22 Dekabr 2024, Bazar

Yadımdadır, universitet təhsili illərində toponimika fənnini bizə tədris edən professor yaxın ərazilərin adlarını izah edərkən belə demişdi: “Azərbaycan ərazisində yayılan toponimlərin əksəriyyəti əkslik təşkil edir. Məsələn, bir ərazidə hər hansı bir toponim “isti su” mənasını verirsə, əmin olun ki, yaxınlıqda “soyuq su” mənasını verən hansısa toponim də vardır. Ya da hər hansı bir kənd adında “aşağı” sifəti varsa, yaxınlıqda bunun əksini ifadə edə bilən “yuxarı” sifəti ilə ifadə olunmuş daha bir toponim olacaqdır”.

Məsələn, Babək rayonu ərazisində yerləşən Sirab və Qahab kəndləri kimi. “Sirab” “suyu bol olan” mənasını verirsə, “Qahab” “suyu az olan” deməkdir.
Yuxarıdakı məntiqdən çıxış etsək, bu yurda, bu torpaqlara gələn xoşniyyətli insanları xoş üzlə “ya sin” (ey insan) deyərək qarşılayan Möminə xatın türbəsi vardırsa, bu yurda bəd niyyətlə gələn, onu əsarətdə saxlamaq istəyən insanları sərt qarşılayan bir rəmz də olmalı idi. Yurdun çətin günündə bu xalqın üz tutduğu, sığındığı, varını və varlığını qoruduğu bir məkan, yadelliyə, düşmənə yurdumdan “əlini çək” dediyi bir məkan – Əlincəqala.

Xalq etimologiyasında adının izahı “əlini çək”, bəzi tədqiqatçılara görə, “Alancik” (“boş sahə”) mənasını verən Əlincəqalanın tikilmə tarixini bəzən 2 min il bundan əvvələ aid edirlər. “Kitabi- Dədə Qorqud”da möhkəm istehkam kimi təsvir olunan Əlincəqala haqqında orta əsr tarixçilərindən Nəsəvi, Şərafəddin Əli Yəzdi, Həmdullah Qəzvini, türk səyyahı Övliya Çələbi, alman hərbçi səyyahı İohan Şiltberqer də məlumat vermişlər.
“Əlincə” sözünün hansı mənaya gəldiyini düşünərkən, fikrimizcə, digər bir ehtimal da ola bilər. Bəzi orta əsr mənbələri Əlincəqaladan “Yeröncək” deyə bəhs edir (bax: Nailə Vəlixanlı “Naxçıvan – ərəblərdən monqollaradək (VII-XII əsrlər”). Sonralar “Əlincək”ə çevrilən “Yeröncək” isə “ilk məskən, ilk yurd” mənasını verir. Belə ki, sözün birinci hissəsi “yer” bu gün də dilimizdə və bir çox digər türk dillərində “yurd”, “məkan”, “torpaq” mənalarında işlənir. Əslində, bu söz qədim şumer türklərində “ur” kimi ifadə olunan məskən-şəhər sözünün sonradan şəkildəyişməsi də hesab oluna bilər (Ur – yur (yer), yurt – yurd). “Öncək” isə daha çox Orta Asiyanın türk xalqlarının dillərində “giriş”, “ilkin”, “əvvəlki” mənalarını ifadə edir. Bu söz bu gün dilimizdə öz varlığını “öncə” kimi saxlayır. Beləliklə də, ehtimal ki, “Yeröncək” qala ilə bağlı ad deyildir, hələ qalanın bu ərazidə inşa olunmasından daha əvvəl bu əraziyə verilən ad olmuşdur. Kim bilir, bəlkə, Gəmiqayadan Nuh qövmündən ayrılan Nuhun Türk adlı oğlunun və tərəfdarlarının ilk məskənidir bura.
Öncəki yazılarımızdan birində də qeyd etdiyimiz kimi, Əlincəqala həm müqəddəsliyi, həm də qəhrəmanlığı ilə Naxçıvanı qoruyan rəmzdir. Əlincəqala bu xalqın yenilməzlik simvolu, bu yurdun məğlubedilməzlik nişanəsidir. Əsrlərlə Azərbaycanın ərazisində mövcud olmuş neçə-neçə feodal dövlətinin məhz Əlincəqalanı strateji ərazi kimi nəzarətdə saxlamağa çalışması təsadüf hesab edilə bilməz. Əlincəqalanın Atabəylər dövründə dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Sədrəddin Əli əl-Hüseyni “Əxbar əd-dövlət əs-Səlcuqiyyə”də də yazır. Onun yazdıqlarından aydın olur ki, ilk Eldəniz hökmdarları dövründə İraq və Azərbaycandan yığılan bütün gəlirlər məhz Əlincəqaladakı xəzinədə toplanmışdır. Hətta bəzi dövrlərdə məhz Əlincəqaladakı xəzinəyə sahiblənmək uğrunda ciddi mübarizə getmişdir. Qalanın müdafiə sistemi o dərəcədə möhkəm olmuşdur ki, hətta bir çox Eldəniz hökmdarları ən çətin vaxtlarda məhz Naxçıvana sığınmağa çalışmışlar. Mənbələrdə verilən məlumatlar da bunu təsdiq edir. Sonuncu atabəy Özbəyin dövründə dövlətin Təbrizdən idarə olunmasına baxmayaraq, dağıdıcı monqol hücumlarından canını qorumaq üçün o, ilk növbədə, Naxçıvanda məskunlaşmağa çalışmışdı. İbn əl-Əsir 12 cildlik “Əl-kamil fi-t-tarix” (“Mükəmməl tarix”) əsərində bu haqda bəhs etmişdir: “Təbrizin əsl hakimi Özbək Pəhləvan oğlu oranı buraxıb getmişdi. Çünki o, fəaliyyətsiz bir əmir idi. ...Tatarların Həmədandan çıxıb gəlməkdə olduqlarını eşitdikdə özü Təbrizi buraxıb Naxçıvana getmiş və ailəsini özündən uzaqlaşdırmaq üçün Xoya göndərmişdi”. Mirxondun məlumatlarından isə aydın olur ki, Özbək Naxçıvana gəldikdən sonra Əlincəqalaya çəkilmişdir. Azərbaycan Atabəylər dövlətinin ən qüdrətli dövrlərində buranın xüsusi iqamətgaha çevrilməsi, dövlət xəzinəsinin məhz Əlincəqalada gizlədilməsi ərazinin və qalanın əhəmiyyətindən xəbər verir. Bir zaman öz daxilində Atabəylərin xəzinəsini gizlədən, 1387-1401-ci illərdə, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərən Əlincəqala bu gün şanlı tariximizin neçə-neçə xəzinəsini yaşadır özündə.
Xəzinələr isə o zaman əhəmiyyətli olur ki, onlar torpağın dərin qatları altından tapılaraq üzə çıxarılır, qorunur və gələcək nəsillərə ötürülür. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam Naxçıvan ərazisindəki tarixi abidələrin öyrənilməsi istiqamətində 2005-ci ildən başlanılan işin davamı, əzəmətli  Əlincəqala tarixinin yeni epoxasının başlanğıcıdır. 2007-ci ildən dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmiş Əlincəqalada sərəncama əsasən hazırlanacaq elmi bərpa layihəsi əsasında işlərin aparılması, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin yaradılması ulu tariximizin bu yadigarının həm keçmiş əzəmətinin, həm də keçmiş şöhrətinin özünə qaytarılmasına xidmət edəcəkdir. Başqa sözlə desək, əsrlər boyunca dünyanın dörd bir tərəfindən gəlmiş fatehləri heyran qoyan Əlincəqala sərəncamın icrasından sonra dünyanın dörd bir tərəfindən gələn turistləri heyran qoyacaqdır. Bu isə təkcə tarixi abidənin qorunmasını deyil, bu istiqamətdə mövcud olan turizm marşrutu potensialının reallaşdırılmasını, Əlincəni görmək istəyən turistlərə xidmət edə biləcək xidmət obyektlərinin yaradılmasını təmin edəcəkdir. Bu turizm mar­şrutu istiqamətində yerləşən kəndlərdə yaşayan insanlar gələn turistləri təkcə Əlincəqalanın əzəməti ilə deyil, həm də yaradılan xidmət müəssisələrində qonaqlara təqdim edəcəkləri milli təamların ləzzəti ilə heyrətləndirə bilərlər.
Uzun illər bölgənin tarixinin, etnoqrafiyasının öyrənilməsi ilə məşğul olmuş alimlərimiz hesab edirlər ki, bu sərəncam Naxçıvan tarixi üçün mühüm və müdrik bir sənəddir.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev: “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 11 fevral 2014-cü il tarixli Sərəncamının çox böyük tarixi əhəmiyyəti vardır. Naxçıvan öz tarixi abidələri ilə məşhurdur. Bu abidələr içərisində Əlincəqalanın özünəməxsus yeri və rolu vardır. Əlincəqala deyəndə, ilk növbədə, əyilməzlik, mübarizlik, möhtəşəmlik yada düşür. Çünki orta əsrlərdə düşmənlərdən qorunmaq üçün bura həm də bir sığınacaq, müdafiə yeri olmuş, Azərbaycan Atabəylər dövlətinin və sonrakı dövlətlərin xəzinəsi orada qorunmuşdur. Orta əsrlərin ictimai-siyasi həyatında Əlincəqalanın rolu və xidmətləri olduğundan həmin dövrün mənbələrində qalanın adı və fəaliyyəti dönə-dönə xatırlanır.
Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələri özünün ikinci həyatını yaşayır, 60-a qədər tarix və mədəniyyət abidələri  bərpa və rekonstruksiya olunmuşdur. Artıq növbə Əlincəqalaya çatmışdır. Yaxın vaxtlarda bu unikal abidənin bərpasının şahidi olacağıq”.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli: “Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı tədbirlər içərisində tarix-mədəniyyət abidələrinə, onların qorunmasına, bərpasına və təbliğinə yüksək dövlət qayğısı özünü parlaq şəkildə göstərir. Kütləvi informasiya vasitələri ilə verilən xəbərlər əsasında biz bunun yeni bir təzahürünün şahidi olduq. Ali Məclisin Sədri xalqımızın əlçatmazlıq, əyilməzlik, məğrurluq və məğlub­edilməzlik simvolu, müxtəlif dövlətlərin xəzinələrinin saxlanması üçün etibarlı bir yer, ümumiyyətlə, Azərbaycanın ən güclü müdafiə qalalarından olan və tariximizdə şərəfli bir iz buraxan Əlincəqalanın bərpası haqqında sərəncam verməklə çox xeyirxah bir işə imza atmışdır. Naxçıvanın orta əsrlər dövrünün tarixi ilə məşğul olan bir tədqiqatçı kimi Ali Məclis Sədrinin bu sərəncamını çox böyük razılıq hissi ilə qarşılayır və onu tariximizə, mədəniyyətimizə hörmətin, ehtiramın, diqqətin, qayğının yeni bir təzahürü hesab edirik”.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə: “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamı Naxçıvanda başlanmış bir ənənənin – tarixi abidələrə, bütövlükdə, maddi və mənəvi mədəniyyətimizə münasibətin yeni bir təzahür formasıdır. Məlumdur ki, Naxçıvan şəhəri və muxtar respublikamızın digər ərazilərindəki bir çox tarixi abidələrdə çox ciddi şəkildə bərpa işləri aparılmış və aparılmaqdadır. Əlincə kimi möhtəşəm, Azərbaycan tarixində, bütövlükdə, Şərq tarixində böyük rol oynamış  bir qalanın bərpası haqqında  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi Sərəncam olduqca diqqətəlayiqdir. Tariximizə, tarixi irsimizə böyük diqqətin bariz nümunəsidir və bütün tarixçilərin, vətəndaşların ürəyincə olan bir məsələdir. Yəni bu təkcə Əlincəqalaya deyil, Azərbaycan tarixinə, Azərbaycan tarixşünaslığına, Azərbaycanın maddi və mənəvi mədəniyyətinə dövlət qayğısının ən böyük təzahürüdür”.
AMEA Naxçıvan Bölməsi Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev: “Əlincəqala qədim Oğuz yurdu, Kəngərli yurdu Naxçıvanın əyilməzliyinin, döyüşkənliyinin, məğlubedilməzliyinin simvoludur. Əlincəqala haqqında nəinki orta əsr mənbələrində, hətta XVIII-XIX əsrlərə aid sənədlərdə, arxiv materiallarında da maraqlı məlumatlar vardır. Bu sənədlərlə tanışlıq sübut edir ki, Əlincəqala təkcə inkişaf etmiş orta əsrlər dövründə deyil,  XVIII-XIX əsrlərdə də öz əzəməti ilə görənləri heyran etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan yeni sərəncam hamının ürəyincədir. “Şərq qapısı” qəzetində sərəncamla tanış olarkən burada həm də muzeyin yaradılacağını öyrəndikdə bu sərəncamın nə qədər ali məqsədlərə xidmət etdiyi mənim üçün bir daha aydın oldu. Bu, Naxçıvanın rəhbərinin tariximizə sonsuz sayğısından doğan bir tarixi sənəddir”.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR