Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsində 2013-cü ildə görülən işlərin yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə dair keçirilən iclası Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov açaraq məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, ötən il Arxiv İdarəsi tərəfindən Ordubad, Culfa, Babək, Kəngərli, Şərur, Sədərək və Şahbuz Rayon Dövlət arxivlərində kompleks yoxlamalar aparılmış, vətəndaşlar tərəfindən daxil olan ərizə və sorğulara verilmiş arxiv arayışları analiz edilmişdir. Bundan başqa, rayon dövlət arxivlərində mühafizə olunan dövlət sənədlərinin bərpa edilməsi, uçot və kargüzarlıq işlərinin, habelə sənədlərin idarə, müəssisə və təşkilatlardan qəbulu işlərinin düzgün aparılması üçün dövlət arxivlərinə metodik köməklik edilmiş, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görülmüşdür.
Qeyd olunmuşdur ki, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 2013-cü ilin iş planına əsasən, sənəd materiallarının tikilməsi və cildlənməsi maddəsi üzrə 2000 plana qarşı 3800 saxlama vahidi tikilərək qaydaya salınmışdır. Sənədlərin bərpası maddəsi üzrə 3000 plana qarşı 3580 vərəqə bərpa edilmiş, sənədlərin təsviri maddəsi üzrə 2000 plana qarşı 3800 iş yerinə yetirilmişdir. Sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanması sahəsində illik plan üzrə 350 min işin mövcudluğuna qarşı 365 min iş mövcudluq vəziyyəti yoxlanılaraq fondlarda yerləşdirilmişdir. Siyahıların təkmilləşdirilməsi və yenidən işlənməsi üzrə 10 min işə qarşı 12 min iş yerinə yetirilmişdir.
Sonra məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Mirəli Seyidov, həmin arxivin İnformasiya-axtarış şöbəsinin müdiri Zülfiyyə İsmayılova, Kəngərli, Şərur, Culfa, Babək Rayon Dövlət arxivlərinin müdirləri İdris İbrahimov, Ədalət İmanov, Fatma Abbasova, Vilayət Qasımov çıxış etmişlər.
İclasa Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov yekun vurmuşdur.
* * *
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatı İdarə Heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda təşkilatın sədri Mirməcid Seyidov məruzə ilə çıxış edərək ötən il təşkilat tərəfindən görülən işlərdən danışmışdır.
Qeyd olunmuşdur ki, ötən il Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatı aidiyyəti təşkilatlarla əlaqələri daha da sıxlaşdırmış, müxtəlif mövzularda silsilə tədbirlərin keçirilməsini reallaşdırmışdır. Təşkilatın həyata keçirdiyi tədbirlərin əsas məqsədlərindən biri gənc nəsildə vətənpərvərlik hisslərinin artırılması və onların doğma yurda məhəbbət ruhunda tərbiyə edilməsindən ibarətdir.
“2013-cü ildə bölgələrdə milli qəhrəmanlarımızın, şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlər təşkil edilmiş, onların qəhrəmanlıqla dolu həyat yolu televiziya və mətbuatda işıqlandırılmışdır”, – deyən Mirməcid Seyidov bildirmişdir ki, belə tədbirlərin keçirilməsi muxtar respublikamızda gənclərin vətənpərvərlik tərbiyəsinin artırılması işində xüsusi əhəmiyyətə malikdir.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının rayon, şəhər şöbələrinin sədrləri çıxış etmişlər.
Xəbərlər şöbəsi