsi, Xocalı soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi işğal olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış gərgin vəziyyəti belə xarakterizə etmişdir: “Bütün tarix boyu xalqımızın müstəqillik arzusu ilə yanaşı, bu istəyə qarşı həyata keçirilmiş faciə və soyqırımı hadisələri də heyrətamiz şəkildə təkrar olunmuşdur. Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir”.
XX əsrdə iki dəfə müstəqilliyini əldə etmiş Azərbaycanın əsrin əvvəllərindəki tarixi ilə əsrin sonundakı tarixi də oxşardır: dünyadakı ictimai-siyasi proseslərin, siyasi oyun qaydalarının dəyişməsi ərəfəsində xalqın ayağa qalxması, müstəqilliyini qazanması, erməni təcavüzü ilə üzləşməsi, dövlətin siyasi burulğanlar məngənəsinə düşməsi, vətəndaş qarşıdurmasının yaradılması. Lakin fərqli məqamlar da var. Tarixin gedişatını tam təkrarlanmağa qoymayan şəxsiyyətin – ulu öndər Heydər Əliyevin sayəsində əsrin sonundakı müstəqillik əsrin əvvəlində olduğu kimi süquta uğramadı. Ümummilli lider Heydər Əliyev nəinki müstəqilliyi qorumuş, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikası arasında varislik əlaqəsini də təmin etmişdir.
Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmişdir. 1990-cı il iyulun 22-də görkəmli dövlət xadiminin Naxçıvana qayıdışı və buradan başlanan milli dirçəliş prosesi Azərbaycanın müstəqilliyinin əldə olunmasına şərait yaratmışdır. 1990-cı il noyabrın 17-də ulu öndərimizin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında ümummilli liderimizin təşəbbüsü ilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. Həmin qərarlara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul olunmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirmiş, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik arzularını daha da gücləndirdiyini bildirmişdir. Ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə, 1993-cü il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyinin keçirilməsi müstəqil ölkəmizdə ilk dəfə Naxçıvanda qeyd olunmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan düşdüyü bəlalardan xilas edilmiş, dövlət müstəqilliyimiz möhkəmləndirilmişdir. Xalqımızın böyük oğlunun 1998-ci il 30 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri olduğunu nəzərə alaraq Bakı şəhərində xalq cümhuriyyətinin şərəfinə abidə ucaldılması haqqında 2003-cü ilin fevral ayında sərəncam imzalamışdır.
Dahi şəxsiyyətin səyi nəticəsində 1993-cü ildən sonra Azərbaycanda sabitlik yaradılmış, qanunçuluq, demokratik prinsiplər bərqərar edilmiş, müstəqilliyimizin əbədiliyi və dönməzliyi təmin olunmuşdur. Azərbaycan beynəlxalq hüququn subyekti kimi sübut etmişdir ki, o, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ləyaqətli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir.
Azərbaycanda ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xətt bu gün uğurla davam və inkişaf etdirilir. Azərbaycan artıq dünyada iqtisadi artım tempinə görə lider dövlətə, regionda iqtisadi və siyasi güc mərkəzinə çevrilmişdir. Müstəqilliyimizin bizə verdiyi bəhrələrdən biri də ölkəmizin bütün dünyada tanınması, qəbul olunmasıdır. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin qurub-yaratdığı və böyük öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin işıqlı sabahlara doğru apardığı azad, müstəqil Azərbaycan dövləti bu gün öz tarixi köklərinə sıx bağlı şəkildə inkişaf edir. Bu il 95 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil və qüdrətli Azərbaycan Respublikası harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları müqəddəs amallar uğrunda bir araya gətirərək birləşdirir. Bu birliyin böyük qoruyucu qüvvəsi müstəqil Azərbaycandır. Müstəqil Azərbaycan naminə mübarizə aparanlar isə müstəqilliyin hansı qurbanlar bahasına əldə olunmasının fərqindədirlər. Odur ki, doğma Azərbaycanımızın müstəqilliyi bu gün olduğu kimi, gələcəkdə də qorunacaq və daim əbədi olacaqdır.
“Şərq qapısı”