Fevralın 25-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onlara dövlətçiliyə sədaqət ruhunun aşılanması məqsədilə təşkil edilmiş tədbirdə muxtar respublikamızın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, “N” hərbi hissənin əsgərləri iştirak etmişlər. Tədbirdə “Müasir gənclərin hərbi vətənpərvərlik işinin gücləndirilməsi” mövzusunda Əlahiddə Ümumqoşun Ordusunun zabiti Mirqiyas Rüstəmov, “Vətənpərvər gənclər yetişdirmək ən önəmli vəzifələrdəndir” mövzusunda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin aparıcı məsləhətçisi İlahə Haqverdiyeva çıxış edərək ölkəmizdə, eyni zamanda muxtar respublikamızda gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar. Qeyd olunmuşdur ki, vətənpərvərlik tərbiyəsi gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığında təzahür edir. Vətənin tarixi keçmişini dərindən bilmək, onun milli-mənəvi dəyərlərini, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Vətənpərvərlik tərbiyəsi hər bir insanda öz Vətəninə sevgi, məhəbbət hissinin, hər an öz Vətəninin, öz xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşdırılması deməkdir.
Sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübarizlik zirvəsi” adlı sənədli film nümayiş etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti