Seçkilər hər bir ölkənin siyasi həyatında mühüm hadisə hesab olunur. Seçkilərin demokratik, azad və ədalətli keçirilməsi hakimiyyətin seçkili orqanlarının xalq tərəfindən formalaşdırılmasının əyani ifadəsidir. Ölkəmiz mühüm siyasi kampaniya olan prezident seçkiləri ərəfəsindədir. Azərbaycanın aylardır hazırlaşdığı prezident seçkilərinin keçirilməsinə bir gün vaxt qalmışdır. Sabah seçicilər seçki məntəqələrinə gedib ölkəmizin gələcəyini etibar edəcəkləri namizədə səs verəcəklər. Seçki kampaniyası kifayət qədər demokratikliyi, seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə səciyyələnir. Naxçıvan Muxtar Respublikasında da prezident seçkilərinə ciddi hazırlıq işləri görülmüşdür. İndiyədək qanunvericiliyə uyğun olaraq, seçki prosesinin hər bir mərhələsi uğurla başa çatdırılmışdır. Prezident seçkilərinə hazırlıqla bağlı son vəziyyəti öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımova müraciət etdik:
– Məhərrəm müəllim, artıq seçkilərə çox az bir müddət qalıb. Seçki komissiyalarının seçki gününə hazırlığı hansı səviyyədədir?
– Seçki komissiyalarının seçkilərə hazırlığı ilə əlaqədar ən mühüm məsələlərdən biri maarifləndirmə prosesidir. Bu istiqamətdə seçki kampaniyası başladığı tarixdən bu günədək təqvim planına uyğun olaraq, kurslar, treninqlər, seminarlar təşkil olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında seçki hüququ üzrə 29 iyuldan 5 avqustadək dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar keçirilmişdir. Həmin kursların davamı olaraq, muxtar respublikamızda dairə seçki komissiyalarının və məntəqə seçki komissiyalarının üzvləri üçün kurslar təşkil edilmişdir.
Sentyabrın 19-da dairə seçki komissiyalarının məsləhətçilərinin iştirakı ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında “Seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri” və “Səslərin sayılması və yekun protokolun doldurulması” mövzularında seminarlar təşkil edilmişdir ki, bu seminarların davamı olaraq, 24 sentyabr 2013-cü il tarixdə muxtar respublika üzrə dairə seçki komissiyaları üzvlərinin, məntəqə seçki komissiyalarının sədr və katiblərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında seminar keçirilmişdir. Həmin mövzularda muxtar respublikada fəaliyyət göstərən bütün dairələr üzrə 24-27 sentyabr 2013-cü il tarixlərdə seminarlar təşkil olunmuşdur.
1 oktyabr 2013-cü il tarixdə veb-kameralar quraşdırılan 35 seçki məntəqəsinin məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə “Səsvermə prosesinin təşkili”, “Protokolların doldurulma qaydası” və “Veb-kameraların texniki xüsusiyyətləri” mövzularında, oktyabrın 3-də isə qapalı seçki məntəqələrinin məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə “Səsvermə prosesinin təşkili”, “Protokolların doldurulma qaydası” mövzularında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında seminarlar keçirilmişdir.
Bütün seçki komissiyaları inventar, avadanlıq və seçki materialları ilə tam şəkildə təmin olunmuşlar. Belə ki, bütün seçki məntəqələrinə seçici siyahılarının vurulması üçün lövhələr, təşviqat lövhələri, bildiriş, seçki günü üçün yaddaş kitabçası, müşahidəçinin yaddaş kitabçası, bülleten və digər seçki sənədlərinin daşınması üçün kisələr, seçki qutularını möhürləmək üçün kilidlər, seçki komissiyalarına Seçki Məcəlləsi, protokol nümunələri, təqvim planı, lövhəcik qabları, çantalar, 15 adda təlimat, müşahidəçi vəsiqələri, qeydiyyatdançıxma vəsiqələri və digər seçki sənədləri verilmişdir.
Seçki dairələrinə optik kabel çəkilmiş, kompüterlər internetə qoşulmuşdur. Kompüterlər dövlət avtomatlaşdırılmış informasiya sisteminə qoşulmuşdur ki, bu sistem vasitəsilə seçkilərin sonunda dairə seçki komissiyalarının yekun protokollarının məlumatlarının Mərkəzi Seçki Komissiyasına ötürülməsində heç bir problem yaranmayacaqdır. İstər ümumi məntəqələr, istərsə seçkilərə 5 gün qalmış yaradılan qapalı məntəqələr yeni tikilmiş və ya əsaslı təmir olunmuş müasir binalarda yerləşdirilmişdir. Bu isə həm seçki komissiyalarının işlərini düzgün şəkildə qurmalarına, həm də seçicilərin səsvermə zamanı rahat hərəkət etmələrinə müsbət təsir göstərir.
Muxtar respublikada ümumi və qapalı məntəqələr üzrə 270 min 152 seçici qeydə alınmışdır. Seçki bülletenləri artıq dairə seçki komissiyalarının sədr və katibləri tərəfindən 1 nəfər polis zabitinin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasından təhvil alınaraq seçki dairələrinə aparılmışdır. Dairə seçki komissiyaları müvafiq akt əsasında bülletenləri məntəqə seçki komissiyalarına təhvil vermişlər. Muxtar respublikada fəaliyyət göstərən seçki dairələri və məntəqələr prezident seçkilərinə tam hazırdır.
– Seçicilər hansı sənədlə səs verə bilərlər?
– Bütün seçicilər bilməlidirlər ki, seçkilərdə səs verə bilmək üçün məntəqə seçki komissiyasının üzvünə mütləq şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi, əgər vətəndaş qaçqın və ya məcburi köçkündürsə və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və yaxud müvəqqəti şəxsiyyət vəsiqəsi yoxdursa, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş formalı vəsiqə, Azərbaycan Respublikasının ərazisində azı 5 il daimi yaşayan vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi, zabitlər üçün zabitin şəxsi vəsiqəsi, əsgərlər üçün hərbi bilet, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən və azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş vəsiqə şəxsiyyəti təsdiq edən sənəddir. Bununla birlikdə seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə zamanı ümumvətəndaş pasportundan, xidməti pasportdan və diplomatik pasportdan istifadə edirlər. Seçki prosesində bu sadaladıqlarımdan başqa, digər sənədlərdən istifadə olunması yolverilməzdir.
Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, vətəndaşlar seçkilərdə şəxsən səs verirlər. Bu, birbaşa seçki hüququdur. Başqa şəxslərin yerinə səs vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar.
– Digər seçkilər kimi, bu seçki də müşahidəçilər tərəfindən müşahidə olunacaqdır. Bu haqda nə deyə bilərsiniz?
– Seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır. Bu, seçki prosesinin ən mühüm prinsiplərindən biridir. Bu prinsip Seçki Məcəlləsində geniş şəkildə öz əksini tapmışdır. Müşahidəçilərin səlahiyyət müddəti onların müvafiq seçki komissiyasında qeydə alındığı gündən başlayır və seçkilərin yekunlarının rəsmi dərc edildiyi gün bitir. Qeyd etməliyəm ki, müşahidənin də öz prinsipləri vardır. Belə ki, müşahidə açıq aparılmalıdır, müşahidənin yekunları faktlara əsaslanmalıdır, müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır. Eyni zamanda hər hansı bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə seçki prosesinə təsir göstərmək olmaz.
9 oktyabr prezident seçkiləri də yerli və beynəlxalq müşahidəçilər tərəfindən müşahidə olunacaqdır. Beynəlxalq müşahidəçilər olaraq ATƏT-in, Müstəqil Dövlətlər Birliyinin müşahidəçiləri artıq muxtar respublikamıza gəlməkdədirlər. Yerli müşahidəçilər olaraq isə Demokratiya və Qeyri-Hökumət Təşkilatlarının İnkişaf Resurs Mərkəzinin, Təmiz Dünya İctimai Birliyinin, Yeni Azərbaycan Partiyasının nümayəndələri və öz təşəbbüsü ilə müraciət edən vətəndaşlar müvafiq seçki komissiyaları tərəfindən müşahidəçi olaraq qeydə alınmışlar və fəaliyyətə başlamışlar. Bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm ki, yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər, eyni vəzifələri daşıyırlar. Səsvermə günü seçki məntəqəsinə gələn bütün müşahidəçilər onlara verilmiş vəsiqəni məntəqə seçki komissiyasının üzvünə göstərdikdən sonra məntəqəyə daxil ola bilərlər.
– Qeydə alınmış namizədlərin seçkiqabağı təşviqatı necə təşkil olunmuşdur?
– Muxtar respublikamızda dairə seçki komissiyalarının müraciəti ilə şəhər və rayon İcra hakimiyyətləri qeydə alınmış namizədlərin seçicilərlə görüşlərini təşkil etmələri üçün açıq və qapalı yerlər müəyyənləşdirmiş, bu yerlər kütləvi informasiya vasitələri ilə elan olunmuşdur. Seçki dairələrinin ərazilərində təşviqat lövhələri qoyulmuşdur ki, bu lövhələrdə qeydə alınmış namizədlərin nümayəndələri tərəfindən onların portretləri və təşviqat materialları yerləşdirilmişdir. Seçkilərə 24 saat qalmış, yəni oktyabrın 8-i saat 800-də seçkiqabağı təşviqatın müddəti bitir. Yəni qeyd etdiyim tarixdən sonra Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlərin və yaxud onların səlahiyyətli nümayəndələrinin, vəkillərinin təşviqat xarakterli çıxışları, təşviqat materiallarını yaymaları qadağandır.
Müsahibə üçün sağ olun!
Səyyar MƏMMƏDOV