Con Toşak (“Xəzər Lənkəran” futbol komandasının baş məşqçisi)
“Naxçıvanda yerləşdiyimiz otel, oranın personalı bizə qarşı çox qonaqpərvər davrandılar. Təhlükəsizliyimiz üçün lazım olan bütün diqqət alqışalayiq idi və elə polislər də nümunəvi davranışları ilə yadda qaldılar”. Bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.
Uelsli mütəxəssis klubun rəsmi saytına açıqlamasında bir daha Azərbaycan Superkubokunun “Neftçi” ilə qarşılaşmasından (2:1) danışıb: “Çox təmiz havası olan Naxçıvanda hər tərəflə əhatə olunmuş dağlar da şəhər mərkəzinə əlavə gözəllik verirdi. Xüsusən bir rəngdə olan taksilər və sürücülərin uniformada olması diqqətimi çəkdi. Maraqlanıb biləndə ki, taksilər yerli istehsaldı, yadıma “FİAT”ın İtaliyada yayılması düşdü. Bundan əlavə, küçələrdə şütüyən avtomobillər çox təmiz idi. Məncə, Avropada Naxçıvan haqqında geniş məlumatlar yoxdur. Hamı Bakı, Bakı deyir, amma belə bir gözəl məkan da varmış. Ən çox da bizi matç ərzində dəstəkləyən naxçıvanlı azarkeşlərə minnətdaram. Görünür, “Xəzər Lənkəran”ın hər yerdə sadiq azarkeşləri var. Bir sözlə, Naxçıvan məndə inanılmaz xoş təəssürat oyatdı”.