22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Dövlət Universitetində 18 Ok­tyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konfrans keçirilmişdir.
Ali təhsil ocağının rektoru, professor Saleh Məhərrəmov konfransı giriş sözü ilə açaraq Azərbaycan xalqının milli müstəqillik uğrunda çoxəsrlik mübarizəsindən bəhs etmişdir. Bildirilmişdir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında mühüm tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa olunmuşdur. 1993-cü ildə ölkədə siyasi çəkişmələrin, vətəndaş qarşıdurmasının, iğtişaşların gücləndiyi bir dövrdə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev siyasi sabitlik və həmrəyliyi bərqərar etməklə Azərbaycanı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etmişdir. Rektor demişdir ki, Azərbaycan xalqı cənab İlham Əliyevi yenidən Prezident seçməklə bir daha Heydər Əliyev ideyalarına sədaqət və milli birlik nümayiş etdirmiş, müstəqil Azərbaycanın firavan gələcəyinə səs vermişdir.

Sonra universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədovun “Ulu öndər Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi”, İqtisad fakültəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadənin “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində”, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseyn­ovun “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” mövzularında məruzələri dinlənilmişdir. Məruzələrdə dahi rəhbər Heydər Əliyevin XX əsrin sonlarında ölkədə siyasi sabitliyin yaradılması, iqtisadi, eləcə də siyasi dirçəlişin təmin edilməsi, beynəlxalq əlaqələrin inkişafı istiqamətində həyata keçirdiyi taleyüklü tədbirlərdən bəhs olunmuş, Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyi, iqtisadi artım tempinə görə nəinki regionda, eləcə də dünyada lider mövqeyə çatdığı vurğulanmışdır. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən – 1990-1993-cü illərdə Azərbaycan xalqının ictimai-siyasi həyatında, tarixi müqəddəratında mühüm əhəmiyyət kəsb edən siyasi qərarlar qəbul etməklə bugünkü Azərbaycanın təməlini qoymuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR