Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən tədbiri giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov kollektivi təbrik edərək müstəqillik dövründə muxtar respublika gömrük orqanlarının keçdiyi inkişaf yolundan danışıb. Vurğulanıb ki, 22 il bundan öncə ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması ilə muxtar respublikada vahid mərkəzdən idarəolunan gömrük siyasətinin tətbiqinə başlanılıb.
Komitə sədri Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin ulu öndər Heydər Əliyevin qərarı ilə müstəqil Azərbaycan tarixində yaradılmış ilk mərkəzi gömrük orqanı olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dahi rəhbərin ideyalarının uğurla davam etdirilməsi nəticəsində son illər muxtar respublikada gömrük xidmətinin müasir tələblər səviyyəsində təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Gömrük orqanlarının strukturu daha da genişləndirilib, infrastruktur yenidən qurulub, maddi-texniki baza müasir tələblər səviyyəsində formalaşdırılıb. İnformasiya-kommunikasiya texnologiyalarından geniş istifadə nəticəsində gömrük sistemi tamamilə avtomatlaşdırılıb.
Komitənin Ümumi şöbəsinin rəisi, gömrük xidməti mayoru Minayə Nəsirova muxtar respublika gömrük orqanları əməkdaşları barəsində tətbiq olunan həvəsləndirmə tədbirləri haqda məlumat verib. “İlin gömrükçüsü” müəyyən olunaraq mükafatlandırılıb. Həmçinin xidmətdə fərqlənən bir qrup gömrük əməkdaşı təltif edilib, pensiyada olan gömrükçülərə xatirə hədiyyələri təqdim olunub.
Sonda tədbir iştirakçıları “İnkişaf edən gömrük orqanları” adlı filmə baxıblar.
Xəbərlər şöbəsi