22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 ili tamam olur. Azərbaycanın son yüzillik siyasi tarixinin ən mühüm hadisələri siyahısında layiqli yer tutan Naxçıvanın muxtariyyət tarixi ölkəmizin, Cənubi Qafqazın, bütövlükdə, regionun siyasi həyatında əhəmiyyətli bir tarixdir. Dünya tarixində və siyasi coğrafiyasında Naxçıvan Muxtar Respublikasının yerləşdiyi bu qədər kiçik, təbii resurslarla o qədər də zənginliyi ilə seçilməyən ərazinin əhəmiyyətli siyasi faktor kimi mövcud olmasına çox az misal var. Elmdə bu tip hadisələrə qiymət verilərkən buna fenomen deyilir. Bu siyasi fenomenin qiymətləndirilməsi, öyrənilməsi və təhlil edilməsi, şübhəsiz, indiki və gələcək nəsil tədqiqatçılar, xüsusilə son dövr təşəkkül tapmış Naxçıvanşünaslıq məktəbi üçün mühüm tədqiqat predmeti olaraq qalacaq.

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli Sərəncamı muxtariyyətin Azərbaycan dövlətçiliyində oynadığı rola verilən yüksək qiymətdir. Naxçıvanın milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətlərini, muxtariyyətin Azərbaycanın beynəlxalq münasibətlərindəki yerini bu sərəncamda qeyd edən ölkə başçısı cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycanın siyasi tarixinin əhəmiyyətli hadisə kimi qiymətləndirməsi həqiqətən böyük bir tarixi hadisəyə, görülən işlərə, qazanılmış yüksək mövqelərə verilən olduqca əhəmiyyətli siyasi qiymətdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində – milli azadlıq hərəkatının vüsət aldığı müstəqilliyimizin ilk dövrlərində Naxçıvan Muxtar Respublikası Azərbaycanda demokratikləşmə, milli dirçəliş və dövlətçiliyin bərpası uğrunda gedən proseslərin önündə olmuş­­dur. Azərbaycan xalqının ümum­milli lideri Heydər Əliyevin Naxçıvana qayıdışı və bu proseslərə dəstək verməsi, sonradan isə muxtar dövlətin başçısı kimi hərtərəfli fəaliyyəti Naxçıvanın muxtariyyət statusunun saxlanılması, bölgənin işğaldan qorunması, muxtar respublikanın beynəlxalq səviyyədə səsinin eşidilməsində mühüm rol oynamışdır. Naxçıvanın muxtariyyəti Azərbaycan dövlətçilik tarixində olduqca əhəmiyyətli hadisə olmaqla xalqımızın tarixi varisliyinin bu torpaqlarda etibarlı təminatçısı rolunu oynamışdır.
Naxçıvan muxtariyyəti  hüquqi, siyasi və tarixi baxımdan bir fenomendir
XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan bu gün artıq Avropa ailəsinin tərkib hissəsi olaraq, bu məkana inteqrasiya yolunu seçmişdir. Bu baxımdan Azərbaycanın tərkib hissəsi Naxçıvan Muxtar Respublikası da bu sistemdə özünəməxsus yerə və rola malikdir. Naxçıvanın muxtariyyət modeli bir tərəfdən son 50 ildə Avropada gedən regionalizasiya və əksmərkəzləşmə tendensiyası, bu sahədə institutların formalaşması, əlaqələrin və mexanizmlərin yaradılması cəhətdən maraqlıdırsa, digər tərəfdən xüsusi şərtlərlə yaradılan, artıq böyük tarixi yol keçmiş uğurlu bir model kimi Avropada tanınmaqdadır. Bu cəhətdən həqiqətən Naxçıvanın muxtariyyət modeli çox unikaldır və burda yaradılan institusional əsaslar, hüquqi mexanizmlər Avropanın istər elmi, istərsə də siyasi institutları tərəfindən öyrənilməkdədir. Naxçıvan muxtariyyətinin unikallığı bir neçə səbəblə bağlıdır. Naxçıvan Muxtar Respublikasının statusu bir çox analoji muxtar qurumlardan fərqli olaraq, daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilə ilə müəyyən olunmuşdur. Bu hal Avropa qitəsində çox az sayda muxtar qurumların statusunda əksini tapır. Avropanın analoji qurumlarından yalnız Gürcüstanın Acarıstan Muxtar Respublikası və Finlandiyaya məxsus Aland adaları beynəlxalq müqavilə ilə yaradılsa da, Naxçıvan Muxtar Respublikasının statusu və burdakı muxtariyyətin siyasi səlahiyyətləri yuxarıda qeyd olunan hər iki muxtar qurumdan fərqlidir. Naxçıvanla eyni beynəlxalq müqavilə ilə muxtar qurum formasında təşkil olunan Acarıstanın siyasi səlahiyyətləri məhduddur və daha çox inzibati-iqtisadi səlahiyyətlərə aiddir. Birinci Dünya müharibəsindən sonra Millətlər Liqası tərəfindən yaradılan Aland adalarındakı muxtariyyət isə dövlət statusuna malik deyil. Hər iki muxtar qurumdan fərqli olaraq, Naxçıvan Muxtar Respublikasının siyasi səlahiyyətlərə malik muxtar dövlət statusunda fəaliyyət göstərməsi, bu statusun dəyişdirilməsi (geri çağırılması)  prosedurunun mövcud olmaması və muxtariyyətin həm milli, həm də beynəlxalq müqavilələrlə müəyyənləşdirilməsinin konstitusion səviyyədə əksini tapması Naxçıvan muxtariyyətini fərqləndirən əsas amillərdəndir. Digər tərəfdən, Naxçıvan muxtariyyəti daxili qanunvericilik, sərbəst büdcə siyasəti sahəsində,  muxtariyyətin mərkəzi hakimiyyətlə əlaqələr mexanizminin istər siyasi, istərsə də hüquqi cəhətdən müsbət mənada heç yerdə təkrarlanmayan xüsusiyyətlərə malikdir. Unitar dövlət olan Azərbaycanın tərkibində muxtar dövlətin, prezidentlik üsul-idarəsi olan dövlətin tərkibində parlamentar respublikanın mövcud olması da bu xüsusiyyətlərdən biridir. Ən əsası isə bütün bu xüsusiyyətlər və özünəməxsusluqlar burda mükəmməl siyasi-hüquqi mexanizmlərin təşəkkül tapmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, Naxçıvan muxtariyyətinin bu xüsusiyyətləri Avropanın müxtəlif dövlətlərarası təşkilatları tərəfindən də dəfələrlə qeyd olunmuşdur. Naxçıvanın muxtariyyət modeli 30 oktyabr 2013-cü il tarixdə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasının sənədlərində xüsusi olaraq qeyd olunmuşdur. Sessiyada İtaliyadan olan məruzəçi Bruno Marzianonun “Avropada xüsusi statusa malik region və ərazilər” adlı hesabatında Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu da xüsusi qeyd olunaraq belə bir modelin çox faydalı olduğu vurğulanmışdır. Bu cür dəyərləndirmə 1997-ci ildə Venesiya Komissiyasının Naxçıvan Muxtar Respublikasının Konstitusiya layihəsinə verdiyi rəydə də öz əksini tapmışdır.
Bu gün Naxçıvan Muxtar Respublikası bir çox sahələrdə – iqtisadi, mədəni, o cümlədən siyasi əlaqələrdə nailiyyətlər qazanmışdır. Naxçıvan Muxtar Respublikasının uğurları, burda qazanılan sosial-iqtisadi nailiyyətlər, yaradılan potensial Naxçıvanı bölgədə ən cəlbedici tərəfdaşa çevirməkdədir. Bu uğurların fonunda Naxçıvan Muxtar Respublikasının getdikcə güclənən, dünyadakı yerini möhkəmləndirən Azərbaycanın inkişaf etmiş regionu olaraq daha çox xarici siyasət sahəsinə nüfuz etməsi, onun potensialının təbliğ etdirilməsi nəticəsində muxtar respublikamız fəal iqtisadi və mədəni diplomatiyanın aktiv subyektinə çevrilmişdir. Bu baxımdan Naxçıvanda keçirilən sammitlər, beynəlxalq tədbirlər, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Naxçıvan şəhərinin 2018-ci il İslam Mədəniyyətinin paytaxtı seçilməsi artıq Naxçıvanın bu münasibətlərdəki yerinin və rolunun göstəricisidir. Bu gün Naxçıvan Muxtar Respublikası həm də çoxtərəfli əsasda Avropada ən nüfuzlu təşkilatlardan olan Avropa Şurasında təmsil olunur. 2001-ci ildən etibarən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Naxçıvan parlamentinin nümayəndəsi təmsil olunmaqdadır. Digər tərəfdən, Naxçıvan Muxtar Respublikası Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” pro­qramına uyğun əməkdaşlıq etməkdədir. Avropa Birliyinin Regionlar Komitəsinin dəvəti ilə Naxçıvan Muxtar Respublikası “AB-Şərq tərəfdaşları” formatında yaradılan yeni təşkilatın – “Şərq tərəfdaşlı­ğı”nın Regional və Yerli Hakimiyyətlərinin İllik Konfransının (CORLEAP) yaradılması üçün 2011-ci ilin sentyabr ayında Poznanda (Polşa) keçirilən  konfransda təsisçilər sırasında yer almışdır. 2012-ci ilin fevral ayından etibarən Naxçıvan Muxtar Respublikası CORLEAP-ın bürosunda da təmsil olunmaqdadır ki, bu da muxtar respublikanın getdikcə artan siyasi potensialından xəbər verir.

Bu günümüzün Naxçıvanı özünün 90 illik muxtariyyət yubileyi günündə istər siyasi, istərsə də iqtisadi sahədə qazandığı uğurlarla fəxr edir. Naxçıvan xalqımızın qədim dövlətçilik ənənələrinə əsaslanaraq müasir, inkişaf etmiş bir region kimi bundan sonra da regionda və dünyada özünəməxsus yerini saxlayacaq, onun üzərinə qoyulan missiyanı uğurla həyata keçirməyə davam edəcəkdir.

Anar İBRAHİMOV
Avropa Şurasının Yerli və Regional
Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR