Dünən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən seçki dairələrinin veb-kamera olan məntəqələrinin məntəqə seçki komissiyalarının sədr, katib və üzvlərinin iştirakı ilə seminar-treninq keçirilmişdir.
Seminarı giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov prezident seçkilərinə hazırlıq sahəsində Naxçıvan Muxtar Respublikasında aparılan işlərdən bəhs edərək bildirmişdir ki, belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, seçki günü məntəqə seçki komissiyası üzvlərinin öz vəzifələrini düzgün icra etmələri və səsvermə protokollarının təlimata uyğun doldurulması səsvermənin nəticələrinin müəyyən olunması baxımından çox vacibdir.
Mərkəzi Seçki Komissiyasının sədri tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdiriləcəkdir. Qeyd olunmuşdur ki, ölkəmizdəki seçki məntəqələrində əvvəlki seçkilərdə veb-kameralar quraşdırılmış məntəqələrin sayı 2 dəfə artırılaraq 500-dən 1000-ə (təxminən 20 faizə) çatdırılmışdır. Muxtar respublikanın 35 seçki məntəqəsində veb-kameralar artıq quraşdırılmışdır.
Səsvermə günü istənilən internet istifadəçisinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi saytına və Naxçıvan Muxtar Respublikasının baş portalının saytına daxil olmaqla səsvermənin gedişini canlı izləyə biləcəyini bildirən Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Əli Mikayılov veb-kameraların texniki xüsusiyyətləri və istifadə qaydalarından danışmışdır. Qeyd olunmuşdur ki, kameralar səsvermə günü seçki məntəqələrinin açılması anından səsvermənin yekunlarının müəyyənləşdirilməsi və səsvermənin nəticələri haqqında protokolun doldurulmasından sonra seçki məntəqələrinin bağlanması anınadək fasiləsiz olaraq fəaliyyət göstərəcəkdir. Kameraların fəaliyyəti dövründə əldə edilən bütün videogörüntülər mərkəzləşdirilmiş qaydada yazıldığına görə veb-kameraların quraşdırılması yekunlaşdıqdan sonra kameraların hərəkət etməsi, başqa istiqamətə yönəldilməsi, onların fəaliyyətinin fasiləsizliyinin pozulması, məlumatların əldə edilməsi, ötürülməsi və saxlanılması prosesinə, habelə bu məqsədlə istifadə edilən texniki qurğulara və vasitələrə qanunsuz müdaxilə, eləcə də kameralar vasitəsilə səsvermə kabinələrinin və kabinələrin içərisinin çəkilməsi qadağandır. Bu tələblərin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.
Sonda Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının əməkdaşları məntəqə seçki komissiyası protokolunun doldurulma qaydasını slaydlarla izah etmişlər.
Tədbirdə seçki komissiyaları üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.
İclasa Məhərrəm Qasımov yekun vurmuşdur.
Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti