22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında imzalanmış Fəaliyyət Planında 10 prioritet sahə müəyyən edilib. Bunlardan biri və ən əsası beynəlxalq tələblərə cavab verən ədalətli, şəffaf seçki prosesi vasitəsilə ölkədə demokratiyanın gücləndirilməsidir. Təbii ki, ölkəmizin dünyaya inteqrasiyasında öncül məsələlərdən biri də şəffaf, ədalətli seçkilərin keçirilməsidir. Son 20 ildə Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb. 2003-cü ildə keçirilən prezident seçkilərində ilk dəfə olaraq şəffaf seçki qutularından istifadə edilib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, səs verənlərin barmağına mürəkkəb vurulması praktikasından istifadə olunub.

“Exit-poll” vətəndaşların seçki günü verdikləri səslərin təkrar sayılması, səslərin sayının yoxlanılması deməkdir.
İstənilən ölkədə seçkilərin şəffaf, ədalətli reallaşdırılması üçün “Exit-poll”un keçirilməsinin böyük əhəmiyyəti var. Ölkəmizdə bu tədqiqatın aparılması son 10 ilə təsadüf edir. Respublikamızda “Exit-poll” Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən 2004-cü ilin dekabrında bələdiyyə seçkiləri zamanı həyata keçirilib. Bu iş sonradan 2005-ci il par­lament, 2008-ci il prezident seçkilərində və 2009-cu il martın  18-də keçirilmiş referendumda daha da təkmilləşdirilib. “Exit-poll”un təşkilində respublikamız bir çox ölkələrlə əməkdaşlıq edir.

“Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 may tarixli Sərəncamı ölkədə müasir, ən qabaqcıl seçki texnologiyalarının tətbiqinə imkan verib. Bu seçki texnologiyalarından biri də ixtisaslaşmış ictimai rəyçilər tərəfindən “Exit-poll” prosesinin aparılmasıdır. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq (25.2.23-cü maddə), “Exit-poll” keçirən təşkilatlar seçkilərdə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçməlidirlər. MSK-nın 19 sentyabr 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, bu sahədə ixtisaslaşmış, müvafiq təcrübəyə malik olan və nüfuzlu hüquqi şəxslər “Exit-poll” keçirən təşkilat kimi çıxış edə bilərlər. Təşkilatların adından “Exit-poll”un keçirilməsinə cəlb edilən şəxslər, bir qayda olaraq, seçki hüququ və seçki sistemi üzrə mütəxəssis, yaxud bu sahədə müəyyən təcrübəsi olan şəxslər olmalıdırlar. Budəfəki prezident seçkiləri də göstərdi ki, “Exit-poll” seçkidə kimin qalib gəldiyini operativ və obyektiv şəkildə müəyyənləşdirməyə və bununla da, seçki kampaniyasına nəzarət etməyə imkan verir.
9 oktyabr prezident seçkilərində Naxçıvan Muxtar Respublikasındakı bir sıra seçki məntəqələrində “Pro­qnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi “Exit-poll” keçirib. Adıçəkilən qurumun sorğu keçirən əməkdaşları təsadüfi üsulla seçilmiş seçicilərə məntəqələri tərk etdikləri zaman kimə səs verdikləri haqqında sual verir, seçicilərdən qısa anketi cavablandırmalarını xahiş edirdilər. Sorğunun anonimliyini və sorğuda iştirak edən seçicinin cavablarını heç kimin görmə­məsini təmin etmək məqsədilə sorğuya qatılan seçicilərə “Exit-poll”un sorğu vərəqini şəxsən təklikdə doldurmaları bildirilirdi. Seçicilər qısa anketi cavablandırmaqla bu prosesi həyata keçirirdilər. “Exit-poll”da iştirak, birmənalı olaraq, könüllü və anonim aparılırdı. Sorğuya cavab verən seçicilər “Exit-poll” sorğu vərəqini təklikdə doldurur, cavablarının gizli qalmasına əmin olmaq üçün doldurulmuş vərəqləri “Exit-poll”un rəsmilərinə verirdilər. Bu üsuldan istifadə edən seçicilərdən birinə yaxınlaşdıq. Naxçıvan şəhər sakini Rafiq Heydərov bu cür üsulun tətbiqinin vacib olduğunu bildirdi: “Bu cür şəffaf sorğu həm də seçki qalibinin erkən müəyyənləşdirilməsini təmin edir. Çox şadıq ki, seçkilərdə belə ədalətli sorğular təşkil olunur. Biz yaxşı bilirik ki, Azərbaycanda keçirilən seçkilərdə heç vaxt saxtakarlıq ola bilməz. Çünki cəmiyyətimiz kimə səs verəcəyini artıq yaxşı bilir və layiqli namizədə səs vermək bizim vətəndaşlıq borcumuzdur”.
Əslində, seçki günü Naxçıvanda “Exit-poll” keçirənlər potensial seçici ilə yox, real seçici ilə işləyirdi. Yəni səsverməyə gələn vətəndaşların sayının çox olması bu qurumun işçilərinin də inamla çalışmasına zəmin yaradıb.
Ölkənin bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da seçki məntəqələrində sosioloji xidmət həyata keçirən “Proqnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzinin əməkdaşları gərgin işin öhdəsindən layiqincə gəliblər. Qurumun nümayəndəsi Vüsalə Vəliyeva təyin olunduqları məntəqələrdə seçicilərin fəal iştirak etdiyini bildirdi: “4 saylı Naxçıvan Şəhər Seçki Dairəsindəki məntəqələrdən 8-də nümayəndələrimiz var və onların seçkinin təşkili ilə bağlı təəssüratları müsbətdir. Bizim olduğumuz seçki məntəqələrində (4-21, 4-2) insanlar artıq səhər saatlarından səs vermək üçün məntəqələrə gəliblər. Seçici fəallığı yüksək səviyyədədir. Biz səs verən vətəndaşların seçki ilə bağlı fikirlərini öyrənmək üçün gizli sorğu keçiririk. Artıq insanların böyük bir qismi kimə səs verdiklərini deyiblər. Onların hamısı İlham  Əliyevə səs verdiklərini bildirirlər. Biz qurum olaraq hər bir vətəndaşın mövqeyini bildirməsini xahiş edirik və respondentlərin fikirlərinə hörmətlə yanaşıb onların öz rəylərini rahat ifadə etmələrinə şərait yaradırıq”.
Qeyd edək ki, oktyabrın 9-da keçirilən prezident seçkilərində muxtar respublika üzrə, ümumilikdə, 27 seçki məntəqəsində “Exit-poll” keçirilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR