“Ədliyyə Nazirliyi 2013-cü ildə fəaliyyət istiqamətini qanunvericiliyə əsasən qurmuşdur. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə Milli Fəaliyyət Proqramının icrası üzrə nazirliyin tədbirlər planından irəli gələn vəzifələrin icrası təmin edilmiş, muxtar respublikanın hüquq-mühafizə və aidiyyəti orqanlarının təşkil etdiyi 15 konfrans və maarifləndirici tədbirlərdə nazirliyin əməkdaşları müvafiq hüquqi mövzularda çıxışlar etmişlər”. Bu fikirlər fevralın 6-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2013-cü ilin yekunları və cari ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı keçirilən kollegiya iclasında ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyevin məruzəsində səsləndirilmişdir.
Nazir bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə 2013-cü ildə 114 hüquqi akt daxil edilmişdir. Onlardan 62-si normativ-hüquqi akt, 2-si normativ xarakterli akt, 50-si isə qeyri-normativ-hüquqi aktlardır. Hesabat dövrü icra xidmətinin bölmə və qruplarının icraatına 1471 icra işi daxil olmuş, bunlardan 535 icra işinin icrası başa çatdırılmış, 725 icra işi icraya yönəlmiş, 91 icra işi geri qaytarılmış, 88 icra işi ərazi aidiyyəti üzrə göndərilmiş, 16 icra işinin icraatı dayandırılmış, 16 icra işi üzrə isə axtarış qərarı verilmişdir.
2013-cü il ərzində muxtar respublikanın şəhər və rayon dövlət notariat kontorları tərəfindən 45 min 406 müxtəlifməzmunlu notariat əməliyyatları aparılmış, 354 min 275 manat dövlət rüsumu ödənilmişdir.
Bələdiyyələrin fəaliyyətinə də toxunan Suliddin Əliyev qeyd etmişdir ki, ötən il bələdiyyə sahəsi ilə bağlı 16 seminar-müşavirə təşkil edilmişdir. Bələdiyyə fəaliyyətinin tənzimlənməsi, əvvəllər yol verilmiş nöqsanların aradan qaldırılması və bələdiyyələrə metodik köməkliyin göstərilməsi məqsədilə nazirlikdə yaradılmış komissiya muxtar respublikada fəaliyyət göstərən bələdiyyələrdə olmuş, nöqsanların aradan qaldırılması üçün tövsiyə və tapşırıq xarakterli aktlar tərtib edilmişdir.
Hesabat dövründə nazirliyin istintaq bölməsinə cinayət xarakterli materialın daxil olmadığını qeyd edən məruzəçi muxtar respublikada penitensiar sahədə cəza-icra siyasətinin qüsursuz yerinə yetirilməsindən də danışmış, məhkumların saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsindən bəhs etmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış etmişdir.
Səbuhi HƏSƏNOV