Fevralın 7-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə muxtar respublikanın yaranmasının 90 illiyinə həsr olunmuş konfrans keçirilmişdir.
Gənclər və idman nazirinin müavini Məcid Seyidov konfransı giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Arzu Abdullayev, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov tədbirdə məruzə ilə çıxış etmişlər. Qeyd olunmuşdur ki, Naxçıvanın muxtariyyəti Azərbaycanın XX əsrdə əldə etdiyi böyük tarixi nailiyyətdir. Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət statusuna regionun inkişafı baxımından yüksək qiymət vermişdir.
Vurğulanmışdır ki, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi 1924-cü il fevralın 9-da Naxçıvan muxtar diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsini qanuniləşdirdi. Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Naxçıvan MSSR-in birinci Konstitusiyası ilə təsbit edildi. Naxçıvanın sonrakı konstitusiyalarında da Naxçıvan Azərbaycanın tərkibində muxtar respublika kimi göstərilmişdir.
Konfransa Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov yekun vurmuşdur.
Xəbərlər şöbəsi