22 Dekabr 2024, Bazar

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirmişdir. Əvvəlcə faciə qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev Xocalı qətliamından, erməni vandallarının vəhşiliyindən söz açaraq demişdir ki, Azərbaycanın müasir tarixində unudulması mümkün olmayan, bütövlükdə, xalqın şüuruna dərin iz salan elə faciəli hadisələr var ki, heç zaman qan yaddaşımızdan silinməyəcək. Erməni faşizminin xislətini, gerçək mahiyyətini açan Xocalı soyqırımı belə dəhşətli hadisələrdən biridir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir. Bu cinayət ağırlığına görə Xatın və Sonqmi kimi dəhşətli faciələrlə müqayisə edilir. Xocalı qətliamı, əslində, neçə on illərdən bəri ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətinin davamı idi.
Qeyd olunmuşdur ki, Xocalı faciəsi xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı misligörünməmiş bir təcavüz olmaqla yanaşı, həm də tariximizin qəhrəmanlıq səhifəsidir. O gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Vurğulanmışdır ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması, eləcə də erməni faşizminin ifşası ilə bağlı ilk əməli təşəbbüs dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsini, eləcə də digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.
Bu məqsədlə atılan mühüm addımlardan biri də erməni təcavüzü nəticəsində üzləşdiyimiz faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi olmuşdur. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
Bildirilmişdir ki, Azərbaycan dövləti erməni faşistlərinin törətdikləri Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ildən artıqdır, məqsədyönlü və sistemli iş aparır.
Sonra partiya üzvlərindən İbrahim Hənifəzadə, Vasif Kazımov, Sevinc Ağayeva çıxış etmişlər.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR