Dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. Mərasimi giriş sözü ilə şöbənin rəisi vəzifəsini icra edən kapitan Vüqar Rəhimli açıb.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Mərasimdə Ordubad Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Fərrux Nağızadə, Ordubad Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Emin Mehbalıyev, Gənclər və İdman İdarəsinin rəis əvəzi Ramil Həsənquliyev və başqaları çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları, onların valideynlərini təbrik ediblər.
Valideyn Elçin Məmmədli ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiyini deyib.
Çağırışçılar adından çıxış edən Bəxtiyar İsmayıllı Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını can-başla yerinə yetirəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin rəisi vəzifəsini icra edən kapitan Vüqar Rəhimli çıxışında deyib ki, “Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli Sərəncamına əsasən, 1995-ci ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1978-1994-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması mərasimləri yüksək səviyyədə təşkil olunur. Bu gün Milli Ordumuzda yaradılmış möhkəm nizam-intizam hər bir çağırışyaşlı gənci Vətən qarşısında öz borcunu ləyaqətlə yerinə yetirməyə sövq edir.
Bildirilib ki, ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin qüdrətlənməsinə səbəb olub. Bu gün Azərbaycanın güclü və qüdrətli ordusu vardır. Ordumuz istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Son illərdə orduya ayrılan xərclər, ordu quruculuğu sahəsində görülən işlər, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, ordunun müasir əsaslarla komplektləşdirilməsi bunu deməyə əsas verir.
* * *
Həmin gün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsində də gənclərin ordu sıralarına yolasalma mərasimi keçirilib.
Xəbərlər şöbəsi