22 Dekabr 2024, Bazar

Xocalı soyqırımı XX əsrin ən amansız faciələrindən biridir. Bəşər tarixində kütləvi insan qırğınları çox olub. Bunları da müxtəlif kateqoriyalara ayırıblar: təbii fəlakətlərin qurbanları, müharibə qurbanları, soyqırımı qurbanları. Təbii fəlakətlər nəticəsində həlak olanlarla bağlı qeyd etmək lazımdır ki, burada düzdür, insan üzülür, kədərlənir. Kədər, üzüntü var, ancaq düşmənçilik, nifrət duyğusu yoxdur. Bu hadisədə kimi məsul tutacağımızdan söhbət gedə bilməz.

Müharibə hər hansı bir dövlətin və ya dövlətlərin, hətta şəxslərin imperialist siyasətinin, maraqlarının təzahürüdür. Ancaq ən azından müharibənin də öz qanunları var. Elan edilmiş müharibə var, elan olunmamış müharibə var. Lakin sivil insanlara qarşı şiddət tətbiq etmək, əliyalın insanları qətlə yetirmək, qoca, cavan, qadın, uşaq demədən insanları soyqırımına məruz qoymaq insanlıqdankənar bir hərəkətdir. Burada insanlar dil, din, milliyyət, soy-kök amilləri nəzərə alınaraq qətlə yetirilirlər. Xocalıda baş verənlər bunun ən bariz nümunəsidir.

Hər bir millətin, dövlətin özünün ideologiyası var. İdeologiya özünü açıqlamaq üçün daha çox təbliğata müraciət edər və istifadə etdiyi simvolların başında da şüarlar gələr. İdeoloqlar məhz təbliğat vasitəsilə özünün, öz millətinin haqlı, qarşısındakının isə haqsız olduğuna inandırmağa çalışırlar. Bununla birlikdə ideologiya rəhbər tutduğu proqram və prinsipləri tətbiq etmək üçün müəyyən vasitələrə sahib olmaq məcburiyyətindədir. Bu vasitələrin başında “güc və ya şiddət” gəlir. Yəni zor tətbiq etmək. Onun vəzifəsi, haqlı və ya haqsız, bütün hadisələri yeganə bir səbəbə bağlamaqdır. İdeologiyanın olması qəbahətli, pis şey deyil, ancaq elə ideologiyalar var ki, onların altında şizofrenlik, psixi xəstəlik yatır. Bu xəstəliyin izlərini “böyük Ermənistan” ideologiyasında da müşahidə etmək mümkündür. Ermənilər bu “ideologiya yolunda” ən böyük “maneənin” məhz türklər olduğunu düşünərək hər bir türkü öldürməkdən mənəvi zövq almışlar və alırlar. Hətta onlardakı nifrətin dərəcəsi o qədər yüksəkdir ki, düşüncələrinə görə, əgər terrordan daha şiddətli metod varsa, ermənilər onu tətbiq edə bilərlər. Bu artıq xəstəliyin dərəcəsinin miqdarını açıqca göstərir.
1992-ci ildə Xocalıda baş verən faciə ilk deyildi: 1905, 1906, 1917 və 1918-ci illərdə Xocalı 4 dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmişdir. Sonra yenidən bərpa olunmuş və 5-ci dəfə – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bura hücum olunmuş, soyqırımı törədilmişdir. Niyə Xocalı?
Ermənilərin Xocalını hədəfə almaqda əsas məqsədi Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idi. Bu hadisə daha uzağa hesablanmış bir məqsəd idi. Əsas niyyət Dağlıq Qarabağı və Azərbaycanın digər torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və mübarizə əzmini qırmaq idi. Ermənilərin diqqətini Xocalıya cəlb edən önəmli səbəblərdən biri onun geostrateji mövqeyi idi. 7000 əhalisi olan Xocalı Qarabağ dağının silsiləsində, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da məhz Xocalıda idi. Ermənilərin əsas istəklərindən biri buradakı hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi.
Dinc əhalinin, qocaların, qadınların, uşaqların amansızcasına qətlə yetirilməsi Azərbaycan xalqına psixoloji zərbə vurmaq məqsədi daşıyırdı. Məqsəd bütün Azərbaycan xalqında sarsıntı yarada bilmək, əhalidə “ermənilər qorxu, təhlükə mənbəyidir” imicini formalaşdırmaq idi.
Əldə olan faktlar onu deməyə imkan verir ki, Azərbaycan tarixinin ən ağrılı və acılı səhifələrindən biri olan Xocalı faciəsi tam olaraq bir soyqırımıdır. Günümüzdə hər hansı bir faciənin soyqırımı olaraq tərif edilməsi üçün saylara diqqət çəkilməkdə və əgər yüzlərlə insan məhv edilərsə, bunun soyqırımı olaraq xarakterizə oluna biləcəyi düşünülməkdədir. Bir gecədə 613 insanın qətl edildiyi Xocalı faciəsi soyqırımı cinayətidir. Çünki 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilən “Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Sözləşməsi”ndəki tərifdə müəyyənedici ünsür say deyil, millət, din, soy, ya da irq kimi xüsusiyyətlər üzərində qurulan bir qrupun sistematik və məqsədli olaraq tamamilə, ya da qismən məhv edilməsi planıdır. Ermənilərin Xocalıda törətdikləri cinayətlər BMT tərəfindən qəbul edilən bu sözləşmənin ikinci maddəsi ilə uyğunluq təşkil edir. Bu maddənin bəndlərində göstərilir:
    1. Əlaqədar qrup üzvlərinin (milli, etnik və dini olaraq) öldürülməsi;
    2. Əlaqədar qrup üzvlərinin ruhi və fiziki səhhətlərinə zərər verilməsi;
    3. Əlaqədar qrup üzvlərinin fiziki varlıqlarının ortadan qaldırılması.
Məhz bu baxımdan ermənilərin Xocalıda törətdikləri vəhşiliklər insanların (qrupun) planlı və sistematik olaraq məhv edilməsinə istiqamətlənmiş məqsəd və cinayətlərin təzahürləridir. Xocalı faciəsinin soyqırımı olaraq tanınması üçün BMT-yə, beynəlxalq məhkəməyə hər dəfə müraciət olunmalı və bu müraciətdə tutarlı sübutlar çərçivəsində soyqırımını gerçəkləşdirən bütün dövlət adamlarının, hərbçilərin və iştirak edən digər məsul şəxslərin adları açıq şəkildə göstərilməli və cəzalandırılmaları tələb edilməlidir. BMT-nin soyqırımı sözləşməsinin 3-cü və 4-cü maddələrinə uyğun olaraq, soyqırımına rəvac verən hərəkətlərdən birini belə, həyata keçirən, gerçəkləşdirilməsi üçün razılığa gələn, ictimaiyyəti hədəf alan bu cür hərəkət və fəaliyyətləri qızışdıran, təşviq edən, eyni zamanda bu fəaliyyətləri əvvəlcədən planlaşdıran və hədəfləyən, istər icraçı, istərsə də rəsmi və ya qeyri-rəsmi şəxs olaraq cinayətlərdə iştirakı təsdiqlənən hər kəsin cəzalandırılması vacibdir.    

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycanda son illərdə çox işlər görülüb. Lakin səylər daha da artırılmalıdır. Ermənilərin “quzu cildinə girmiş canavar” obrazını ifşa etmək üçün üzərimizə böyük məsuliyyət düşür. Azərbaycanın erməni saxtakarlığı və cinayətləri ilə bağlı qarşılaşdığı problemlər açıqca ortaya qoymuşdur ki, yeni strategiyaların müəyyən edilməsi və təbliğat işinin gücləndirilməsi artıq şərtdir. Dövlət başçısının “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 14 fevral tarixli Sərəncamı məhz buna hesablanıb.

Emin ŞIXƏLİYEV
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR