Ulu öndər Heydər ƏLİYEV: Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində düşmən işğalına məruz qalmaqdan xilas edilərək ərazi bütövlüyünü qoruyub saxlayan Naxçıvan Muxtar Respublikası bu gün tarixinin yeni bir intibah mərhələsini yaşamaqdadır.
Keçən əsrin doxsanıncı illərinin əvvəllərində xaosdan, böhrandan qurtulan Naxçıvan ölkəmizin müstəqilliyi dövründə çətin və məsuliyyətli bir yol keçib. Görkəmli dövlət xadimi Heydər Əliyev bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da gələcək inkişafın möhkəm bünövrəsini yaratmışdır. Naxçıvanın tarixində xüsusi mərhələ təşkil edən 1995-ci ildən sonrakı dövr isə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan müstəqillik və dövlətçilik kursunun bu regiondakı parlaq təcəssümüdür. Ölkə Prezidenti İlham Əliyevin böyük uğurla həyata keçirdiyi regionların inkişaf proqramından güc alan Naxçıvan Azərbaycanın son dövr yüksəlişinin fövqündə dayanan möhtəşəm bir quruculuq meydanına çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqəti, ardıcıl və yorulmaz fəaliyyəti sayəsində regionda əldə edilmiş mühüm nəticələr, əslində, yeni bir Naxçıvandan xəbər verir. Bu illər yeniləşmə və inkişaf xüsusiyyətlərinə görə araşdırılıb öyrənilməyə ciddi ehtiyacı olan tarixi bir dövrdür. Bu dövrün tədqiq edilməsi gələcək inkişafın ana xətlərini, əsas meyillərini müəyyən etmək baxımından da olduqca mühüm məsələləri və reallıqları ortaya qoymuş olur. Eyni zamanda bu dövr Naxçıvan Muxtar Respublikasında hərtərəfli inkişafın, yeni yüksəlişin, çətin blokada şəraitində intibah yaratmağın mümkünlüyünü sübut edir, idarəçiliyin Naxçıvan təcrübəsi kimi diqqəti cəlb edir.
Yol düzgün seçiləndə...
Dinamik inkişaf yolu səmərəli idarəetmənin nəticəsində gerçəkləşir. Naxçıvan Muxtar Respublikasında son illərdə həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri iqtisadiyyatın bütün istiqamətlərində əsaslı nailiyyətlərin əldə olunmasını təmin etmişdir. Güclü iqtisadiyyat demokratiya və vətəndaş cəmiyyəti, daxili əmin-amanlıq, təsirli xarici siyasət deməkdir. Məhz bu baxımdan həm ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti illərində, həm də ölkə başçısı cənab İlham Əliyevin bəyanat və çıxışlarında hər zaman vurğulanır ki, ölkənin və xalqın bütün problemlərinin, sosial çətinliklərinin aradan qaldırılmasından tutmuş Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinədək hər bir maneənin dəf edilməsinin optimal yolu məhz dinamik iqtisadi inkişafdan keçir. Heç şübhəsiz ki, məhz bu baxımdan möhtərəm Prezident tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi də təsadüfi sayıla bilməzdi.
Naxçıvan Muxtar Respublikasının müasir iqtisadiyyatı özünün çoxsahəli strukturu ilə Azərbaycanın digər regionlarından fərqlənir. Bu, muxtar respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən təcrid vəziyyətində yaşaması, müvafiq yerli istehsal sahələrini daxili imkanlar hesabına təmin etmək zərurəti ilə bağlıdır. Son illərdə muxtar respublikada yeni istehsal sahələri yaradılmış, zəngin təbii ehtiyatlar istismara cəlb olunmuş, sənaye müasir texnika və texnologiya ilə təchiz edilmişdir. Təbii ehtiyatların və istehsal imkanlarının səfərbər edilməsi ilə iqtisadi və sosial inkişafda yeni uğurlu nəticələr əldə edilmişdir. Bu strategiyanın reallaşdırılması istiqamətində yeni sürətli mərhələ isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1995-ci il dekabrın 16-da keçirilmiş sessiyasında başlanğıc götürmüş oldu. Məhz həmin sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmiş Vasif Talıbov 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq və inkişaf xəttinin konkret bir regionda – ağır blokada şəraitində yaşayan, davamlı olaraq enerji qıtlığı keçirən, kommunikasiya əlaqələrinin olmaması ucbatından mal-material, xammal gətirilməsində ciddi problemlərlə üzləşən muxtar respublikada fəal yaradıcı gücə malik olduğunu təşəbbüskar və gərgin işi ilə sübut etmişdir. “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, – deyərək siyasət meydanına qədəm qoyan Ali Məclisin Sədri, əslində, ulu öndərin siyasi kursuna sədaqətini bir daha nümayiş etdirmiş, bu kursa alternativ bir yolun olmadığını bəyan etmişdi. Ümummilli lider Heydər Əliyev sonralar Naxçıvandakı işləri yüksək qiymətləndirərək deyirdi: “Mən, ümumiyyətlə, demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun bir çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də, ağır, çətin olar. Ancaq o sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”.
Muxtar respublikanın müasir tarixində zaman etibarilə o qədər də böyük olmayan son 20 ilə yaxın dövrün mənzərəsinə diqqət edəndə bu dövrdə ictimai tərəqqi, iqtisadi inkişaf və sosial islahatlar yolunda olduqca mühüm addımların atıldığını görürsən. Eyni zamanda muxtar dövlət kimi mövcudluğunun əsaslarını gündən-günə möhkəmləndirən Naxçıvanın böyük uğurlarına sevinirsən. Bu tarixi dövr ərzində Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunu muxtar respublikada böyük əzmlə, yüksək dinamizmlə davam etdirmişdir. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi yüksəlişinə, ictimai həyatındakı nailiyyətlərinə görə nəinki ölkəmizin iqtisadi rayonları, eyni zamanda dünya ölkələrinin oxşar muxtariyyətlərə malik inzibati əraziləri arasında əhəmiyyətli dərəcədə önə çıxmışdır. Bu, hər şeydən əvvəl, düzgün seçilmiş yolun uğurudur.
Milli maraqlara və dövlətçiliyə sədaqət olanda...
Naxçıvanın 1990-cı illərdəki həyatını xatırlayanda olduqca dəhşətli və vahiməli günlər göz önünə gəlir. İqtisadi blokada adamların siyasi fəallığını azaltmasa da, o zaman bu torpaq, həqiqətən də, özünün ən ağır, məşəqqətli günlərini yaşayırdı. Xarici düşmənlər bir yana, o vaxtkı ölkə rəhbərliyinin də ədalətsiz mövqeyi bütün naxçıvanlıları “Olum, ya ölüm” dilemması ilə üz-üzə qoymuşdu. Amma bu ağır, mürəkkəb ictimai-siyasi proseslər dövründə tale Heydər Əliyevi yenidən xalqın köməyinə gətirdi. Müdrik, uzaqgörən siyasətçinin doğma torpağa xilaskar dönüşü təkcə Naxçıvanı yox, bütün Azərbaycanı bəlalardan qurtarmış oldu. Məhz bu dövrdə ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycançılığı dövlət ideologiyasına çevirməsi oldu. Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir”. Heydər Əliyev məhz siyasətçi idi və ömrünün sonuna qədər də öz Vətəninin çiçəklənməsi, bütün dünyada layiqincə tanınması və qəbul olunması yolunda yorulmadan mübarizə apardı. O, öz çıxışlarında dəfələrlə qeyd edirdi: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. Ümummilli liderimiz tərəfindən yaradılan və dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən, böyük siyasi-ideoloji və tarixi əhəmiyyətə malik olan bu ideologiya Azərbaycan Respublikasını irəli aparır. Heydər Əliyev tərəfindən irəli sürülən Azərbaycançılıq ideyası ölkəmizin dünya birliyinə inteqrasiyasında da qoruyucu amil rolu oynayır. Ulu öndərin Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində işlədiyi qısa vaxt ərzində böyük uzaqgörənliklə qəbul etdiyi siyasi qərarlar regionu ağır bəlalardan xilas etdi. Bu gün də muxtar respublika həmin strategiyanın prinsiplərini əsas tutaraq inkişaf edir. Tələbkarlıq və prinsipiallıq, yaradıcılıq və təxəyyül, intizam və məsuliyyət, düşüncə və təfəkkür, xeyirxahlıq və humanizm, yurdsevərlik və vətənpərvərlik bu prinsiplərin əsas amili kimi daim diqqət mərkəzindədir. Əslində, ulu öndərin ideyalarından bəhrələnərək qurucu-rəhbər obrazının əsas səciyyəvi xüsusiyyətlərini əxz etmiş adamın həyatında və taleyində bu amillərin cəmləşməsi həm də zamanın tələbi və dərsləri idi. Muxtar respublikanın yeni inkişaf mərhələsinə – intibah dövrünə qədəm qoymasında, şübhəsiz ki, bu amillər mühüm və önəmli rol oynamışdır.
Sosial problemlərin həlli diqqət mərkəzində olanda...
Naxçıvan Muxtar Respublikası rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində, ilk növbədə, ictimai-siyasi sabitlik qorunub saxlanılmış, dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi və təcrübi əsaslara söykənən fundamental qərarlar, muxtar respublika sakinlərinin mənafeyinə uyğun reallaşdırılan sosial-iqtisadi siyasət, mobil idarəetmə mexanizmləri, mövcud imkanlardan əhalinin rifahı naminə maksimum istifadə muxtar respublikanın müasir tarixini səciyyələndirən ən xarakterik xüsusiyyətlərdəndir. İqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikada tarazlı və davamlı inkişaf üçün başlıca amil olmuş, inkişafa stimul verən canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni təsərrüfat subyektlərinin yaradılması sayəsində işsizliyin səviyyəsi xeyli dərəcədə azalmışdır. Muxtar respublikanın mərkəzində olduğu kimi, rayonlarda da, hətta ən ucqar kəndlərdə belə, nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaratmışdır.
Muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunmuşdur.
Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində ən müasir tələblərə cavab verən sosial və inzibati obyektlər tikilir, yollar çəkilir, körpülər salınır. Magistral və yerli əhəmiyyətli yolların yenidən qurulması və bərpası geniş vüsət alan quruculuq tədbirlərinin əsas tərkib hissəsidir. Müasir tələblər səviyyəsində inşa olunan yollar əhalinin rahat gediş-gəlişi üçün imkanlar yaratmışdır. Bu inkişaf ucqar kəndlərin iqtisadi inkişafına da müsbət təsir göstərmişdir. Nəqliyyat Nazirliyi muxtar respublikanın bütün yaşayış məntəqələrinə gediş-gəlişi təmin etmək məqsədilə yeni marşrutların yaradılmasını diqqət mərkəzində saxlamış, yerli icra hakimiyyətləri ilə birlikdə xüsusən qış aylarında bütün marşrutların vaxtlı-vaxtında hərəkətini təmin etmişdir.
Prioritet sahə olan təhsilin inkişafına xüsusi diqqət yetirilməsi vacib məsələlərdən olmaqla, ümumtəhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarının imkanlarını genişləndirmişdir. Məktəblərdə hər 13 şagirdə 1 kompüter düşməsi özlüyündə maraqlı faktdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi müvafiq qurumlarla birlikdə əhalinin sağlamlığını qoruyur, iş yerlərində, bazarlarda, kommunal və ictimai xidmət obyektlərində sanitar-gigiyena qaydalarının tətbiqinə nəzarəti həyata keçirir. Hər il muxtar respublikada onlarla yeni müəssisə istifadəyə verilir, yeni iş yerləri açılır, əhalinin məşğulluq probleminin həlli istiqamətində tədbirlər görülür.
* * *
İndi XXI əsrin Naxçıvanı sürətlə, dinamik inkişaf edən, gündən-günə gözəlləşən bir bölgədir. Əslində, bu bölgədə aparılan quruculuq işlərinin vüsəti o qədər sürətli və ahəngdardır ki, adamlar gündən-günə artan bu xarüqələri möcüzəyə bənzədiblər. Onsuz da dünyanı heyrətə salan bu diyar istər tarixi keçmişi, sərt təbiəti və əfsanəvi abidələri, istər zəhmətkeş və fədakar adamları ilə əsl möcüzələr diyarıdır. Ulu öndərin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” sözləri indi xoş bir arzu çərçivəsindən çoxdan çıxmış və bu günümüzün möhtəşəm reallığına çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin böyük əminliklə söylədiyi sözlər bu möcüzənin sirrini dəqiq açıqlayır: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar”.
Namiq ƏHMƏDOV
“Xalq qəzeti”
11 fevral 2014-cü il