Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində də ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında komitə sədri Bəxtiyar İsmayılov məruzə ilə çıxış etmişdir.
“Dövlət Statistika Komitəsinin WEB səhifəsində statistik məlumatlar, hesabat formaları, təlimatlar, metodoloji izahlar, elektron kitabxana, statistik lüğət yerləşdirilmişdir”, – deyən komitə sədri qeyd etmişdir ki, bu internet resursu üzrə müəssisə və təşkilatlar tərəfindən hesabatların elektron formada təqdim olunması üçün “Elektron xidmətlər” bölməsində “Rəsmi statistik hesabatların təqdim edilməsi” menüsü yaradılmış, hesabat təqdim edəcək müəssisə və təşkilatlar statistika orqanlarına gəlmədən hesabatlarını internet vasitəsilə elektron formada təqdim etmişlər. Bundan əlavə, “Elektron xidmətlər” bölməsində “Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi” və “Statistik məlumatların (göstəricilərin) verilməsi” menüləri yaradılmışdır ki, bu da, öz növbəsində, istifadəçilərin daha geniş informasiya əldə etməsinə şərait yaratmışdır.
Ötən dövr ərzində komitə aparatının aidiyyəti şöbələri tərəfindən komitənin internet saytında müvafiq göstəricilər yerləşdirilmişdir. İnternet saytında aylıq makroiqtisadi göstəricilərin, təhlil materiallarının və muxtar respublikada istifadəyə verilmiş obyektlərin fotoşəkillərinin yerləşdirilməsi işləri mütəmadi olaraq aparılmaqdadır.
İş planına uyğun olaraq, ötən il uçot vahidlərinin dövlət reyestrində qeydiyyatda olan təsərrüfat subyektlərinin göstəricilərinin aktuallaşması prosesi görülmüş tədbirlər nəticəsində nəzərdə tutulmuş vaxtda başa çatdırılmışdır. Uçot vahidlərinin dövlət reyestrində qeydiyyatda olan bütün müəssisələrlə əlaqə yaradılmış, müvafiq göstəricilər dəqiqləşdirilmişdir. Bu dövr ərzində hesabat intizamına cəlb olunmayan hüquqi şəxs qalmamışdır.
İqtisadi fəaliyyətin bütün sahələri üzrə təhlil materialları hazırlanaraq rəhbər orqanlara təqdim olunmuş, sosial-iqtisadi və demoqrafik proseslər davamlı qaydada izlənilmişdir.
Ötən dövr ərzində kütləvi informasiya vasitələri ilə də sıx əlaqə saxlanılmış, muxtar respublikanın sosial-iqtisadi vəziyyətini əks etdirən təhlili materiallar dərc edilmişdir.
Komitədə kadr hazırlığını daha da təkmilləşdirmək məqsədilə müxtəlif vaxtlarda keçirilən treninqlərdə Ticarət, xidmət və texniki təchizat statistikası, Qiymət statistikası, Mühasibat uçotu və hesabatı və Kənd təsərrüfatı statistikası şöbələrinin əməkdaşlarının iştirakı təmin edilmişdir.
Qeyd olunanlarla yanaşı, ötən dövr ərzində işdə bir sıra nöqsanlar da mövcud olmuşdur. Cari ildə bu nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi vacibdir və bu istiqamətdə ciddi iş aparılacaqdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
* * *
“Fond hesabat dövründə özəl təsərrüfat subyektləri ilə işçilər arasında əmək müqavilələrinin bağlanmasını və əmək müqaviləsində əks olunan real əməkhaqqına uyğun məcburi dövlət sosial sığortasına cəlbolunma işini diqqətdə saxlamış, işə yeni qəbul olunan işçilərin dövlət sosial sığorta sistemində uçota alınmasına, onların sosial sığorta şəhadətnamələri ilə təmin olunmasına nəzarəti artırmış, həmçinin könüllü sığortanın mahiyyəti və üstünlükləri ilə bağlı təbliğat və maarifləndirmə işlərinin yüksək səviyyədə aparılması sahəsində fəaliyyətini gücləndirmişdir”. Bunu Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda fondun sədri Rasim Hüseynov demişdir.
Bildirilmişdir ki, ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hesabına 43 milyon 650 min manat plana qarşı 52 milyon 915 min 460 manat vəsait daxil olmuş, proqnoz tapşırıqlara 121,2 faiz əməl olunmuşdur. Daxil olan vəsait nəzərdə tutulan məbləğdən 9 milyon 265 min 460 manat, yaxud 21,2 faiz çox, 2012-ci ildə yığılan vəsaitdən isə 5 milyon 355 min 580 manat, yaxud 11,3 faiz çox olmuşdur. 2013-cü ildə özəl sektordan daxil olan məcburi dövlət sosial sığorta haqqı 9 milyon 398 min 740 manat olmuşdur ki, bu da ötən illə müqayisədə 2 milyon 398 min 660 manat, yaxud 34,3 faiz çoxdur. Beləliklə, hesabat dövründə özəl sektordan daxil olan vəsaitlər ümumi daxilolmaların 17,7 faizini təşkil etmişdir. Bu göstərici əvvəlki ilin müvafiq göstəricisindən 3,7 faiz çoxdur. Özəl sektor üzrə daxil olan 9 milyon 398 min 740 manat vəsaitin 7 milyon 599 min 570 manatı, yaxud 80,8 faizi özəl sektora aid hüquqi şəxslərdən, 1 milyon 108 min 640 manatı, yaxud 11,8 faizi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən, 690 min 530 manatı, yaxud 7,4 faizi isə torpaq mülkiyyətçilərindən daxil olmuşdur.
Qeyd edilmişdir ki, hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsinə 103 milyon 377 min 200 manat vəsait yönəldilmişdir. Naxçıvan Muxtar Respublikası Dovlət Sosial Müdafiə Fondu orqanlarında qeydiyyatda olan 49 min əmək pensiyaçısının əmək pensiyasının baza hissəsinin aylıq məbləği 727 min 750 manat artırılmışdır. Əmək pensiyaları və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 51 faizi sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqqı şəklində yığılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricidən 4 faiz çoxdur. Hazırda ödəniş aparılan pensiyaçıların muxtar respublika üzrə 52 min 317 nəfəri, yaxud 100 faizi pensiyasını plastik kartlarla alır.
Sonra məruzə ətrafında fondun rayon şöbələri müdirlərinin çıxışları olmuşdur.
* * *
Şərur Rayon İcra Hakimiyyətində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirə keçirilmişdir. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, ötən il rayon İcra Hakimiyyəti üçün inzibati binanın, rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün binanın və texniki parkın, Dəmirçi, Sərxanlı, Xanlıqlar, Şahbulaq və Gümüşlü kəndlərində kənd mərkəzlərinin, həkim ambulatoriyalarının və feldşer-mama məntəqələrinin, Sərxanlı kəndində 234, Şahbulaq kəndində 110 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Dəmirçi kəndində 1026, Xanlıqlar kəndində 396, Gümüşlü kəndində 132 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması, rayon Qeydiyyat Şöbəsi üçün inzibati binanın əsaslı, rayon Mərkəzi Xəstəxanasının, Zeyvə Kənd Mərkəzinin və Düdəngə kənd tam orta məktəbi binasının cari təmiri başa çatdırılmışdır.
Qeyd olunmuşdur ki, hesabat ilində rayon Yol Təmir-Tikinti İdarəsi tərəfindən iki körpünün tikintisi, bir körpünün təmiri, 7 kilometr uzunluğunda Gümüşlü-Şahbulaq avtomobil yolunun, Xanlıqlar kəndində 3,4, Sərxanlı kəndində 1,5, Dəmirçi kəndində 0,8 kilometr uzunluğunda avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
“Ötən il 3 min 181 hektar sahənin taxılı biçilmiş, 8 min 247 ton məhsul əldə edilmişdir”, – deyən icra başçısı əlavə etmişdir ki, bəhs olunan dövrdə buğda istehsalının stimullaşdırılması məqsədilə torpaq mülkiyyətçilərinə 297 min manat yardım və 1049 ton pulsuz mineral gübrə verilmişdir. Vurğulanmışdır ki, 2013-cü ildə rayonda 19 min 581 ton tərəvəz, 9 min 995 ton kartof, 5 min 303,5 ton bostan məhsulları, 18 min 50 ton meyvə,1478,5 ton üzüm istehsal olunmuşdur. Həmçinin rayonda ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin artırılması diqqət mərkəzində saxlanılmış, keçirilən iməciliklərdə 22,3 hektar sahədə yeni bağ salınmış, 16,5 hektar meyvə bağında isə bərpa işləri aparılmışdır.
Rayon əhalisinin elektrik enerjisi ilə təmin olunması və enerji itkisinin qarşısının alınması məqsədilə bir sıra işlər görülmüş, Arpaçay Su Elektrik Stansiyası və Xanlıqlar kəndində 35/10 kilovoltluq yarımstansiya istifadəyə verilmişdir. Təbii qazla təminat və qaz xətlərinin təmiri ilə əlaqədar görülən işlərin keyfiyyəti artırılmış, 224 fərdi yaşayış mənzilinə qaz xətti çəkilmişdir.
2013-cü ildə rayonda 395 nəfər abunəçiyə yeni telefon xətti çəkilmiş, kənd ATS-lərinin tutumu 14 min 640-a, internet istifadəçilərinin sayı isə 1135 nəfərə çatdırılmışdır. Dəmirçi, Xanlıqlar, Sərxanlı, Gümüşlü və Şahbulaq kəndlərində rabitə xətləri tamamilə yenidən qurulmuşdur.
Təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində qazanılan nailiyyətlərdən də danışan İbrahim Məmmədov aztəminatlı ailələrə göstərilən dövlət qayğısından bəhs etmişdir.
İşdə buraxılan nöqsanların da geniş müzakirə olunduğu müşavirədə vurğulanmışdır ki, “Muxtariyyət ili” elan olunmuş 2014-cü ildə də genişmiqyaslı quruculuq-abadlıq tədbirlərinin, yaşıllıq sahələrinin genişləndirilməsi işlərinin davam etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
* * *
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 2013-cü il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən kollegiya iclasında xidmətin rəisi Nizami Məmmədov məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2013-cü il ərzində xidmətdə Daşınmaz Əmlakın Dövlət Reyestrinin bütün bölmələri üzrə 5058 əmlak üzərində yaranan hüquqların qeydiyyatı, o cümlədən mənzillər bölməsi üzrə 1049, fərdi yaşayış evi bölməsi üzrə 1978, torpaq sahəsi bölməsi üzrə 1950, qeyri-yaşayış binası bölməsi üzrə 31, qeyri-yaşayış sahəsi bölməsi üzrə 36, əmlak kompleksi bölməsi üzrə 12, çoxmərtəbəli yaşayış binası bölməsi üzrə 2 əmlaka dair hüquqların dövlət qeydiyyatı aparılmışdır.
Hesabat dövründə hüquq sahiblərinə (yüklülüyün qeydiyyatı ilə birlikdə) 5527 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir ki, bu da əvvəlki illə müqayisədə 552 ədəd çoxdur.
2013-cü ildə muxtar respublikada daşınmaz əmlakın vahid kadastrının aparılması sahəsində xidmətin müvafiq sektorları, rayon və şəhər şöbələri tərəfindən daşınmaz əmlak obyektlərinin, o cümlədən torpaq sahələrinin texniki inventarlaşdırma işinin aparılması, onların kağız və elektron kadastr məlumat bazasının yaradılması istiqamətində işlər müvəffəqiyyətlə davam etdirilmişdir.
Qeyd olunmuşdur ki, 2013-cü ildə, bütövlükdə, xidmət üzrə əmlаk üzərində yаrаnmış hüquqlаrın dövlət qеydiyyаtı üçün baza sənədi sаyılаn 2139 ədəd tехniki sənəd hаzırlаnmışdır ki, bunun 920 ədədini tоrpаq sаhələri üçün plan-ölçülər, 1219-nu isə müхtəlif növ əmlаklаra dair tехniki pаspоrtlаr təşkil edir.
Kollegiya iclasında işdə buraxılan nöqsan və çatışmazlıqlar da ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Naxçıvan, Şərur, Şahbuz rayon şöbələrinin müdirləri Dünyamalı Babayevin, Əsgər Balayevin, Şahlar Fətullayevin, Kəngərli və Babək rayon şöbələrinin müdir əvəzi Rəşad İbrahimovun, Ayxan Axundovun çıxışları olmuşdur.
* * *
Dünən Naxçıvan Tibb Kollecində 2013-cü ilin yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığncaqda kollecin direktoru İlhamə Mustafayeva çıxış edərək bildirmişdir ki, 2012-2013-cü tədris ilinin II yarısında kollecdə tələbələrin ümumi sayı 439 nəfər olmuş, onlardan 290 nəfər ödənişli əsaslarla, 149 nəfər isə dövlət hesabına təhsil almışdır.
Dərs prosesində informasiya-kommunikasiya texnologiyalarından lazımi qaydada istifadə edilməsi, dərslərdə əyaniliyin təmin olunması məqsədilə kollecə 2 elektron lövhə və 11 kompüter verilərək 6 elektron lövhəli sinif, 2 kompüter sinfi yaradılmışdır ki, bunlar da internet şəbəkəsinə qoşulmuşdur. Müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadəsini yaxşılaşdırmaq məqsədilə kollecdə kompüter kursları təşkil olunmuşdur.
Ötən tədris ilində kollecin müəllimləri tərəfindən “Latın dili” kitabı tərtib edilərək tələbələrin istifadəsinə verilmişdir. “Anatomiya, fiziologiya və patologiyanın əsasları” kitabı və “Tibb bacısının masaüstü kitabı” isə tərtib edilərək çapa təqdim edilmişdir.
Kollecdə təkmilləşdirmə kursları təşkil olunmuş, 18 nəfər feldşer, 38 nəfər tibb bacısı keçirilmiş kurslarda iştirak etmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış etmişdir.
* * *
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsində 2013-cü ilin yekunları ilə bağlı yığıncaq keçirilmişdir. Yığıncağı idarənin rəisi Vüqar Babayev açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, 2013-cü ildə Dini Qurumlarla İş üzrə İdarənin təşkilatçılığı ilə dini icma sədrlərinin, eləcə də fəal dindarların iştirakı ilə muxtar respublikanın rayonlarında mütəmadi olaraq “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iclaslar keçirilmişdir. İclasların keçirilməsinin əsas məqsədi dini maarifləndirmə işinin aparılmasından, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınmasından və milli-mənəvi dəyərlərimizin təbliğindən ibarət olmuşdur.
Qeyd edilmişdir ki, Aşura günündə xürafi, dinimizlə uyğunlaşmayan hərəkətlərə yol verilməməsi, müqəddəs günün əsl mahiyyətinin düzgün başa düşülməsi istiqamətində Naxçıvan şəhərində və muxtar respublikanın digər rayonlarında fəaliyyət göstərən icma başçıları və din xadimləri ilə maarifləndirici söhbətlər aparılmışdır.
Hesabat dövründə müxtəlif orqanlardan ekspert rəyi verilməsi üçün idarəyə təqdim olunmuş dini məzmunlu ədəbiyyata ekspert rəyi verilmişdir. Nəticədə, dövlətçiliyimizə zidd, ifrat şiəlik prinsipini təbliğ edən və məzhəb ayrı-seçkiliyi salan dini təyinatlı ədəbiyyat və əşyaların muxtar respublika ərazisində yayılmasının qarşısı alınmışdır. Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də icmaların fəaliyyətlərinə ciddi nəzarətin təşkil olunması məqsədilə hər ay Naxçıvan şəhərindəki Heydər məscidində icma rəhbərləri ilə iclaslar keçirilmiş, onlarla dini icmaların fəaliyyətlərini təkcə dini məsələlər ətrafında deyil, həm də Vətənimiz, dövlətimiz və cəmiyyətimiz üçün ümummilli maraqlar müstəvisində qurmaları istiqamətində söhbətlər aparılmışdır.
Sonra məruzə ətrafında dini icma rəhbərlərinin çıxışları olmuşdur.
Xəbərlər şöbəsi