22 Dekabr 2024, Bazar

Fevralın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimini AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin hazırlanması sahəsində görülən işlər və qarşıda duran vəzifələrdən danışaraq qeyd etmişdir ki, çoxcildliyin 451 səhifədən ibarət olan birinci cildi qısa müddətdə, olduqca gərgin və məhsuldar fəaliyyət sayəsində ərsəyə gəlmişdir.

Bu cild Naxçıvanın ən qədim zamanlardan başlayaraq XVIII əsrin 40-cı illərinədək olan böyük bir dövrünü əhatə edir. 7 fəsildən ibarət olan kitabda 500-dən çox mənbə və ədəbiyyatdan istifadə edilmiş, Naxçıvanın bu dövrə aid tarixi-siyasi xronologiyası yaradılmışdır. Kitabda 20-yə yaxın xəritə, arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş 100-ə yaxın maddi-mədəniyyət nümunələrinin, 60-dan çox kitabə və tarixi abidənin fotoşəkli yerləşdirilmişdir.
AMEA Naxçıvan Bölməsinin sədri “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin hazırlanması ilə bağlı bütün prosesləri şəxsi nəzarətinə götürdüyünə və yüksək şəkildə himayə etdiyinə görə çoxcildliyin müəllifləri adından, bütövlükdə, muxtar respublikanın elmi ictimaiyyəti adından muxtar respublika Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov təqdimat mərasimində çıxış edərək demişdir ki, bu kitab Nax­çıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” 2012-ci il 6 avqust tarixli Sərəncamına əsasən çap olunmuşdur. Muxtar respublika rəhbərinin imzaladığı Sərəncamda qeyd olunur ki, “Azərbaycanın Naxçıvan Muxtar Respublikası böyük bir tarixi keçmişə malikdir. Aparılmış elmi tədqiqatlar sübut edir ki, Naxçıvan Muxtar Respublikasının yerləşdiyi ərazi bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olmuşdur. Bu ərazi antik, orta əsrlər və müasir mədəniyyət nümunələri və tarixi abidələrlə – ilk insanların yaşadığı mağaralar, qədim yaşayış yerləri, qədim şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir”.
Bu zənginlik öz-özünə yaranmamışdır. Onun yaradıcısı olan Azərbaycan türkləri min illər boyu bu ərazidə ardıcıl həyat sürmüş, özlərindən sonra Ovçular təpəsi və Qazma mağarası kimi ilk insan məskənlərini, eradan əvvəl 5-7-ci min­illiklərin yadigarı olan Əshabi-Kəhf və Gəmiqaya kimi qədim mədəniyyət və dəyərlər panteonunu, 5 min il bundan əvvələ aid edilən və mükəmməl sivilizasiya göstəricisi olan Naxçıvan şəhər mədəniyyətini qoyub getmişlər. Lakin bu mədəniyyət, əcdadlarımız tərəfindən yaradılan bu qədim tarix lazımi səviyyədə öyrənilməmişdir. Uzun bir dövr ərzində Azərbaycan tarixində yol verilmiş boşluqların, nöqsan və çatışmazlıqların aradan qaldırılması vacibliyindən danışan ümummilli lider Heydər Əliyev demişdir: “Biz artıq müstəqil dövlət olaraq tariximizi düzgün, doğru, kənar təzyiqlərdən azad şəkildə özümüz müəyyən edirik. Həm bu gün, həm də gələcək nəsillər üçün Azərbaycan tarixinin bu hissəsini yaradıb həm öz ictimaiyyətimizə, həm də dünya ictimaiyyətinə nümayiş etdirməli, gələcək nəsillər üçün bir əsas yaratmalıyıq”.
Naxçıvan Muxtar Respublikasında ulu öndərin irəli sürdüyü “gələcək nəsillər üçün tarixi əsas”ın yaradılması işinə 1996-cı ildən başlanmışdır. Həmin il keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumu Azərbaycan tarixinin bir qolu olan Naxçıvan tarixinin öyrənilməsində mühüm mərhələ təşkil etmişdir. Simpoziumdakı proqram xarakterli çıxışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bildirmişdir ki, “...tariximizə, dilimizə, ədəbiyyatımıza, folklorumuza, arxeologiya və etnoqrafiyamıza dair araşdırmalar ön mövqeyə çəkilməlidir. Çünki müstəqillik dövrünə keçidin əsas xüsusiyyətlərindən biri olan milli-mənəvi özünüdərketmə prosesinin dərinləşməsi və sağlam əsaslar üzrə inkişaf etdirilməsi, ilk növbədə, xalqın öz tarixi keçmişinə, dilinə, milli ənənələrinə bələd olmasına, yiyələnməsinə zərurət doğurur... Bütün bunlar isə, ilk növbədə, Naxçıvanın yeni istiqamətdə, yeni milli ruhda və gerçək mənbələr əsasında, milli mənafe əsas götürülməklə əsl tarixinin yazılmasını meydana çıxarmalıdır. Bizə görə “Uluslararası qaynaqlarda Naxçıvan” simpoziumunun materialları ən yaxın dövrdə yazılacaq Naxçıvan tarixinin proqramı, eskizi, bəlkə də, əsas istiqaməti olacaqdır”.
Göründüyü kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri özünün əsas ideya rəhbəri və yaradıcısı olduğu fundamental “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanmasına hələ 1996-cı ildən başlamışdır. Həmin simpoziumdan ötən 18 il ərzində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində Naxçıvan Muxtar Respublikasında xeyli iş görülmüşdür. Naxçıvanın öyrənilməsi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmış, muxtar respublika tarixinin ayrı-ayrı dövrlərinə həsr olunmuş elmi simpozium və konfranslar keçirilmişdir. Muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri pasportlaşdırılaraq əldə olunmuş materiallar əsasında “Naxçıvan Abidələri Ensiklopediyası” hazırlanmışdır. İkicildlik “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan xanlığı”, “Naxçıvan tarixi atlası” kimi mühüm elmi dəyərə malik kitablar, ümumilikdə, 1200-dən çox kitab, ensiklopediya, monoqrafiya, dərs vəsaiti, broşüra, elmi məqalə və tezislər çap olunmuş, doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir.
Vurğulanmışdır ki, son dövrlərdə aparılan araşdırmalar nəticəsində Naxçıvanın mədəniyyəti, tarixi və abidələri, arxeologiya və etnoqrafiyası, təbii sərvətləri müxtəlif tədqiqatların predmetinə çevrilmişdir. Yeni elmi istiqamətlər müəyyənləşdirilmiş və bir sıra nəticələr əldə olunmuşdur. Bununla yanaşı, Naxçıvan tarixinin müxtəlif dövrlərinə və problemlərinə dair xeyli sayda elmi-tədqiqat materiallarının nəşr olunması, keçirilmiş arxeoloji ekspedisiyalar nəticəsində mühüm elmi dəyərə malik olan materialların əldə edilməsi də “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması üçün əsas yaratmışdır. Və bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2012-ci il 6 avqust tarixli Sərəncamla “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanmasını qərara almışdır.
Kitab hazırlanarkən ilk dəfə olaraq Naxçıvan əhalisinin etnogenez tarixi, ilkin məskunlaşma və şəhər mədəniyyəti yerləri ilə bağlı sistemli tədqiqat işləri aparılmışdır. Qədim və orta əsrlərə aid ən yeni elmi istiqamət və arqumentlər, müstəqillik dövründə aparılmış arxeoloji tədqiqat materialları ilk dəfə olaraq tədqiqata cəlb edilmişdir. Qeyd olunanlar göstərir ki, “Naxçıvan tarixi” çoxcildliyində bəhs edilən hər bir hadisə və tarixi dövrün arxasında ciddi elmi fakt və dəlillər, konkret arxeoloji materiallar dayanır. Bu isə onun elmi tutumunu və dəyərini daha da artırır. Şübhə yoxdur ki, “Naxçıvan tarixi” kitabı muxtar respublika elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanacaq, təhsil müəssisələri, eləcə də mütəxəssislər və tədqiqatçılar ondan ilkin və obyektiv mənbə kimi faydalana biləcəklər. Əcəmi Nəşriyyat Poliqrafiya Birliyində nəfis tərtibatda çap olunmuş “Naxçıvan tarixi” kitabı muxtar respublikada tarix elminin ciddi nailiyyəti, Azərbaycan tarixşünaslığına qiymətli töhfədir.
Əli Həsənov kitabı Azərbaycanın bu qədim torpağının tarixinin, arxeologiya və etnoqrafiyasının, folklorunun və milli dəyərlərinin araşdırılması sahəsində muxtar respublika rəhbəri cənab Vasif Talıbov tərəfindən müəyyənləşdirilmiş ardıcıl və sistemli işin, düzgün elmi istiqamətin bəhrəsi kimi dəyərləndirmiş, “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin hazırlanmasında əməyi olanların hamısına muxtar respublika Ali Məclisi Sədrinin təşəkkürünü çatdırmış və “Naxçıvan tarixi” kitabının nəşri münasibətilə elmi ictimaiyyəti, ziyalıları təbrik etmişdir.
Sonra kitabın hazırlanmasında əməyi olanlara Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatları təqdim olunmuşdur.
Mərasimdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli, Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, professor Akif İmanlı çıxış edərək “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin elmi əhəmiyyətindən və tarix elminin inkişafındakı rolundan bəhs etmişlər.
Sonda “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildi müəlliflərə təqdim olunmuşdur.      

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR