22 Dekabr 2024, Bazar

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən dahi rəhbər idi. 1969-cu ildə dahi şəxsiyyət Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açmışdır. Qısa zaman kəsiyində Azərbaycan iqtisadi potensiala malik olan respublikaya çevrilmişdir.  Müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi məhz  ulu öndər Heydər Əliyevin sayəsində ötən əsrin 70-80-ci illərində qoyulmuş və ölkəmizin gələcəyi üçün möhkəm təməl yaradılmışdır.

Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn ümummilli lider  Heydər Əliyev Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, Azərbaycanı zamanın ağır  məngənəsindən  xilas etmişdir.  Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz ulu öndər  Heydər Əliyevin  titanik fəaliyyəti sayəsində mümkün olmuşdur.

Əgər 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli Azərbaycan dövlətindən danışa bilməzdik. Bu qayıdış Azərbaycanın müstəqilliyini reallığa çevirmişdir.  Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü müstəqil  dövlət qurucu­luğu prosesinin hərtərəfli şəkildə və böyük uğurla həyata  keçirilməsi ilə səciyyələnir. “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daima qoruyub saxlayacağıq”, – deyən ümummilli liderimiz bu tarixi nailiyyətin, milli istiqlalımızın qorunub saxlanması və möhkəmləndirilməsi üçün misilsiz işlər görmüş, Vətəni və xalqı bəlalardan xilas etmişdir. 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytarmış, müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi kimi öz sağlığında xalqın qəlbində heykəlləşmiş, əbədiləşmişdir.
Azərbaycan xalqı ulu öndər  Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.
Ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin yolunun davam etdirilməsi sayəsində mümkün olmuşdur. Bu yüksəliş görkəmli dövlət xadimi Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.
Müstəqil Azərbaycanın yeni tarixinə əlamətdar hadisə kimi daxil olmuş 2013-cü ilin 9 oktyabr prezident seçkiləri nəticə etibarilə cəmiyyətin mənafelərini özündə ehtiva edən, ölkə­ni dinamik inkişaf yoluna çıxaran Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha sübuta yetirmişdir. Tamamilə azad, demokratik və şəffaf şəraitdə keçirilən, seçicilərin yüksək mütəşəkkilliyi ilə müşayiət olunmuş bu seçkilər ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açmışdır. Azərbaycanda mütləq əksəriyyətin etimadını qazanan, sürətli sosial-iqtisadi inkişafı təmin edən, ictimai-siyasi sabitliyi qoruyub saxlayan, qlobal enerji layihələrinin təminatçısına çevrilən, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirən mövcud siyasi kursun prezident seçkilərindəki birmənalı möhtəşəm qələbəsi obyektiv reallıqla şərtlənmişdir.
2013-cü ilin 9 oktyabr seçkilərində də ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursunun zəfərinə, təntənəsinə səs vermişlər. Cəmiyyətdəki mütləq çoxluğun siyasi iradəsinə əsaslanan bu seçim Azərbaycanda davamlı inkişaf və tərəqqiyə, mənəvi-intellektual yüksəlişə zəmin yaratmış siyasi kursun alternativsizliyinin əyani təzahürünə çevrilmişdir. Cənab İlham Əliyevin şəxsində Azərbaycan xalqı bir daha Heydər Əliyev siyasi kursunun təntənəsinə, sülhə, sabitliyə, tərəqqiyə səs vermiş, ulu öndərin əsasını qoyduğu milli dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirmişdir.
“Biz xalqın xidmətçisiyik”, – deyən Azərbaycan Prezidenti ötən 10 ildə cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla hər bir fərdin marağına cavab verən çevik və qətiyyətli qərarlar qəbul etmişdir. Vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, Avratlantik məkana inteqrasiya kursunu davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, Ümumi Daxili Məhsulun artım dinamikasına görə dünyanın lider dövlətləri sırasında yer tutan müstəqil Azərbaycan bu gün, bütövlükdə, Avropa məkanının enerji təhlükəsizliyində aparıcı mövqeyə malikdir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, ulu öndərimizin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarından bəhrələnərək dövlətimizi, xalqımızı inamla gələcəyə doğru aparır. Dövlət başçımızın həyata keçirdiyi elmi cəhətdən əsaslandırılmış məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanmışdır. Dinamik inkişaf ictimai-sosial həyatın bütün sahələrini əhatə edir, sosial problemlər sürətlə həll edilir, insanların sosial rifahı daha da yüksəlir.  
Biz bu gün qürurla deyə bilərik ki, Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin ölməz ideyalarını həyatda real təcəssüm etdirən müstəqil Azərbaycan  Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır. Azərbaycan artıq dünyada sayılıb-seçilən ölkələrdən biridir, respublikamızda beynəlxalq toplantılar, konfranslar, Avropa səviyyəli musiqi, dünya səviyyəli idman tədbirləri keçirilir. Ölkəmizə səfər edən dövlət və hökumət başçılarının, ictimai-siyasi xadimlərin bəyanatları və çıxışları da göstərir ki, Azərbaycan regionda ən qüdrətli və lider dövlət olmaqla  yanaşı, iqtisadi və siyasi göstəricilərinə, ictimai-siyasi sabitliyinə görə də inkişaf etmiş dünya dövlətləri ilə bir sırada durur.
Fəxrlə qeyd etdiyimiz inkişafda  Naxçıvanın da xüsusi payı vardır. Blokada şəraitində olsa da, Naxçıvan sürətlə inkişaf edir. Muxtar respublikanın hər bir şəhəri, qəsəbəsi, kəndi yenidən qurulur, böyük və hərtərəfli tərəqqi işığında nura boyanır. Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev quruculuq xəttinin uğurla davam etdirilməsi nəticəsində muxtar respublikamız inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur.   
1993-cü ilin oktyabrında Azərbaycan xalqı etdiyi tarixi seçimlə dövlət müstəqilliyini qoruyub saxlayan və daha da möhkəmləndirən ümummilli liderimiz  Heydər Əliyevə səs vermişdi. Xalq 2003-cü və 2008-ci illərdə  Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs ve rərək öz firavanlığını təmin etmişdir. 9 oktyabr 2013-cü ildə xalqımızın cənab İlham Əliyevə yenə səs verib etimad göstərməsi Azərbaycanda Heydər Əliyev siyasi kursunun əbədi olduğunu sübuta yetirdi.
Dünya siyasətində öz sözünü deməyi bacaran Prezidentinin olması xalqımızın böyük nailiyyəti və xoşbəxtliyidir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti özünün bütün problemlərini həll etməklə daha böyük inkişaf yolu keçəcək, ulu öndər Heydər Əliyevin bütün arzularını gerçəyə çevirəcək. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: Biz gələcəyə çox böyük ümidlərlə, böyük nikbinliklə baxırıq. On ilin təcrübəsi bu inamı daha da artırır. Çünki son 10 il ərzində biz istənilən sahədə çox böyük uğurlara imza atdıq. Bu gün Azərbaycan güclü, inkişafda olan, müstəqil siyasət aparan dövlət kimi gələcəyə də çox böyük nikbinliklə baxır. Belə gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar vardır. Növbəti illərlə bağlı bizim siyasətimiz açıqdır, aydındır. Mən dəfələrlə müxtəlif tədbirlərdə Azərbaycanın gələcəyi ilə bağlı öz fikirlərimi xalqla bölüşmüşəm. Görülən işlər haqqında xalqa daim hesabat verirəm. Bu gün də bildirmək istəyirəm ki, Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcəkdir. Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcəkdir və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcəkdir”.

Ülkər MÖHSÜNOVA
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR