22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən nazir Xalid İsgəndərov bildirmişdir ki, 30 yanvar 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunlarına dair keçirilən müşavirədə nazirlik qarşısında konkret vəzifələr qoyulmuşdur. Bu vəzifələrin yerinə yetirilməsində muxtar respublikanın bütün maliyyə işçiləri öz qüvvələrini səfərbər etməli, göstərilən qayğıya əməli işlə cavab verməlidirlər.
Nazir diqqətə çatdırmışdır ki, 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə bütün mənbələr hesabına 55 milyon manat proqnoza qarşı 64 milyon 857 min 623 manat vəsait daxil olmuş, tapşırıq 117,9 faiz icra olunmuşdur. Bu, nəzərdə tutulan məbləğdən 9 milyon  857 min 623 manat, 2012-ci illə müqayisədə isə 5,9 faiz, yaxud 3 milyon 604 min 57 manat çoxdur.

Dövlət büdcəsinin xərcləri 2013-cü ildə 618 milyon 338 min 225 manat dürüst təyinata qarşı 604 milyon 199 min 788 manat və ya 97,7 faiz icra olunmuşdur ki, bu da 2012-ci illə müqayisədə 134 milyon 795 min 709 manat və ya 28,7 faiz çoxdur.
Bildirilmişdir ki, hələ də işdə bəzi nöqsanlar qalmaqdadır. Belə ki, 2013-cü ildə nazirlik tərəfindən aparılan təftiş və yoxlamalarda 23 min 834 manat əməkhaqqının artıq ödənilməsi, 1164 manat məbləğində artıq ödənilmiş ezamiyyə xərci, 1597 manat dəyərində mal-materialın kəsir gəlməsi, 17 min 203 manat dəyərində mal-materialın və yanacağın normadan artıq silinməsi faktı qeydə alınmışdır.  
Bu nöqsanların aradan qaldırılması üçün tədbirlər görülmüş, cəmi 43 min 798 manat məbləğində qanunsuz sərf olunmuş bu vəsaitin 39 min 418 manatı dövlət büdcəsinə bərpa edilmiş, qalan 4 min 380 manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa edilməsi istiqamətində işlər aparılır.
Nöqsan və catışmazlıqların aradan qaldırılması üçün işçilərin peşə bacarıqlarının artırılması ilə bağlı kursların təşkil edilməsinin, həmçinin test imtahanlarının keçirilməsinin vacibliyini diqqətə çatdıran nazir birdirmişdir ki, vaxtaşırı təlimlərin, kursların keçirilməsinə baxmayaraq, hələ də bəzi büdcə təşkilatları hesabatları vaxtında və milli standartlara uyğun təqdim edə bilmirlər. Ona görə də seminarlar başa çatdıqdan sonra büdcə təşkilatlarına reydlər təşkil olunmalı və mühasiblərin işləri yerində yoxlanılmalıdır.
Qeyd olunmuşdur ki, 2014-cü ildə muxtar respublikanın bütün maliyyə əməkdaşları yüksək səviyyədə fəaliyyət göstərməli, verilən tapşırıqları vaxtında, keyfiyyətlə icra etməli və mövcud nöqsanları aradan qaldıraraq 2014-cü büdcə ilinin uğurla başa çatdırılmasına nail olmalıdırlar.
Məruzə ətrafında çıxışlar olmuş, nazirliyin 2014-cü il üçün iş planı müzakirə edilmişdir.

*   *   *

Fevralın 7-də Naxçıvan Şəhər İcra Hakimiyyətində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirəni icra başçısı Vüqar Səfərov açmışdır.
Müşavirədə Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi Azər Nağıyevin, Maliyyə Şöbəsinin müdiri Aqil Nəsirovun, Dövlət Sığorta Agentliyinin direktor əvəzi Sadiq Muradovun, Elektrik  Şəbəkəsinin direktoru İqrar Əliyevin,  Qaz İstismarı İdarəsinin rəisi Mahmud Əbilsoyun hesabatları dinlənilmişdir.
2013-cü ildə Naxçıvan şəhərinin ictimai və təsərrüfat həyatında abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını, ötən ilin sosial iqtisadi sahədə əldə olunan uğurlarla yadda qaldığını vurğulayan icra başçısı bildirmişdir ki, bəhs olunan dövrdə Naxçıvan şəhərində sənaye məhsulunun ümumi həcmi 627 milyon 853 min 100 manat olmuş, pərakəndə əmtəə dövriyyəsi isə 1 milyard 108 milyon 699 min 100 manat təşkil etmişdir.
İl ərzində iqtisadiyyatin  və sosial  sahələrin inkişafi üçün bütün maliyyə mənbələrindən Naxçıvan şəhərində əsas kapitala qoyulan investisiyanın həcmi 700 milyon 888 min 900 manat olmuşdur.
Əhalinin sosial müdafiəsi və təminatı məsələlərinə də böyük önəm verildiyini diqqətə çatdıran icra başçısı bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsinin 2013-cü ildə gəlirləri 33 milyon 321 min 20 manat, xərcləri isə 36 milyon 167 min 600 manat olmuş, ötən il 33 milyon 321 min 20 manat məcburi dövlət sığorta haqqı yığılmışdır.
İşdə buraxılan nöqsanlardan da danışan Vüqar Səfərov diqqətə çatdırmışdır ki, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmək üçün hər bir müəssisə və təşkilat öz fəaliyyətini dərindən təhlil etməli, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görülməlidir.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2014-cü il tarixdə “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafi üzrə Proqram”ın təsdiq edilməsi haqqında” imzaladığı Sərəncam muxtar respublika rəhbərinin Naxçıvan şəhər sakinlərinə göstərdiyi diqqət və qayğının əyani ifadəsidir.
Biz hər birimiz bu qayğıya cavab olaraq çalışdığımız sahədə daha da yaxşı işləməli, muxtar respublikamızın 90 illiyini qeyd etdiyimiz “Muxtariyyət ili”ndə üzərimizə düşən vəzifələri daha layiqincə yerinə yetirməli, Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafina dair proqramın icrasına öz layiqli töhfələrimizi verməli və bütün sahələr üzrə işlərimizə nəzarəti daha da artırmalıyıq.

*   *   *

Dünən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində də 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir. Səhiyyə naziri Niyazi Novruzov iclası giriş sözü ilə açaraq ötən ilin bir sıra əlamətdar hadisələrlə yadda qaldığını    bildirmişdir.
Qeyd olunmuşdur ki, muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək üçün ucqar dağ kəndlərində əhaliyə səhiyyə xidməti göstərmək məqsədilə yaradılmış həkim briqadaları ötən il də fəallıq göstərmiş, yerlərdə müayinə-müalicə işi aparmışlar.
Bildirilmişdir ki, 2013-cü ildə tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə seminar və konfranslar keçirilmiş, bir qrup səhiyyə işçisi Bakı şəhərindəki, Türkiyə Respublikasındakı müxtəlif klinika və xəstəxanalara təkmilləşmə kurslarına göndərilmiş, həkimlərin sertifikasiyası davam etdirilmişdir.
Ötən il də Bakı şəhərindən və Türkiyə Respublikasından müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı həkimlər və kollektivlər muxtar respublikaya dəvət olunmuş və yerli həkimlərlə birgə xeyli sayda əməliyyat aparmışlar.
Nazir səhiyyə xidmətinin səviyyəsinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərin həcminin yaxşılaşdırılmasına, yeni səhiyyə ocaqlarının istifadəyə verilməsinə baxmayaraq, bir sıra nöqsanların da mövcud olduğunu bildirmiş, bu nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlərin görüləcəyini demişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış etmişdir.

*   *   *

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində də 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclası ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov açaraq məruzə ilə çıxış etmişdir.
“Əlverişli mühitin yaradılmasında ən mühüm amillərdən biri meşə ehtiyatlarının qorunması, bərpası və artırılmasıdır. 1995-ci ildən sonra bu sahədə görülən işlər nəticəsində yaşıllıqların sahəsi 10 dəfədən çox artmışdır”, – deyən məruzəçi bildirmişdir ki, ötən il, ümumilikdə, 531 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. 257,6 hektar sahədə meşəbərpa işləri aparılmış, 273,4 hektar sahədə yeni meşə massivləri, meyvə bağları və qoruyucu yaşıllıq zolaqları salınmışdır.
Qeyd olunmuşdur ki, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, 2013-cü ildə muxtar respublika ərazisində 203,8 hektar sahədə meyvə – alma, ərik, alça, cəviz, badam, tut bağları salınmışdır.
Bildirilmişdir ki, hesabat ilində tingçilik sahələrində yetişdirilmiş 350 min ədəddən çox ting əkin dövriyyəsinə daxil edilmişdir. Bunun 76 faizi meyvə tingləridir. Orta və yüksək dağlıq ərazilərdə meyvəçiliyin inkişaf etdirilməsi üçün həmin ərazilərin xüsusiyyətlərinə uyğunlaşdırılmış tinglərin yetişdirilməsi məqsədilə qoruq və milli park ərazilərində 2,5 hektar tingyetişdirmə sahələri yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasının daxili sularında, Araz çayı və dəryaçasının muxtar respublika hüdudlarına aid olan hissəsində suların ekoloji vəziyyətinin nəzarətdə saxlanılması məsələsinə də toxunan nazir bu məqsədlə müxtəlif monitorinqlərin aparıldığını bildirmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Kollegiya iclasına ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov yekun vurmuşdur. 

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR