Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin kollegiya iclasında məruzə ilə çıxış edən nazir Mirsənani Seyidov bildirmişdir ki, nəqliyyat-yol kompleksi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın hüquqi əsaslarının genişləndirilməsi istiqamətində mühüm işlər görülmüş, nəqliyyat-yol kompleksinin fəaliyyətini tənzimləyən müvafiq normativ-hüquqi baza yaradılmışdır.
Beynəlxalq sərnişindaşıma sahəsində iş daha da təkmilləşdirilmiş, Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin İran İslam Respublikasının “Didari Seyri Giti” şirkəti ilə bağladığı müqaviləyə əsasən, Naxçıvan-Təbriz-Tehran marşrutu fəaliyyətə başlamışdır. Həmçinin qardaş Türkiyə Respublikasının “İğdırlı Turizm” firması ilə bağlanmış müqaviləyə əsasən, bu ölkənin əksər böyük şəhərlərinə sərnişindaşıma xidməti davam etdirilməkdədir.
Nazir bildirmişdir ki, ötən ilin may ayında yeni avtobus parkının istifadəyə verilməsi muxtar respublikada nəqliyyat-yol komplekisinə göstərilən diqqət və qayğının daha bir nümunəsi olmuşdur.
2013-cü il ərzində avtobuslar vasitəsi ilə Naxçıvandan Bakıya 55 min 193 nəfər, Bakıdan Naxçıvana isə 46 min 423 nəfər sərnişin daşınmışdır. Sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə sözügedən marşrut üzrə 2 ədəd “Mercedes Benz-Travego” markalı avtobus alınıb gətirilmiş və 2014-cü ilin əvvəlindən sərnişinlərin istifadəsinə verilmişdir.
Bildirilmişdir ki, hesabat dövründə 327 nəfər fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilmiş, 596 nəqliyyat vasitəsinə lisenziya kartları verilmiş, vergiyə cəlb olunmuş 14 min 38 avtonəqliyyat vasitəsinə fərqlənmə nişanı verilmişdir. Fərqlənmə nişanı verilmiş avtonəqliyyat vasitələri tərəfindən dövlət büdcəsinə 242 min 574 manat vergi ödənilmiş, lisenziya almış avtomaşınların texniki müayinədən keçirilməsindən əldə olunmuş 49 min 67 manat vəsait nazirliyin xüsusi hesabına, lisenziya haqqı olaraq toplanmış 49 min 50 manat vəsait isə büdcəyə köçürülmüşdür.
Qarşıda duran vəzifələrdən də danışan Mirsənani Seyidov qeyd etmişdir ki, 30 yanvar 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə “bütün nəqliyyat növləri üzrə xidmətin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində səylərin artırılması” barədə Nəqliyyat Nazirliyinə konkret tapşırıqlar verilmişdir. Nəqliyyat-yol kompleksinin bütün sahələrində bu tapşırıqların həyata keçirilməsi üçün qüvvələr səfərbər edilməlidir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ötən il ərzində 4937 vaqon – 294 min 707 ton yük daşınaraq 397 min 861 manat, 131 min 406 nəfər sərnişin daşınaraq 28 min 845 manat vəsait əldə edilmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanında da ötən il ərzində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Qeyd olunan dövr ərzində yerli hava xətti ilə 237 min 358 nəfər sərnişin, 3 milyon 967 min 253 kiloqram baqaj, 762 min 663 kiloqram yük və 29 min 277 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi ilə 4597 sərnişin, 76 min 942 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 5407 nəfər sərnişin və 43 min 453 kiloqram baqaj yükü daşınmışdır.
Bu müddət ərzində “Naxavtoyol” Dövlət Şirkətinin maddi-texniki bazası gücləndirilmiş, 2 ədəd yükləyici, 1 ədəd bitumsəpən maşın və 1 ədəd vərdənə alınmışdır.
Sonra məruzə ətrafında “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyevin, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədlinin, “Naxavtoyol” Dövlət Şirkətinin Baş direktoru Bəhruz Əsgərovun çıxışları olmuşdur.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti