Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatının düzgün aparılması ilə bağlı seminarların keçirilməsini davam etdirir. Növbəti belə tədbir Şahbuz rayonunda keçirilmişdir. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açmışdır.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Ədliyyə Nazirliyinin rayon və şəhər Qeydiyyat şöbələri ilə yanaşı, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə də aparılır. Ötən dövr ərzində muxtar respublikanın bütün rayonlarında inzibati ərazi dairəsi üzrə nümayəndəliklər üçün seminarlar təşkil olunmuş və onlar müvafiq normativ-hüquqi aktlardan çıxarışlarla təmin edilmişdir. Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılmasının qanunvericiliyin tələblərinin uyğunluğunu öyrənmək məqsədilə mütəmadi olaraq nazirlik tərəfindən rayon icra hakimiyyətləri ilə birgə yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüş, rayon icra hakimiyyətləri məlumatlandırılmışdır.
Qeyd olunmuşdur ki, Şahbuz rayonunda doğum, nikah və ölümün qeydiyyatı 21 inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə aparılaraq rəsmiləşdirilir. 2009-2013-cü illər ərzində Şahbuz rayonunun icra nümayəndəlikləri tərəfindən doğum, nikah və ölüm hallarının qeydiyyatı ilə bağlı 2492 əməliyyat aparılmış və onlardan 375 əməliyyat 2013-cü ilin payına düşmüşdür. Həmin dövrdə Şahbuz rayonunda icra nümayəndələri üçün 14 dəfə seminar təşkil edilmiş, 10 dəfə rayon İcra Hakimiyyəti ilə birlikdə yoxlamalar keçirilmişdir. “Yoxlamalar zamanı yol verilmiş bəzi nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür”, – deyən nazir bildirmişdir ki, hər bir icra nümayəndəsi fəaliyyətini qanunvericiliyə uyğun təşkil etməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, kargüzarlıq qaydalarını müəyyən edən təlimatın tələblərinə əməl etməli və vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə dövlət rüsumu ödənildikdən sonra müvafiq əməliyyatı rəsmiləşdirməlidir.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Xəbərlər şöbəsi