Mayın 26-da Azərbaycan Respublikasının İranın Təbriz şəhərindəki Baş Konsulluğu tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi və 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.
Əvvəlcə Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilmişdir.
Rəsmi qəbulda çıxış edən Azərbaycanın Təbrizdəki Baş konsulu Əli Əlizadə xalqımızın öz azadlığı uğrunda apardığı şərəfli mübarizə yolundan, ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən danışmışdır. Qeyd olunmuşdur ki, 1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Şərqdə ilk demokratik parlamentli respublika kimi tarixə düşmüşdür. 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, xalq cümhuriyyəti hökuməti dövlətçiliyimiz üçün mühüm əhəmiyyətli və taleyüklü qərarlar qəbul etmişdir. Ötən əsrin sonlarında yenidən öz müstəqilliyini qazanan Azərbaycan məhv olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Lakin ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanan qurtuluş yolu dövlət müstəqilliyimizi möhkəmləndirmiş, Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoymuşdur. Bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır. Aparılan məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin dünya dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələri güclənmiş, ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində müsbət nəticələr qazanılmışdır.
Baş konsul əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-İran əlaqələrindən bəhs etmiş, iki qonşu ölkə arasında bütün sahələrdə əməkdaşlığın gündən-günə inkişaf etdiyini bildirmişdir.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri Seyid Əhməd Neməti İran-Azərbaycan əlaqələrindən danışmış, qısa zaman ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulamışdır.
Çıxışlardan sonra Azərbaycanın sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş olunmuş, tədbir iştirakçılarına Azərbaycan həqiqətləri ilə bağlı əyani vəsaitlər paylanmış, Azərbaycan xalq mahnıları səslənmiş, ziyafət verilmişdir.
Rəsmi qəbulda Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu, Təbriz Şəhər İcra Hakimiyyəti başçısının müavini və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
“Şərq qapısı”