Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirmişdir ki, 2013-cü il ərzində şəhər və rayon məşğulluq mərkəzləri tərəfindən 2632 nəfər işaxtaran münasib işlə təmin edilmişdir. Bu, ötən ildəkindən 62 nəfər çoxdur.
Qeyd olunan dövr ərzində təşkil olunmuş əmək yarmarkalarında 1031 nəfər peşələrinə uyğun daimi işlə təmin olunmuş, Naxçıvan Regional Peşə Tədris Mərkəzində işaxtaranların peşəhazırlığı və ixtisasartırması məqsədilə təşkil olunmuş 19 peşə kursunu 328 müdavim bitirmişdir.
Qeyd olunmuşdur ki, hesabat dövrü ərzində 180 müəssisədə və tikinti sahəsində nəzarət işi aparılmış, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına dair 32 halda icrası məcburi olan göstəriş verilmiş, 11 halda protokol tərtib edilərək müvafiq göstərişləri icra etməyən və inzibati xəta hadisəsinə yol verən şəxslərin, ümumilikdə, 11 min 500 manat məbləğində cərimələnməsinə qərar verilmişdir. Fərdi mühafizə vasitələrindən istifadə etməyən 84 işçi tikinti sahəsindən uzaqlaşdırılmış, 143 işçi isə fərdi mühafizə vasitələri ilə yerində təmin edilmişdir.
“İstehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində muxtar respublikada fəaliyyət göstərən 657 müəssisə ilə icbari sığorta müqaviləsinin bağlanılmasına nail olunmuşdur.
2013-cü ildə sağlamlıq imkanları məhdud 227 şəxsin Əlillərin Bərpa Mərkəzində, sağlamlıq imkanları məhdud 253 uşağın isə Uşaq Bərpa Mərkəzində müalicəsi təşkil edilmişdir. Həmçinin 9 nəfər məhdud fiziki imkanlı şəxs Ukrayna Respublikasının Saki şəhərinə, sağlamlıq imkanları məhdud 16 uşaq isə Evpatoriya şəhərinə müalicəyə göndərilmişdir. Dövlətimiz tərəfindən əlillərə göstərilən növbəti qayğının ifadəsi olaraq 2013-cü ildə müvafiq kateqoriyalı sağlamlıq imkanları məhdud 30 şəxsə minik avtomobilləri verilmişdir.
“Muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğının məntiqi nəticəsidir ki, ölkəmizdə ilk dəfə olaraq Naxçıvanda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş Paralimpiya İdman Festivalı keçirilmişdir”, – deyən Cavid Səfərov bildirmişdir ki, ötən ilin 16-17 noyabr tarixlərində Ağsuda keçirilən paralimpiyaçılar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində muxtar respublikanı 2 nəfər təmsil etmiş və bürünc medala layiq görülmüşlər.
Kollegiya iclasında 2013-cü ildə görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsanlardan da bəhs edilmiş, mövcud nöqsanların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər müəyyənləşdirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti