Tarix insanların taleyidir, amma bütün insanların taleyi tarix deyil. Başqa sözlə desək, bütün insanların taleyi, sözün geniş mənasında, TARİXƏ çevrilmir. Lakin böyük TARİXƏ məlum olmayan bəzi tarixi faktlar məhz taleyi tarixə çevrilməmiş şəxslərin yaddaşında qalır.
Naxçıvanın muxtariyyətinin qazanılması ərəfəsində bölgədəki vəziyyət, erməni quldurlarına qarşı bölgə əhalisinin apardığı əzmkar mübarizə, Naxçıvanda Sovet hakimiyyətinin qurulması, Naxçıvanın muxtariyyəti məsələsinin dövlətlərarası danışıqlar əsasında beynəlxalq səviyyədə təsbiti və elan edilməsi ilə bağlı hadisələr müxtəlif sənədlər, müəlliflərin əsərləri əsasında qələmə alınmışdır. Bəs o zamana canlı şahidlik etmiş sadə insanlar? Onlar bu haqda nə bilirlər?
Qarşımızda Naxçıvanın muxtariyyətinə canlı şahidlik etdiyini ehtimal etdiyimiz bu diyarın ən yaşlı sakinlərinin siyahısı var. Bəlkə də, görüşəcəyimiz bu qocaman insanların yaddaşında heç nə qalmayıb, bəlkə, illərin ağrı-acısı onlara hər şeyi unutdurub, bəlkə də, artıq onların çoxunun dili söz belə tutmur və daha bir bəlkə... Bəlkə, onlardan birinin yaddaşında elə bir fakt var ki, bizim oxucularımız üçün maraqlı olacaq? Siyahıya nəzər yetirdikcə, bu “bəlkə”lər arasında tərəddüd etdikcə sonda bir qərara gəlirik. Onların bir çoxu ilə görüşürük və yaxud da görüşməyə cəhd göstəririk. Bəziləri heç nəyi xatırlamadığını deyir, bəziləri ilə bizi görüşdürməyə söz verən insanlar sonradan müxtəlif bəhanələrlə nədənsə bunu etmirlər. Nəhayət, müsahiblərimizin fikirlərini dinlədikdən sonra 1924-cü ilin 3 şahidinin fikirlərini oxucularımıza təqdim etmək qərarına gəldik.
Onlar eşitdiklərindən, gördüklərindən, yaşadıqlarından danışırlar. Müsahiblərimizdən eləsi də olur ki, illərin hadisələrini bir-biri ilə qarışdırır. Amma bizim üçün yenə də maraqlıdır illərin canlı şahidlərinin fikirləri...
Yol alırıq o illərin canlı şahidinin yaşadığı kəndə – Ordubad rayonundakı Sabirkəndə.
Firuzə Əliyeva (1900) – onun verdiyi məlumatlar, danışdıqları bir çox maraqlı məsələlərə aydınlıq gətirir.
– Firuzə nənə, eşitmişik ki, o dövrdə hətta məktəb də oxumusunuz. O illərin hadisələri ilə bağlı nəyi xatırlayırsınız?
– O illərin hadisələrini dastanlara yazasan qurtarmaz, – deyir və bir anlıq susaraq gözünü pəncərəyə dikir Firuzə nənə. Sanki kiminsə onu dinləyəcəyindən ehtiyat edir. Söhbətimizin sonrakı gedişində isə onun nədən çəkindiyinin fərqinə varırıq. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan danışır. Deyir ki, ara qarışanda ermənilər gəlib kəndlərin əhalisini yığıb aparıb çölün düzündə güllələyirdilər. Hətta bizim qonşu kəndin adamlarından biri danışırdı ki, onun atasını və başqa qohumlarını bir dərədə dar ağacı qurub asmışdılar. Mənim yadıma dəqiq gəlmir. Amma anam danışırdı ki, sonra Naxçıvanda xalq dəstələri yaradıblar. Ermənilərə daha imkan verməyiblər bizi qırsınlar. Qonşu kəndlərdə bizim də dəstələr var imiş. Bir dəstənin başında Nəzər adında bir adam dururmuş.
– O illərdə necə dolanırdınız?
– Aclıq idi, bala. Mənim anam səxavətli qadın idi. Qonşularımız var idi, gəlirdilər bizə. Onda anam bəzilərinə bir ovuc buğda verirdi ki, üyüdüb nəsə bişirsinlər.
Tarixi arayış:
“Bakinski raboçi” qəzeti 27 mart 1923-cü il tarixli 67-ci nömrəsində yazırdı:
“Aclıq çəkənlərə yardım məsələsi yenidən günün növbəti və qaynar məsələsinə çevrilməkdədir.
Ordubad qəzasında 18 kənddə kəndlilərin çörəyi çatışmır”.
– Bəs sonra nə oldu?
– Biz məktəbdə oxuyan vaxtlar idi. Əvvəlcə gəlib dedilər ki, yeni hökumət qururuq. Sonra dedilər ki, Naxçıvanın öz hökuməti yaranır.
– O vaxt Behbud adlı adam eşitmişdiniz? – deyə soruşuram Firuzə nənədən. Bir an duruxduqdan sonra düz gözümün içinə baxır və dillənir:
– Hə, eşitmişdim. Onun adını deyirdilər. Özüm şəxsən onu görməmişdim. Amma bir müəllimimiz var idi, deyirdi ki, o, bizim camaata kömək etmək istəyir. Naxçıvanı ermənilərə vermək istəyənlərə imkan vermirmiş. Sonradan başladılar onun haqqında şayiələr yaymağa ki, o, ermənidi: müsəlman paltarı geyib, müsəlman dilini öyrənib. O, müsəlmanları məhv etmək istəyir. Anam həmişə ona dua edirdi. Deyirdi ki, o olmasaydı, Naxçıvanı ermənilərə verəcəkdilər.
Tarixi arayış:
Behbud ağa Şahtaxtinski Azərbaycan Kommunist Partiyasında və mərkəzi hökumətdə rəhbər vəzifə tutmuş ermənilərin təzyiqi ilə 1920-ci il dekabrın 1-də Bakı Sovetinin iclasında Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi barədə elan olunmuş bəyanatı kəskin hiddətlə qarşılamış, ədliyyə komissarı kimi üzvü olduğu hökumətin qərarının əleyhinə çıxaraq Naxçıvanda mitinqlər yolu ilə xalqı ayağa qaldırmış, əhaliyə həqiqəti çatdıraraq demişdir ki, əgər o, bu qərar qəbul olunarkən Bakıda olsaydı, ona etiraz edər və mane olardı. Siyasi və diplomatik gedişlər edərək həmin dövrdə imzalanmış Gümrü müqaviləsinin şərtlərini bilərəkdən qabardan və bu müqaviləni Bakı Sovetinin qərarına qarşı qoyan Behbud ağa Şahtaxtinski Bakı Soveti tərəfindən verilən qərarın hüquqi qüvvəyə malik olmadığını bəyan etmiş, çıxış yolunu xalqın birliyində və azad iradənin ifadəsi kimi referendum keçirilməsində görmüşdür. Behbud ağa Şahtaxtinski tərəfindən mərkəzi hökumətlə razılaşdırılmadan Naxçıvanın ərazi mənsubiyyəti ilə bağlı 1921-ci ilin yanvarında keçirilən referendum xalqımızın tarixi taleyində mühüm rol oynamış, qədim Naxçıvan torpağı Azərbaycan ərazisi kimi qorunub saxlanmışdır.
Görünür, bundan sonra Naxçıvan əhalisi arasında onun nüfuzunu sarsıtmaq üçün ona qarşı belə bir iyrənc kampaniyaya start verilmişdir.
Muxtariyyətin növbəti canlı şahidlərindən biri Culfa rayonunun Əbrəqunus kənd sakini Ruqiyyə Mirzəyevadır (1905). – O dövrün hadisələri yadımda yaxşı qalmayıb, – deyir Ruqiyyə Mirzəyeva. – Mən Sisyanda anadan olmuşam. Biz Ərəfsədə yaşayırdıq.
Sonra biz bura köçdük. Bilirəm ki, o vaxt Naxçıvanın yerli hökuməti qurulandan sonra vəziyyət yaxşılaşmağa başladı.
Və nəhayət ki, bütün bu müsahibələri apardığımız günlər ərzində getdiyimiz sonuncu ünvan – Şərur rayonunun Kürçülü kəndi. Sonuncu müsahibimiz müsahiblərimiz arasında həm də ən yaşlısıdır. 1898-ci il təvəllüdlüdür Qönçə Hümbətova. O illəri xatırlaması üçün gənclik illəri haqqında bizə danışmasını xahiş edirik. Söhbətinə lap uşaqlıq vaxtlarından başlayır Qönçə nənəmiz.
– Biz əslən Qədili kəndindənik (Qərbi Azərbaycanda yaşayış məntəqəsi – E.K.). O vaxt ermənilər ailəmizi qətlə yetirəndən sonra mən də qaçanlara qoşulub bura gəldim. Sonra ermənilər burada da bizə hücum etməyə başladılar. Adamlar Arazın o tayına keçməyə çalışırdı, mən də bir adamın qolundan tutmuşam ki, məni də aparın. Keçdik çayı. Orda 3 aya yaxın qaldıq. Yarıac vəziyyətdə dolanırdıq. Hərə öz canının hayında idi. Bir dəfə də yuxudan durub gördüm ki, hamı gedib. Bir nəfər gəlib dedi ki, “ay bala, sizin adamlar getdilər, dur sən də get. Qaçdım ki, bizim adamlar hələ Arazın qırağındadırlar, keçməyiblər. Heç kəsi olmayan bir qız idim. Mindik taxtanın üstünə, qayıtdıq bu taya. Gəldik Alışar kəndinə. Gördük ki, burada da dam-daşın hamısı yanıb, heç bir şey yoxdu. Ermənilər yandırmışdılar o dam-daşları.
Sonra türklər gəldilər. Bir az sonra isə onlar da əsgərlərin götürüb getdilər. Bir ara bizə dedilər ki, ermənilərin hökumətinə tabe olacaqsınız. Onda camaat ayağa qalxdı. Sonra necə oldusa, dedilər ki, Naxçıvanın öz hökuməti olacaq.
P.S. Bizim indi kitablardan oxuduğumuzu birbaşa şahidlərin dilindən dinləmək, bəzən onların səksəkə ilə baxan baxışlarının nəyi axtardığını düşünmək, yaddaşlarında bəzən qarışdırdıqları tarixi hadisələri bir daha onlarla dəqiqləşdirmək istəyimizi başqa bir hiss əvəzləmişdi araşdırmamızı bitirərkən. Muxtariyyətin qazanılması ərəfəsində baş verən qanlı hadisələr, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı qırğınlar bu insanlardan hər şeylərini – valideynlərini, evlərini, yaşayış şəraitlərini almışdı. Muxtariyyətin 90-cı ildönümündə isə biz onlarla övladlarının, nəvələrinin və nəticələrinin əhatəsində, işıqlı və isti evlərdə görüşürdük.
Səni və bu insanların buradakı varlığını qoruyan muxtariyyətin mübarək, NAXÇIVAN!
Elnur KƏLBİZADƏ