Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində “2013-cü ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.
Kollegiya iclasında məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, 2013-cü ildə muxtar respublika gömrük orqanları daxili bazarın qorunması, büdcənin formalaşdırılması, hüquqpozmalara qarşı mübarizə, iş prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlərlə Naxçıvanın sosial-iqtisadi inkişaf dinamikasının qorunmasına mühüm töhfələr verib.
Culfa və Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqələrinin ardınca Sədərək gömrük sərhəd-buraxılış məntəqəsində də X-Ray rentgen nəzarət-yoxlama kompleksinin qurulduğunu deyən komitə sədri bununla da, muxtar respublikaya bütün istiqamətlər üzrə gətirilən mallara gömrük nəzarətinin həyata keçirilməsi işində keyfiyyətin yüksələcəyini, avtonəqliyyat vasitələrinin beynəlxalq normalara uyğun olaraq sürətli keçidinin təmin ediləcəyini bildirib.
Qeyd olunub ki, 2013-cü ildə muxtar respublika gömrük orqanları tərəfindən fiskal funksiyanın yerinə yetirilməsi istiqamətində də işlər uğurla icra edilib. Belə ki, 2013-cü il ərzində büdcənin formalaşdırılması üçün müəyyən olunmuş 4 milyon manat proqnoza qarşı 8 milyon 354 min 793 manat vəsait toplanaraq təyinatı üzrə köçürülüb, proqnoz-tapşırıq 209 faiz yerinə yetirilib. Toplanmış vəsait Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 12,9 faizini təşkil edib. Gömrük rüsum və vergilərinin bank və ya POS-terminallar vasitəsilə ödənilməsinə diqqət artırılıb. İlk dəfə olaraq 2013-cü ildən gömrük ödənişlərinin internet üzərindən elektron qaydada həyata keçirilməsinə başlanılıb.
Ötən il 45 xarici dövlətlə ticarət əməliyyatları aparılıb, muxtar respublikanın xarici ticarət dövriyyəsi 2012-ci illə müqayisədə 13,5 faiz artaraq 511 milyon 988 min ABŞ dolları səviyyəsinə çatıb. Muxtar respublikanın sosial-iqtisadi inkişafının məntiqi nəticəsi olaraq bu il də ixracın həcmi idxalı üstələyib, xarici ticarət dövriyyəsinin 78,6 faizi ixrac, 21,4 faizi isə idxal əməliyyatlarının payına düşüb.
Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli qəbul olunmuş dövlət proqramlarının 2013-cü il ərzində muxtar respublika gömrük orqanları tərəfindən icra vəziyyəti və daxili bazarın qorunması istiqamətində görülmüş işlərdən danışıb.
Komitənin Audit şöbəsinin rəisi, gömrük xidməti polkovniki Tofiq Hüseynov 2013-cü ildə həyata keçirilən audit yoxlamalarının nəticələri barədə məruzə edib.
Sonra “Naxçıvanterminalkompleks” Birliyinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Nurəli Tağıyevin rəhbərlik etdiyi qurumun illik fəaliyyəti ilə bağlı hesabatı dinlənilib.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edib.
Tədbirə yekun vuran komitə sədri 2014-cü ilin Naxçıvanda “Muxtariyyət ili” elan edildiyini xatırladaraq məsuliyyət və əzmkarlığın artırılmasının əsas tələb olduğunu deyib. Sonda idxal-ixrac əməliyyatlarının mövsümə uyğun olaraq tənzimlənməsinin, sərhəd-buraxılış məntəqələrində sanitariya və karantin mühafizəsi üçün tədbirlərin müasir tələblər səviyyəsində təşkilinin diqqət mərkəzində saxlanılmasının, gömrük ödənişlərinin bank, plastik kart və ya elektron qaydada ödənilməsinin təmin edilməsinin, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma halları ilə mübarizənin, işdə yol verilən nöqsanların bir daha təkrarlanmaması və nizam-intizamın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti