Səsvermə prosesinin mərhələləri Saat 8:00-19:00
1. Siz seçki məntəqəsinə daxil olarkən məntəqə seçki komissiyasının üzvü şəxsiyyətinizi təsdiq edən sənədinizin olmasına əmin olduqdan sonra ultrabənövşəyi lampa vasitəsilə sol əlinizin baş barmağının dırnaq və dəri hissəsinin gözəgörünməyən mürəkkəblə işarələnib-işarələnmədiyini yoxlayır.
2. Məntəqə seçki komissiyası üzvlərinin əyləşdiyi masaya yaxınlaşıb şəxsiyyət vəsiqənizi və ya onu əvəz edən sənədi komissiya üzvünə təqdim edin.
3. Təqdim etdiyiniz şəxsiyyət vəsiqənizin və ya onu əvəz edən sənədin seriya nömrəsi seçicilər siyahısındakı müvafiq qrafada yazıldıqdan sonra yazının düzgünlüyünü yoxlayın.
4. Sizin razılığınızla məntəqə seçki komissiyasının üzvü sol əlinizin baş barmağının dırnaq və dəri hissəsini gözəgörünməyən mürəkkəblə işarələyir. Mürəkkəb quruyanadək barmağınıza toxunmamalısınız (əgər barmağınızın mürəkkəblə işarələnməsinə etiraz etsəniz, səsvermə hüququndan istifadə edə bilməyəcəksiniz).
5. Sizə seçki bülleteni veriləcək. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi nümunəyə müvafiq olaraq, rəsmən hazırlanmış seçki bülleteninin üz tərəfinin yuxarı sağ küncü müvafiq məntəqə seçki komissiyasının möhürü ilə təsdiqlənmiş, nömrəli yuxarı sol küncü isə kəsilmiş olmalıdır.
6. Sonra seçicilər siyahısında “Seçicinin seçki bülleteninin alması haqqında imza” qrafasında adınızın qarşısında imza edin.
7. Səs vermək üçün səsvermə kabinəsinə daxil olun. Səsvermə kabinəsində sizdən başqa heç kəs olmamalıdır. Siz gizli səs verirsiniz. Seçki bülletenində namizədlərin adlarının qarşısındakı kvadratlardan yalnız birinə işarə qoymalısınız. Birdən çox boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır.
8. İşarələnmiş seçki bülletenini qaytarıb səsvermə otağında qoyulmuş daşınmaz seçki qutusuna salın və seçki məntəqəsini tərk edin.
Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyası