22 Dekabr 2024, Bazar

Kəngərli Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə seminar keçirilib. Seminarda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı zamanı qanunvericiliyin tələblərindən danışılıb.
Tədbiri giriş sözü ilə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov açaraq bildirib ki, Kəngərli rayonunda  inzibati ərazi dairəsi üzrə nümayəndəliklər üçün müasir standartlara uyğun iş şəraiti yaradılıb. Yaradılan şəraitin müqabilində icra nümayəndələri yüksək iş keyfiyyəti nümayiş etdirməli, qanunvericiliyin tələblərinə əməl edilməsinə maksimum səy göstərməlidirlər.

Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev məruzə ilə çıxış edərək bildirib ki, qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir. Muxtar respublika Ədliyyə Nazirliyinin rayon və şəhər Qeydiyyat şöbələri ilə yanaşı, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər də doğumun, nikahın bağlanması və ölümün qeydiyyatını aparır. Yerlərdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılması zamanı qanunvericiliyin tələblərinin uyğunluğunu öyrənmək məqsədilə mütəmadi olaraq nazirlik tərəfindən rayon icra hakimiyyətləri ilə birlikdə yoxlamalar keçirilib. Keçirilən yoxlamalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb, bu haqda rayon icra hakimiyyətləri məlumatlandırılıb.
Qeyd edilib ki, Kəngərli rayonunda doğum, nikah və ölümün qeydiyyatı 9 icra nümayəndəliyi tərəfindən rəsmiləşdirilir. 2009-2013-cü illər ərzində Kəngərli rayonunun icra nümayəndəlikləri tərəfindən doğum, nikah və ölümün qeydiyyatı ilə bağlı 1752 əməliyyat aparılıb. Onlardan 224 əməliyyat 2013-cü ilin payına düşüb. Hüquqi maarifləndirmə məqsədilə 2009-2013-cü illər ərzində Kəngərli rayonunda icra nümayəndələri üçün 14 dəfə seminar təşkil olunub. Nazirlik tərəfindən bütün icra nümayəndələri müvafiq reyestr, akt qeydləri və şəhadətnamələrlə vaxtında təmin edilib. Kəngərli rayonunun icra nümayəndəliklərində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vəziyyətinin öyrənilməsi məqsədilə 2009-2013-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 10 dəfə yoxlama keçirilib, aşkar olunan nöqsanların aradan qaldırılması üçün icra nümayəndələrinə metodik köməkliklər göstərilib. Lakin bütün maarifləndirmə tədbirlərinə və yoxlamalara baxmayaraq, icra nümayəndəliklərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsindəki fəaliyyətlərində hələ də bəzi nöqsanlar qalmaqdadır. Belə ki, Qarabağlar və Xok kəndlərinin icra nümayəndəlikləri göstərilən metodik köməklik və keçirilən seminarlara baxmayaraq, kargüzarlıq sahəsində fəaliyyətlərində müəyyən nöqsanlara yol veriblər. Bu nöqsanların aradan qaldırılması və bir daha təkrar edilmə­məsi üçün Qeydiyyat Şöbəsinin rəisi icra nümayəndələri ilə bağlı işini qanunvericiliyin tələbləri səviyyəsində təşkil etməlidir. Hər bir icra nümayəndəsi işinə məsuliyyətlə yanaşmalı, qeyd olunan nöqsanlardan nəticə çıxarmalı və fəaliyyətində dönüş yaratmalıdır. Bu sahədə Şahtaxtı və Yurdçu kəndlərinin icra nümayəndəliklərinin fəaliyyəti nümunəvi sayıla bilər. Bundan başqa, hər bir icra nümayəndəsi fəaliyyətini qanunvericiliyə uyğun təşkil etməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, kargüzarlıq qaydalarını müəyyən edən təlimatın tələblərinə əməl etməli və vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə dövlət rüsumu ödənildikdən sonra müvafiq əməliyyatı rəsmiləşdirməlidir. Xüsusilə nikah qeydiyyatı zamanı müraciət etmiş şəxslərin iştirakı təmin edilməlidir. Hər bir icra nümayəndəsi qeyd olunanlardan nəticə çıxarmalı və fəaliyyətini qanunvericiliyə uyğun təşkil etməlidir. Gələcəkdə qanun pozuntusuna yol vermiş icra nümayəndələri haqqında müvafiq cəza tədbirləri görüləcəkdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR