Babək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi yığıncaq keçirib. Yığıncaqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının qanunvericiliyin tələblərinə uyğun aparılması sahəsində rayondakı mövcud vəziyyət müzakirə edilib.
Yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq deyib ki, muxtar respublikada, eləcə də Babək rayonunun kənd yaşayış məntəqələrində yaradılan şərait müqabilində hər bir icra nümayəndəsi işinə məsuliyyətlə və vicdanla yanaşmalı, öz vəzifəsindən sui-istifadənin qəbuledilməz hal olduğunu anlamalı və ona verilən səlahiyyətlərdən qanunun verdiyi imkanlar daxilində istifadə etməlidir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının qanunvericiliyin tələblərinə uyğun aparılması ilə bağlı mövcud vəziyyəti öyrənmək məqsədilə mütəmadi olaraq nazirlik tərəfindən rayon İcra Hakimiyyəti ilə birlikdə yoxlamalar həyata keçirilib, maarifləndirmə işləri aparılıb.
Ancaq görülən işlərə rəğmən, rayonun bəzi inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsindəki fəaliyyətlərində nöqsanlar qalmaqdadır. Belə ki, Vayxır, Şıxmahmud və Məmmədrza Dizə kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri kargüzarlıq sahəsində fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun təşkil etməyərək nöqsanlara yol veriblər. Bu nöqsanlar qısa zaman ərzində aradan qaldırılmalı, səbəblər araşdırılmalı və onların bir daha təkrar olunmaması üçün lazımi tədbirlər görülməlidir. Hər bir icra nümayəndəsi fəaliyyətini qanunvericiliyə uyğun təşkil etməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, kargüzarlıq qaydalarını müəyyən edən təlimatın tələblərinə əməl etməli və vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə dövlət rüsumu ödənildikdən sonra müvafiq əməliyyatı rəsmiləşdirməlidir.
Qeyd edilib ki, Qeydiyyat Şöbəsinin rəisi icra nümayəndələri ilə bağlı işini qanunvericiliyin tələbləri səviyyəsində təşkil etməli, hər bir icra nümayəndəsi işinə məsuliyyətlə yanaşmalı, fəaliyyətində dönüş yaratmalıdır. Rayonun Nehrəm, Cəhri, Qahab və Sirab kəndlərinin icra nümayəndəliklərinin kargüzarlıq sahəsindəki işi qənaətbəxş sayıla bilər. Xüsusilə də nikah qeydiyyatı zamanı müraciət etmiş şəxslərin iştirakı təmin edilməlidir. Gələcəkdə qanun pozuntusuna yol vermiş icra nümayəndələri haqqında müvafiq cəza tədbirləri görüləcəkdir.
Tədbirə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev yekun vurub.
Səbuhi HÜSEYNOV