22 Dekabr 2024, Bazar

Xəbər verdiyimiz kimi, Naxçıvan şəhərindəki Biznes Mərkəzində Beynəlxalq Miqrasiya Təşkilatının təşəbbüsü ilə keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya xidmətlərinin əməkdaşları ilə yanaşı, 8 dövlətin aidiyyəti qurumlarının nümayəndələri də iştirak ediblər. Beynəlxalq konfransda iştirak edən qonaqlar Naxçıvanın müxtəlif tarixi məkanları, gəzməli-görməli yerləri ilə də tanış olublar. Belə gəzintilərdən biri zamanı müxtəlif ölkələrdən gəlmiş xarici qonaqlardan bəziləri ilə görüşüb onların Naxçıvanla bağlı təəssüratlarını öyrəndik.
Serhan AKTOPRAK (Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbər əvəzi – Türkiyə):
– İlk dəfə Naxçıvana 2009-cu ildə gəlmişəm. O dövrdən indiyə qədər Naxçıvanda möhtəşəm dəyişikliklər görürəm. Naxçıvan Azərbaycanın ən sürətlə inkişaf edən regionudur. Sonuncu dəfə bura, təqribən, 13 gün əvvəl gəlmişdim. İnanın ki, 13 gündən sonra belə, burada dəyişikliklər var. Naxçıvanın təmizliyi, səliqəliliyi payız fəslində belə, diqqət çəkir. Amma bəzi dəyişməyən məsələlər də var. Məsələn, Naxçıvan bütün tarix boyunca olduğu kimi, bu gün də bütün türk dünyasının göz bəbəyidir. Naxçıvanın geostrateji mövqeyi həmişə olduğu kimi, bu gün də əhəmiyyətini saxlamaqdadır. Naxçıvan İslam mədəniyyətinin mərkəzlərindən biri olmaqla yanaşı, həm də müxtəlif mədəniyyətlərə hörmətlə, sayğı ilə yanaşmağı bacaran insanları ilə seçilir.

Beynəlxalq Miqrasiya Təşkilatı olaraq ən çox diqqət yetirdiyimiz məsələlərdən biri multikulturalizm konsepsiyasıdır ki, bu konsepsiya çərçivəsində baxdığımız zaman Naxçıvan və ümumilikdə, Azərbaycan bir nümunədir. Dünyada gedən bu prosesləri nəzərə alsaq, əminliklə deyə bilərəm ki, dünyanın müxtəlif ölkələrinin idarəçiləri Naxçıvandakı bu tolerant yanaşmanı nümunə götürməli, bunu öyrənməlidirlər. Əgər biz “hər şey insan üçün” ideyasını əsas götürürüksə, Naxçıvanda bu ideya artıq reallığa çevrilib.
Mark HULST (BMT-nin Gürcüstandakı Nümayəndəliyinin Pro­qram rəhbəri – Hollandiya):
– Mən Hollandiyadanam, Tiflisdə yaşayıram və işləyirəm. İlk dəfədir ki, Naxçıvana gəlirəm. Bura mənim üçün yeni bir yerdir. Təbii ki, məni xüsusi cəlb edən məsələ buranın inkişafıdır. Hansı ki bu inkişaf ilk baxışdan sezilir: yeni binalar, rahat yollar, təmiz və səliqəli şəhər – ümumilikdə, inkişaf etmiş infrastruktura malik Naxçıvan, bir də mehriban və səmimi insanlar. Tarixi abidələrinizlə tanış olduqdan sonra isə başa düşdüm ki, bu tərəqqi və inkişaf tarixi ənənələrə dayanır. Naxçıvan mənim yaddaşımda belə qalacaq.
Oleq ZALYUBİVSKİ (Ukrayna Dövlət Sərhəd Xidmətinin Risk Qiymətləndirilməsi İdarəsi rəhbərinin müavini, polkovnik):
– Mən bu gün Naxçıvana Ukrayna Dövlət Sərhəd Xidmətinin polkovniki kimi gəlmişəm. 25 il əvvəl isə mən burada sərhədi qoruyan bir zabit idim. Naxçıvana gələndə, sadəcə, Araz çayı və Haça dağı görəndə əmin oldum ki, bura Naxçıvandır. Qalan hər şey dəyişib. Naxçıvan tamamilə dəyişib, inkişaf edib. Burda tarixlə müasirliyin vəhdəti yaradılıb. Muxtar respublikada yenidən olmaq mənim üçün çox xoşdur. 1988-1991-ci illərdə burada xidmət edərkən mən Naxçıvanda vəziyyətin necə gərgin olduğunun şəxsən şahidi olmuşam. Onda Naxçıvan blokada vəziyyətində idi, sərhəd hərəkatı başlamışdı. Biz başa düşürdük ki, insanlar azadlıqlarını əldə etmək istəyirlər, lakin bizim vəzifəmiz dövlət sərhədlərini qorumaq idi. Maraqlı orasında idi ki, biz hərbçi olsaq da, insanlar bizə qarşı aqressiv deyildilər, əksinə, onlar bizə kömək edirdilər. Mənim həyat yoldaşım burada bağçada işləyirdi, övladlarım burda böyüyürdü və insanlar bizə hörmətlə yanaşırdılar. Bunları heç vaxt unutmuram. İndi Naxçıvan inkişafın zirvəsindədir, amma buranın insanları xarakterlərindəki humanizmi və qonaqpərvərliyi qoruyub saxlayıblar.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR