Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə keçirilən “Əsrin faciəsi” adlı tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Yığıncaqda çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev Xocalı soyqırımından, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışmışdır.
Qeyd olunmuşdur ki, Xocalı faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı misligörünməmiş bir təcavüz olmaqla yanaşı, həm də tariximizin qəhrəmanlıq səhifəsidir. O gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirmişdir. Bu faciədən danışarkən o vaxt ölkəyə rəhbərlik edənlərin mənəvi məsuliyyətini də qeyd etmək lazımdır. Belə ki, həmin dövrdə dövlət orqanları Xocalının etibarlı müdafiəsini təşkil etmək üçün heç bir əməli tədbir görməmiş, şəhərin sakinlərini taleyin ümidinə buraxmışdılar.
Bildirilmişdir ki, xalqımızın dahi oğlu Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra bu faciəyə hüquqi-siyasi qiymət verilmişdir.
Bu gün Azərbaycan dövləti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün məqsədyönlü fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev torpaqlarımızın azad olunması, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması, Ermənistan hərbi birləşmələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması istiqamətində ardıcıl iş aparır. Lakin ölkə başçısının dəfələrlə bəyan etdiyi kimi, danışıqlar prosesi belə davam edə bilməz. Qürbət Rzayev ölkə başçısının bu sözlərini xatırlatmışdır: “Biz azərbaycanlılara qarşı ermənilərin törətdiyi təcavüz və soyqırımın dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatları tərəfindən tanınmasına və pislənməsinə çalışmalıyıq... Biz sülh şəraitində yaşamaq, ölkəmizi inkişaf etdirmək, tarixi ədalətin və həqiqətin bərpa olunmasını, işğal və soyqırım siyasəti həyata keçirənlərin tanınmasını və ifşa edilməsini istəyirik”.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı Qadınlar Şurasının sədri Könül İsmayılova və təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin sədri Elvin Məmmədov çıxış etmişlər.
Tədbirin sonunda iştirakçılar Ordubad şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxmışlar.
* * *
Fevralın 21-də Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı da Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirmişdir. Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsini əks etdirən fotosərgiyə baxmışlar.
Anım tədbirində Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fazil Abbasov çıxış etmişdir.
Qeyd olunmuşdur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnaklarının terrorçu qrupu o zaman Xankəndidə yerləşən keçmiş sovet imperiyasının 366-cı motoatıcı alayının və xaricdən gəlmiş muzdlu erməni qatillərinin iştirakı ilə gecə Xocalı şəhərinə qəflətən hücum edərək yeddi min əhalisi olan şəhəri müasir hərbi texnika vasitəsilə yerlə-yeksan etmişlər. O gecə erməni qaniçənləri tərəfindən 613 nəfər qətlə yetirilmişdir ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar olmuşdur. Yaralanan 487 nəfərdən 76 nəfəri uşaqlar idi. Faciə zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu qanlı aksiya zamanı şəhərdə yaşayan əhalinin 1275 nəfəri erməni faşistləri tərəfindən əsir götürülmüşdür. 150 nəfər Xocalı sakinindən isə bu günə kimi xəbər yoxdur.
Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsindən də danışan təşkilat sədri vurğulamışdır ki, bu misligörünməmiş faciəyə hüquqi-siyasi qiymət verilməsi yalnız ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.
Sonra Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Ehtimad Məmmədovun, birliyin üzvlərindən Leyli Həsənovanın və Ramidə Qasımovanın çıxışları olmuşdur.
Tədbirdə məktəblilərin ifasında Xocalı faciəsi ilə bağlı şeirlər bədii qiraət edilmiş, Xocalı soyqırımı haqqında sənədli film nümayiş olunmuşdur.
* * *
Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirmişdir.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov çıxış edərək bildirmişdir ki, Xocalı faciəsi bəşər tarixinin ən dəhşətli faciələrindən biridir. Bu faciə törədilərkən heç kimə fərq qoyulmadan – qocalar, uşaqlar, qadınlar xüsusi amansızlıqla qətlə yetirilmişlər.
Arif Qasımov ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra xalqımızın başına gətirilən fəlakətlər barəsində beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırılması ilə əlaqədar görülən işləri xatırlatmış və bildirmişdir ki, Xocalı faciəsi ilə əlaqədar son illər dünya ictimaiyyətinə ətraflı məlumat verilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Artıq dünyanın bir neçə ölkəsinin parlamentlərində Xocalı faciəsi müzakirə olunmuş və ermənilərin qəddarlığı ciddi narazılıq yaratmışdır.
Tədbirdə Yeni Azərbaycan Partiyası fəallarından Vüsalə Əliyeva, Yaşar Hacıyev, Vəfa Həsənova və başqaları çıxış edərək xalqımızın başına gətirilmiş müsibətlərdən danışmışlar.
Sonra tədbir iştirakçıları Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş sərgiyə baxmışlar.
Xəbərlər şöbəsi