Naxçıvan Musiqi Kollecində 2013-2014-cü tədris ilinin I yarısının yekunları ilə bağlı hesabat yığıncağı keçirilmişdir. Tədbiri Musiqi Kollecinin tədris-tərbiyə işləri üzrə direktor müavini Leyla Əlimərdanova açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, Naxçıvan Musiqi Kolleci 40 ilə yaxındır, milli musiqimizin, eləcə də klassik və müasir dünya bəstəkarlarının əsərlərinin öyrədilməsində fəaliyyətini davam etdirməkdədir. Kollec yeni tədris ilinin başlanmasından ötən müddət ərzində gənc nəslin ixtisas təhsilində nailiyyətlər əldə etməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir. Açıq və qarşılıqlı mübadilə dərslərində şöbələr üzrə fənlərin tədrisi pedaqoji şuranın iclaslarında müzakirə olunmuş, yüksək nəticələr əldə edilməsi üçün qərarlar qəbul edilmişdir.
Tələbələrin dərsə davamiyyəti, dərslərə hazırlıq səviyyələri vaxtaşırı yoxlanılmış və daim nəzarətdə saxlanılmışdır. Bununla yanaşı, tələbələrin kitabxanaya cəlb olunması işində dönüş yaradılmış, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin gücləndirilməsinə çalışılmış və bu sahədə tələbələrin fəallığının təkmilləşdirilməsinə nəzarət artırılmış, kollecdə Kitabxana Şurası yaradılmışdır. Həmçinin kollecin tədris otaqlarının əyani vəsaitlər, qrafik və sxemlərlə təchiz olunması təmin olunmuşdur. Qeyd edilmişdir ki, tədris ilinin birinci yarısında keçirilən imtahanların nəticələrinə görə, kollecdə müxtəlif ixtisaslar üzrə 46 nəfər əlaçı, 101 nəfər yarıməlaçı, 162 nəfər kafi qiymətlərlə tədris ilinin birinci yarısına yekun vurmuşlar.
Əvvəlki illərdə olduğu kimi, hesabat dövrü ərzində də kollecin istedadlı tələbələri yaradıcı kollektivlərlə birlikdə müxtəlif hərbi hissələrdə, eyni zamanda sərhəd bölgələrində əsgərlərlə görüşmüş, konsert proqramları ilə çıxışlar etmişlər.
Məruzəçi bütün bunlarla yanaşı, 2013-2014-cü tədris ilinin birinci yarısında yol verilmiş nöqsanlara da toxunmuş, bu nöqsanların tezliklə aradan qaldırılması istiqamətində səylə çalışacaqlarını bildirmişdir.
Sonra məruzə ətrafında kollecin müəllimlərindən Mahirə Məmmədovanın, Samirə Hüseynovanın, Akif Bağırovun və Cabbar Quliyevin çıxışları olmuşdur.
İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış etmişdir.
Xəbərlər şöbəsi