22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən və 2013-cü ilin yekunları, 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasını Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov açmışdır. Sonra komitənin sədri Cəfər Muxtərov məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitində olmasına baxmayaraq, mövcud potensialdan səmərəli istifadə etməklə qədim diyarımız inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının 22 illik müstəqilliyinin son 18 ilində Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, tikinti sektorunda da böyük uğurlar qazanılmışdır. Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də tikinti-quruculuq tədbirləri həyatımızın bütün sahələrini əhatə etmiş, ənənəvi olaraq belə tədbirlər kənd yaşayış məntəqələrində daha çox həyata keçirilmişdir. Təhsil, mədəniyyət, səhiyyə, rabitə və digər müəssisələr üçün müasir iş şəraitinə malik yeni obyektlər istifadəyə verilmiş, yollar salınmış, körpülər tikilmiş, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür.

Məruzə ətrafında müzakirələrdə komitənin Naxçıvan şəhər, Culfa və Babək rayonları idarələrinin rəisləri Novruz Qalayevin, Tahir Əli­yevin, Rəvayət İmanovun çıxışları olmuşdur.
Kollegiya iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf  Məmmədov bildirmişdir ki, muxtar respublikada aparılan dövlət investisiya siyasətinin başlıca məqsədi kapital qoyuluşlarının sosial və iqtisadi cəhətdən zəruri olan layihələrə yönəldilməsini təmin etməkdir. Bu baxımdan 2013-cü ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşlarının həcmi 1 milyard 38 milyon manat təşkil etmişdir. Bəhs olunan dövr ərzində əsas kapitala investisiya qoyuluşlarının 89 faizə qədəri və ya 919 milyon manatdan çoxu tikinti-quraşdırma işlərinə sərf olunmuş,  592 obyekt tikilərək, əsaslı bərpa olunaraq və ya yenidən qurularaq istifadəyə verilmişdir. Belə ki, il ərzində 35 inzibati bina, 20 kənd mərkəzi, 21 xidmət mərkəzi tikilmiş, yaxud yenidən qurulmuş, 3 yaşayış binasının tikintisi, 5 yaşayış binasının yenidən qurulması, 16 yaşayış binasının əsaslı təmiri, 5 yaşayış binasının isə təmiri başa çatdırılmışdır. Bu dövrdə əhali tərəfindən tikilən mənzillərin sahəsi 358 min kvadratmetrdən çox olmuş, 2 soyuducu anbar istifadəyə verilmişdir. 164 kilometr uzunluğunda yol salınmış və ya bərpa edilmiş, 21 körpü tikilərək, 12 körpü isə təmir olunaraq, Arpaçay Su Elektrik Stansiyası qurularaq istifadəyə verilmişdir. 12 qazanxananın, 9 min 164 şagird yerlik 25 tam orta məktəb, 22 səhiyyə müəssisəsi üçün binaların tikilərək, yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilməsi də 2013-cü ilin quruculuq tədbirləri sırasındadır.
Bildirilmişdir ki, əldə edilmiş müsbət nəticələrlə yanaşı, muxtar respublikada fəaliyyət göstərən tikinti təşkilatlarının işində bəzi nöqsanlar da vardır.
Belə ki, 2013-cü ildə muxtar respublikada tikinti işlərinin həcminin əvvəlki ilə nisbətən artıq olmasından istifadə edən bəzi tikinti təşkilatları əlavə iş almaq xatirinə tələskənliyə yol vermiş, bir çox hallarda keyfiyyət amili unudulmuşdur. Bu il yanvar ayının 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş  müşavirədə Ali Məclisin Sədri belə hallara iradını bildirərək demişdir: “Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində ən müasir tələblərə cavab verən sosial və inzibati obyektlər tikilir, yollar çəkilir, körpülər salınır. Bir çox hallarda əlavə iş almaq xatirinə tikinti təşkilatları tələskənliyə yol verir, keyfiyyət amilinə yetərincə diqqət yetirmirlər. Bu səbəbdən istifadəyə verildikdən sonra tikililərdə təmirə ehtiyac yaranır. Bununla bağlı son vaxtlar muxtar respublikanın qəsəbə və kəndlərində aparılmış reydlər zamanı xeyli sayda faktlar aşkar olunmuşdur. Qeyd olunan nöqsanlar bir daha göstərir ki, tikintidə keyfiyyətə lazımi nəzarət yoxdur”.
Bildirilmişdir ki, podratçı təşkilatların işinə ciddi nəzarət olunmalı, tikinti normativlərinə əməl edilməsi diqqətdə saxlanılmalı və nəzarət mexanizminin gücləndirilməsi üçün müvafiq tədbirlər görülməlidir. Hər hansı tikinti obyektinin layihə-smeta sənədlərinin hazır­lanmasından tutmuş son tamam­lama işlərinə qədər ayrılan vəsaitin istifadəsinə nəzarət artırılmalı, lüzumsuz xərclərə yol verilməməlidir. Bu işdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə böyük məsuliyyət düşür.
Asəf Məmmədov əminliyini bildirmişdir ki, muxtar respublikada həyata keçirilən tikinti-quruculuq işlərində layiqincə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi işində ciddi dönüş yaradaraq qeyd edilən nöqsanların gələcəkdə təkrarlanmaması üçün işə daha diqqətlə yanaşacaq, Ali Məclis Sədrinin komitə qarşısında qoyduğu konkret tapşırıqlar, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”da, eləcə də muxtar respublikada cari il üçün nəzərdə tutulan və qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə icra olunacaq, “Muxtariyyət ili”ni uğurla başa vurmaq üçün bütün səylər səfərbər ediləcəkdir.

*   *   *

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində ötən il görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif mövzularda 200-dən çox tədbir  keçirilmişdir.
Muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən mədəniyyət sahəsinə də pay düşdüyünü deyən nazir bildirmişdir ki, 2013-cü ildə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin binası yenidən qurulmuş, 3 nömrəli Uşaq Musiqi Məktəbi üçün yeni bina tikilmişdir.
Naxçıvan Dövlət Uşaq Filarmoniyası uşaqların ifaçılıq səviyyəsinin yüksəldilməsində, xüsusi istedada malik uşaqların aşkara çıxarılmasında əhəmiyyətli rol oynamaqdadır. Filarmoniyanın musiqi kollektivlərinin repertuarı xalq yaradıcılığı nümunələri ilə daha da zənginləşdirilir.
“2013-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında əhaliyə göstərilən teatr xidməti sahəsində də müəyyən işlər görülmüşdür”, – deyən S.İbrahimov vurğulamışdır ki, ötən ilin fevral ayında Məmməd Cəfər Cəfərovun “Mirzə Cəlil taleyi”, mart ayında görkəmli rus dramaturqu A.P.Çexovun “Ayı” və “Təklif” vodevilləri əsasında hazırlanmış “Russayağı evlənmə” tamaşaları səhnəyə qoyulmuşdur. Aprelin 15-də isə görkəmli şair-dramaturq İslam Səfərlinin 90 illik yubileyi ilə əlaqədar ədibin “Göz həkimi” pyesi yeni quruluşda teatrsevərlərə təqdim olunmuşdur. İyun ayında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi və Milli Qurtuluş Günü münasibətilə Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” tamaşası səhnəyə qoyulmuşdur. Qeyd olunmuşdur ki, teatr truppası ötən ilin noyabr ayında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var, əsrə bərabər” romanının motivləri əsasında hazırlanmış “Manqurt” tamaşası ilə teatrsevərlərin görüşünə gəlmişdir.
Kollegiya iclasında muxtar respublikanın xalq teatrlarının fəaliyyətindən də bəhs edilmiş, Babək Rayon Xalq Teatrının səhnəsində Səttar Axundovun “Məhəbbət nişanəsi”, Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının səhnəsində Cahangir Aslanoğlunun “Qısqanc ər”, Şahbuz Rayon Xalq Teatrının səhnəsində isə Zülfüqar Hacıbəyovun “Evlikən subay” əsərlərinin səhnələşdirildiyi bildirilmişdir. Bununla bərabər, bəzi xalq teatrlarına istedadlı gənclərin cəlb edilməsi və onların repertuarlarının zən­ginləşməsi üçün görülən işlərin arzuolunan səviyyədə olmadığı vurğulanmışdır.
Ötən il Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalının, “Naxçıvan xalçaları” sənədli filminin və muzeyin internet saytının təqdimat mərasimi keçirilmişdir.
2013-cü ildə Bəhruz Kəngərli Muzeyinin binasının əsaslı yenidənqurmadan sonra açılışı olmuş, “Gəmiqaya” Tarix-Bədii Qoruğu üçün inzibati bina və muzey inşa edilmiş, Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzi istifadəyə verilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış etmişdir.

*   *   *

“Naxçıvanqaz” İstehsalat Birliyində də 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə dair yığıncaq kеçirilmişdir. Yığıncaqda birliyin direktoru Səxavət Abbasov məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, muxtar respublikada, ümumilikdə, 1 yanvar 2014-cü il tarixə 82 min 753 istehlakçı təbii qazdan istifadə edib ki, onlardan 1176 abonent, 121 müəssisə ötən il təbii qazla təmin olunmuşdur.
2013-cü il Naxçıvan Muxtar Respublikasının qaz təsərrüfatı üçün də uğurlu illərdən olmuşdur. Belə ki, mövcud infrastruktur yenilənmiş, iri layihələrin icrası tamamlanmış, yeni xətlər istismara verilmişdir. Ötən il 27 kilometrlik ortatəzyiqli Naxçıvan-Şahbuz xətti, 81,6 kilometrlik yüksəktəzyiqli Naxçıvan-Sədərək xətti istifadəyə verilmişdir. Qaz kəmərlərinin yenilənməsi, xətlərdə təbii qaz ehtiyatının saxlanılması muxtar respublikanın təbii qaz təminatı ilə bağlı atılan mühüm addımlardandır.
Vurğulanmışdır ki, ötən il qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərlərinə, eləcə də onlar üzərindəki kranlara, siyirtmələrə və qaztənzimləyici şkaflara müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. İstehlakçılara verilən təbii qazın təzyiqinə hər ay texnoloji rejim tətbiq edilmiş və ölçü qovşaqlarında nəzarət işi diqqətdə saxlanılmışdır.
Abonentlərin təhlükəsizliyi də diqqət mərkəzində saxlanılmış, baş verə biləcək hər hansı bir qəzanın vaxtında aradan qaldırılması üçün şəhər və rayon Qaz İstismarı idarələrində qəza dispetçer xidmətlərinin 24 saat fəaliyyəti təmin edilmişdir.
Təbii qazın itkisiz olaraq yerlərə çatdırılması, israfçılığın qarşısının alınması və sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi ilə əlaqədar tədbirlər davam etdirilmiş, istismarda olan qaz sayğaclarına mütəmadi olaraq baxışlar keçirilmiş, cari təmirə ehtiyacı olan sayğaclar təmir olunmuş, 2728 ədəd sayğac yenisi ilə əvəzlənmişdir.
“Sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi də diqqət mərkəzində saxlanılmışdır”, – deyən birliyin direktoru bildirmişdir ki, 2013-cü ildə enerji istehsal edən müəssisələr nəzərə alınmadan istehlak olunan 151 milyon 760 min 906 kubmetr qazın satışından 15 milyon 186 min 441 manat vəsait toplanmış, ödəmə 100 faiz olmuşdur. Əhali abunəçiləri üzrə istehlak olunan 76 milyon 976 min 414 kubmetr qazın satışından toplanan vəsait 7 milyon 705 min 792 manata çatmışdır ki, bu da 100 faiz ödəmə deməkdir.
İclasda işdə buraxılan nöqsan və çatışmazlıqlara da toxunulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.

*   *   *

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində də 2013-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclası kеçiril­mişdir. İclasda agentliyin Baş direktoru Yasin Səfərov məruzə ilə çıxış edərək bildirmişdir ki, muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən  kompleks tədbirlər ötən il də davam etdirilmiş, Şərur rayonu ərazisində gücü 20,5 meqavat olan Arpaçay Su Elektrik Stansiyası istismara verilmişdir. Burada istehsal olunan elektrik enerjisi 30 meqavolt-amper güclü transformator yarımstansiyası və 110 kilovoltluq elektrik verilişi xətti ilə muxtar respublikanın elektrik şəbəkələrinə ötürülür.

Ötən il ərzində 110/35/10 kv “Ordubad” yarımstansiyası yeni avadanlıqlarla təchiz edilməklə daha münasib sahəyə köçürülmüşdür. Həmin yarımstansiyada ümumi gücü 41 mva olan 2 ədəd güc transformatoru, 110 kilovoltluq kommutasiya aparatları – eleqaz açarları, ayırıcılar, gərginlik və cərəyan ölçü transformatorları, 35 və 10 kilovoltluq müasir hücrələr və digər zəruri elektrik avadanlıqları quraşdırılmışdır.
Şərur rayonu ərazisində avadanlıqları uzun müddət istismar edildiyindən sıradan çıxmış 35/10 kilovoltluq “Xanlıqlar” transformator yarımstansiyasının yaxınlığında 4000 kilovolt-amper güclü yeni yarımstansiya tikilib quraşdırılmışdır.
Qeyd olunmuşdur ki, 2013-cü ildə muxtar respublikanın elektrik şəbəkələrinə 804 milyon 444 min 458 kilovat-saat elektrik enerjisi daxil olmuşdur. Bunun 62 milyon 620 min kilovat-saatı İran İslam Respublikasından, 228 min 420 kilovat-saatı Türkiyə Respublikasından alınmış, 8 milyon 65 min 720 kilovat-saatı Araz Su Elektrik Stansiyasında, 538 milyon 103 min kilovat-saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 610 min kilovat-saatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, 54 milyon 282 min 200 kilovat-saatı  Biləv Su Elektrik Stansiyasında, 5 milyon 619 min 767 kilovat-saatı Arpaçay Su Elektrik Stansiyasında, 11 milyon 745 min 959 kilovat-saatı Heydər Əliyev Su Anbarı üzərindəki SES-də istehsal edilib elektrik şəbəkələrinə verilmişdir. Ötən il Türkiyə Respublikasına 276 milyon 671 min 680 kilovat-saat, İran İslam Respublikasına 61 milyon 834 min kilovat-saat elektrik enerjisi ötürülmüşdür.
Vurğulanmışdır ki, 2013-cü ildə muxtar respublikanın ayrı-ayrı yaşayış məntəqələrində, ümumilikdə, 39 ədəd yeni transformator yarımstansiyası quraşdırılmış, 87,5 kilometr uzunluqlu yeni 10 və 0,4 kilovoltluq elektrik verilişi  xətləri çəkilmişdir.
2013-cü ildə 8,5 faiz texniki itki nəzərə alınmaqla işlədicilərə dəyəri 23791,08 min manat təşkil edən 396518 min kilovat-saat elektrik enerjisi ötürülmüşdür. Elektrik enerjisi satışından 23815,1 min manat vəsait toplanmış, enerjinin dəyərinin ödənilməsi  100,1 faiz olmuşdur.
Kollegiya iclasında işdə buraxılan nöqsanlar da ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR