22 Dekabr 2024, Bazar

Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Tele­viziya və Radio Şurasının, “Kanal 35” televiziyasının və “Naxçıvanın səsi” radiosunun 2013-cü ildəki fəaliyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Dövlət Tele­viziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair çıxış edərək demişdir ki, ötən il televiziya və radioda kənar müəlliflərlə əməkdaşlıq genişləndirilmiş, yeni gənc əməkdaşlar işə götürülmüş, nitq mədəniyyəti üzrə kurs təşkil edilmiş,  televiziyada bədii şura yaradılaraq fəaliyyəti təmin olunmuşdur. Kollektiv muxtar respublikada elan edilmiş “Heydər Əliyev ili”ni uğurla başa vurmağa çalışmışdır. Ötən il ictimai-siyasi, sosial-iqtisadi və mədəniyyət məsələləri ilə bağlı proqramların, eləcə də müxtəlif sahələr üzrə aparılan jurnalist araşdırmalarının səviyyəsini yüksəltmək üçün televiziya əməkdaşları peşəkar­lıq göstərməyə çalışmış, televiziya və radioda 2900-ə yaxın veriliş, 3500-ə yaxın xəbər, çarx və keçidlər, yeni sənədli və televiziya filmləri hazırlanaraq efirə verilmişdir.

Sahil Tahirli görülən işlərlə yanaşı, hələ də işdə müəyyən nöqsanlara yol verildiyini bildirmiş, montajın zəifliyi, faktların hadisə yerlərindən dəqiq götürülməməsi, qrafika və rejissor işinin, o cümlədən aparıcı hazırlığının və əməkdaşların ya­radıcılıq axtarışlarının tələb olunan səviyyədə olmadığını bildirmişdir.
Sonra Radio Televiziya Ötürücü Mərkəzin Televiziya və Radio Verilişləri redaksiyasının baş redaktor əvəzi İlkin Rzayevin çıxışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov iclasda çıxış edərək demişdir ki, kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə fəal təsir imkanlarına malikdir. Ona görə də ölkəmizdə kütləvi informasiya vasitələrinin, o cümlədən televiziya və radioların inkişafına xüsusi diqqət göstərilir. Ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə ikinci qayıdışından sonra müstəqil dövlətçilik və milli maraqlar çərçivəsində həyata keçirilən tədbirlərin mühüm bir istiqaməti də teleradioların fəaliyyətinin genişləndirilməsinə yönəldilmiş, kütləvi informasiya vasitələrinin maddi-texniki və qanunvericilik bazası təkmilləşdirilmiş, yeni reallıqlar nəzərə alınaraq konkret tədbirlər görülmüşdür. Qeyd etmək kifayətdir ki, 1993-cü ildən ötən dövr ərzində ölkəmizdə bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 40-a yaxın normativ-hüquqi akt qəbul olunmuş, müstəqil və ictimai teleradio kanalları açılaraq fəaliyyətə başlamışdır. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında da ardıcıl tədbirlər həyata keçirilir. Hazırda muxtar respublikada 2 televiziya və 2 radio fəaliyyət göstərir, rəqəmsal əsasda 12 televiziya və 9 radio kanalının yayımı həyata keçirilir. Bundan başqa, müxtəlif yayım paketlərinə malik olan kabel tele­viziyası və İP televiziya fəaliyyətə başlamışdır.
Göründüyü kimi, muxtar respublikanın efir məkanında televiziya tamaşaçılarının və radio dinləyicilərinin seçimi üçün geniş imkanlar vardır. Belə bir şəraitdə dövlətə məxsus tele­viziya və radioların üstün istiqamətlərinin təmin edilməsi, ictimaiyyətə təsir imkanlarının və fəaliyyətlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanmış, maddi-texniki bazalar gücləndirilmişdir. Bu sahədə görülən işlər göz qabağındadır. Muxtar respublika televiziya və radioları sürətli yeniləşmə mərhələsinə qədəm qoymuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binası yenidən qurulmuş, dövlət teleradiosunun ayrıca kanalla yayımı təşkil olunmuş, gündəlik verilişlərin həcmi artırılmışdır. Komitədə ən son texnologiya məhsulu olan yüksəkkeyfiyyətli rəqəmsal teleradio avadanlıqları alınıb quraşdırılmışdır. Dövlət televiziyasına sənədli və tele­viziya filmlərinin hazırlanması üçün kompleks avadanlıqlar alınıb verilmiş, redaksiyalar audio yazı aparatları, kompüter və televizorlarla, eləcə də çəkiliş üçün nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Muxtar respublikada “Naxçıvanın səsi” radiosunun və “Kanal 35” televiziyasının yaradılması da əlamətdar hadisəyə çevrilmiş, bu kanalların fəaliyyəti üçün müvafiq şərait yaradılmışdır. Dövlət televiziyasında olduğu kimi, “Kanal 35” televiziyasında da virtual studiya fəaliyyətə başlamış, montaj və studiya kompüterləri, müasir işıqlandırma sistemləri alınıb quraşdırılmışdır. Bundan başqa, yeni düşüncə tərzi ilə işləməyi  bacaran kadrların seçilib yerləşdirilməsi və rəhbərlikdə müvafiq kadr dəyişikliklərinin aparılması da diqqət mərkəzində saxlanmış, muxtar respublikanın efir məkanında dövlət siyasətinin təmin olunması məqsədilə Televiziya və Radio Şurası yaradılmışdır. Teleradio işçilərinin əməyinin qiymətləndirilməsi, onların Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, orden və medallara layiq görülməsi, müxtəlif fəxri adlarla təltif olunmaları da göstərilən qayğının ifadəsidir. 2013-cü il də daxil olmaqla əvvəlki dövrlər ərzində muxtar respublika rəhbəri cənab Vasif Talıbovun himayəsi ilə həyata keçirilən tədbirlər bütün istiqamətlər üzrə teleradioların fəaliyyətinin gücləndirilməsinə, işin səmərəliliyinin artırılmasına yönəldilmişdir.
2014-cü il yanvarın 30-da “2013-cü ilin yekunları və qarşıda duran vəzifələr”lə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbov il ərzində görülmüş işləri təhlil edərək diqqəti yol verilmiş nöqsan və çatışmazlıqlara yönəltmiş, kütləvi informasiya vasitələrinin də onlar üçün yaradılmış şəraitdən istifadə edə bilmədiklərini qeyd edərək demişdir: “Teleradio və qəzetlərdə materiallar hazırlanarkən faktlar ciddi araşdırılmır, qeyri-obyektiv yanaşma halları müşahidə olunur. Teleradiolarda bədii şuraların yaradılmasına baxmayaraq, onların fəaliyyəti hiss edilmir... Aktual mövzularda... yazılar az hazırlanır”.
Əli Həsənov yol verilən nöqsanlardan və qarşıda duran vəzifələrdən danışaraq demişdir: “İl ərzində aparılan monitorinqlərin təhlili göstərir ki, televiziya və radiolarda ən müasir texnologiyaların alınıb quraşdırılması nəticəsində yeni imkanların yaranmasına baxmayaraq, jurnalistlərin yaradıcılıq axtarışları bu imkanlara cavab vermir. Peşəkarlıq istənilən səviyyədə deyil. Tamaşaçı və dinləyici auditoriyasının informasiyaya artan tələbatı dolğun şəkildə ödənilmir. Bu gün açıq peyk məkanına və ya xarici auditoriyaya asanlıqla təqdim oluna biləcək veriliş və proqramlar çox azdır. Bunun bir sıra səbəbləri var. Əsas səbəb isə televiziya və radiolarda fəaliyyət göstərən redaksiyaların öz işlərini qarşıya qoyulan tələblər səviyyəsində qura bilməməsidir. Xüsusilə baş redaktorların veriliş mətnlərini zəif redaktə etmələri, redaksiya əməkdaşları ilə qarşılıqlı yaradıcılıq müzakirələri aparmamaları, son nəticədə, tele və radio materiallarının keyfiyyət amilinə ciddi təsir göstərir. Açıq-aşkar görünür ki, əməkdaşlar mövzu seçimində çətinlik çəkirlər.
Teleradiolarda proqram siyasəti vacib şərtlərdən olsa da, buna lazımi diqqət yetirilmir. Efir daha çox müxtəlif televiziya və radio kanallarının hazır məhsulları ilə yüklənir. Aparılan təhlillər göstərir ki, tele­viziyaların il ərzində təqdim etdikləri materialların 60-70 faizi öz məhsulları deyil. Televiziya və radiolar vaxt doldurmaq prinsipləri ilə yox, vaxtdan səmərəli istifadə prinsipləri ilə fəaliyyət göstərməlidirlər. “Kanal 35” televiziyasında muxtar respublikadan bəhs edən materialların illik həcmi artırılmalıdır. Bunun üçün dövlət televiziyasının məhsulu olan sənədli və televiziya filmlərinə də müraciət oluna bilər. Lakin bu filmlər peşəkar­lıqla hazırlanmalı, əməkdaşlarla yanaşı, kənar mütəxəssislərin də yaradıcılıq imkanlarından istifadə edilməlidir. Nəzərə almaq lazımdır ki, sənədli film bir dəfə nümayiş üçün yox, uzun bir dövr ərzində tamaşaçı tələbatının ödənilməsi üçün nəzərdə tutulur. Başqa bir nöqsan teleradiolarda hələ də ünvanlılığın təmin olunmamasıdır. Xüsusilə də səhər saatlarında verilən teleradio materiallarında mövzu pərakəndəliyi və ünvansızlıq müşahidə edilir. Teleradio rəhbərləri və bədii şuralar, birinci növbədə, keyfiyyətin yüksəldilməsinə çalışmalıdırlar. Ötən dövrdəki fəaliyyət bir daha göstərir ki, bu sahədə nöqsanlar qalmaqdadır. Ədəbi dil normalarının qorunmasına, verilişlərin yaradıcılıq keyfiyyətinə, mövzu seçiminə, tamaşaçı və dinləyici auditoriyasının nəzərə alınmasına ciddi riayət olunmalı, bədii şuralar ictimai nəzarətçi kimi öz funksiyalarını doğrultmalıdırlar”.
Kollegiya iclasında radioların fəaliyyəti də təhlil olunmuş və bildirilmişdir ki, verilişlərdə araşdırma, təhlil, jurnalist yanaşması hiss olunmur. Televiziyalardan fərqli olaraq, radiolarda görüntü olmadığı üçün əsas iş aparıcıların təqdimatından asılıdır. Bu mənada radio efirində peşəkarlıq, səlis və aydın nitq daha çox ön plana çəkilir. Dövlət radiosunda və “Naxçıvanın səsi” radiosunda bu sahədə ciddi boşluqlar vardır. Aparıcı hazırlığı aşağı səviyyədədir. Eyni zamanda radiolarda musiqi tərtibatçılarının işi də düzgün qurulmayıb. Verilişlərin mövzusuna uyğun fon musiqiləri seçilmir, efirə bayağı konsert blokları təqdim olunur. Bütövlükdə, istər dövlət televiziya və radiosunda, istərsə də “Kanal 35” tele­viziyasında və “Naxçıvanın səsi” radiosunda muxtar respublikanın həyatı lazımi şəkildə işıqlandırılmır, görülən işlərin mahiyyəti peşəkar dildə açıqlana bilmir. Nöqsanlara yol verilir. Bu, ssenarilərdən tutmuş aparıcıya, rejissora, kino operatoruna, montaja, musiqi və qrafik tərtibata qədər bütün proseslərdə özünü göstərir.
Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası da öz fəaliyyətini tələb olunan səviyyədə qura bilməmişdir. Şura tele­viziya və radiolarla çevik və məhsuldar iş prinsipinə malik deyil. Proseslərə lazımi şəkildə nüfuz edə bilmir. Qarşıdakı dövrdə teleradio şurası fəaliyyətini gücləndirməli, əməkdaşlar qanunvericilik bazasını ətraflı öyrənməli, öz vəzifə və səlahiyyətlərinə düzgün əməl etməli, aylıq fəaliyyətlə bağlı monitorinqlər düzgün hazırlanmalı, teleradiolarda ümumi işə köməklik göstərilməlidir. İstər teleradiolar, istərsə də Televiziya və Radio Şurası öz fəaliyyətlərində ciddi dönüş yaratmalı, cəmiyyətin, tamaşaçı və dinləyicilərin maraqlarına xidmət edən efir və tənzimləmə siyasəti həyata keçirilməlidir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2014-cü il yanvarın 30-da keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov kütləvi informasiya vasitələrinin vəzifələrindən danışaraq demişdir ki, “Kütləvi informasiya orqanları qədim diyarımızın ictimai-siyasi həyatında baş verən köklü dəyişikliklərin, irimiqyaslı quruculuq tədbirlərinin salnaməçisinə çevrilməli, jurnalistlər gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirməli, teleradiolarda ədəbi dil normaları qorunmalıdır”.
Ali Məclis Aparatının rəhbəri muxtar respublika rəhbərinin müəyyən etdiyi vəzifələrin icrası istiqamətində fəaliyyətdə kollektivlərə uğurlar arzulamışdır.
İclasın sonunda televiziya və radioların yanvar ayı üzrə aparılan monitorinqlərinin müzakirəsi olmuşdur.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR