22 Dekabr 2024, Bazar

Naxçıvan izolyasiyadan çıxaraq müasir sivilizasiyada öz yerini tutmuşdur

Sultan Əl-Hattab İordaniyanın məşhur jurnalistlərindən biridir. O, 2011-ci ildə Azərbaycan haqqında “Azərbaycan, Xəzərin gəlini, neft səltənəti” adlı kitab yazmışdır.
2014-cü il fevralın 9-da İordaniyanın “Əl-Uruba” xəbər portalında jurnalist Sultan Əl-Hattabın Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr edilmiş “Naxçıvan izolyasiyadan çıxaraq müasir sivilizasiyada öz yerini tutmuşdur” adlı məqaləsi dərc olunmuşdur. Qəzetimizin bugünkü nömrəsində həmin məqalə ilə oxucuları tanış edirik.

Sultan Əl-Hattab
Məni Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə ayrılmaz bağlar bağlayıb, çünki mənim 32 illik həyat yoldaşım məhz bu qədim diyarın yetirməsidir. Mən onunla İordaniyada tanış olmuşam, bu hadisə o zaman Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsi kimi İordaniyada təcrübə keçməyə gələrkən baş vermişdir. SSRİ zamanı Naxçıvana əcnəbilərin gediş-gəlişi çox mürəkkəb və çətin bir proses olmasına baxmayaraq, mən Naxçıvana getməyə nail oldum. Sovet imperiyası dağıldıqdan və Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra bu qədim türk torpağını daha sərbəst şəkildə ziyarət edə bildim.

Onu da qeyd etmək istərdim ki, İran, Türkiyə və Ermənistanla həmsərhəd olan Naxçıvan 1988-ci ildən sonra ermənilərin apardığı işğalçı siyasət nəticəsində blokada vəziyyətinə düşmüş, Azərbaycanın digər bölgələri ilə quru yolla əlaqələri kəsilmişdir. Mən 90-cı illərin sonunda Naxçıvanda oldum və Ali Məclisin Sədri cənab Vasif Talıbovla görüşdüm. Şahidi olduğum bu idi ki, blokadaya baxmayaraq, Naxçıvanın istər adi vətəndaşı, istərsə də rəhbərliyi çox böyük əzmlə ölkənin inkişafı üçün əllərindən gələni əsirgəmirlər.
Naxçıvanın 400 mindən çox əhalisi var. Və bu əhali Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Kəngərli, Şahbuz, Şərur və Sədərək rayonlarında müxtəlif sıxlıqlarla məskunlaşmışdır. Naxçıvan haqqında mən özümün 2011-ci ildə çapdan çıxan “Azərbaycan, Xəzərin gəlini, neft səltənəti” adlı kitabımda da ətraflı bəhs etmiş və bu qədim diyarın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı məlumatlar yerləşdirmişəm. Qeyd edilən kitab ərəb dilində nəşr edilərək bütün Yaxın Şərq ölkələrinə paylanmışdır.
Coğrafi baxımdan Naxçıvan strateji yerdə yerləşir, Böyük İpək Yolunun keçdiyi bir məntəqə hesab olunur. Daşduz, nadir metallar, müalicəvi əhəmiyyətli mineral su ehtiyatına sahib olan Naxçıvanın təbiəti də gözoxşayan və füsunkar bir təəssürat bağışlayır.
Naxçıvan IX əsrdə ərəb xilafətinə qarşı ən böyük hərəkat sayılan Xürrəmilər hərəkatının mərkəzlərindən biri olmuş, bir müddət Səlcuq Türk dövlətinin tərkibində olduqdan sonra XII əsrdə Atabəy-Eldənizlər dövlətinin paytaxtı olaraq özünün intibah dövrünə qədəm qoymuşdur. Sonrakı dövrlərdə Qızıl Orda, Səfəvi, Osmanlı imperiyasının tərkibində olan Naxçıvan xüsusilə Səfəvi-Osmanlı müharibəsi zamanı çox böyük dağıntılara, talanlara məruz qalmışdır. 1732-ci il Kirmanşah sülh müqaviləsinin şərtlərinə istinadən, Naxçıvan Osmanlı əsarətinə keçmişdir. Nadir şah tərəfindən Osmanlılardan geri alınan Naxçıvan XVIII əsrin ortalarından etibarən, əsasən, Kəngərli tayfalarının qurduğu Naxçıvan xanlığı kimi öz mövcudluğunu qorumuşdur. Çar Rusiyası zamanında Naxçıvan etnik diskriminasiyaya məruz qalmış, XIX əsrin sonu və XX əsrin ilk onilliyində əhalinin etnik tərkibinin dəyişdirilməsi (erməniləşdirilməsi) istiqamətində böyük köçürmə planı ilə üz-üzə qalmışdır.
Çar Rusiyasının süqutundan sonra erməni cəlladı Andranikin hücumlarının qarşısının alınması və digər strateji işlərin həyata keçirilməsi üçün 1918-ci ilin noyabrında Naxçıvanda Araz-Türk Respublikası yaradıldı və bu, 1919-cu ilin martına qədər mövcud oldu. I Dünya müharibəsinin nəticəsi olaraq, Naxçıvan bir müddət general-qubernatorluq kimi Britaniya, sonra Amerika idarəsi altında olmuşdur.
1920-ci ildə Azərbaycan öz müstəqilliyini itirdikdən sonra Naxçıvanda da sovet idarəçiliyi bərqərar oldu. Naxçıvan tarixinin bu dövrünü xüsusən çox çətin və həyati əhəmiyyətli qərarların qəbul olunduğu dövr kimi qiymətləndirə bilərik. Belə ki, himayədarlarının köməyinə arxalanan ermənilər Naxçıvanı Ermənistana birləşdirmək üçün, sözün həqiqi mənasında, dəridən-qabıqdan çıxırdılar. Zəngəzurun Ermənistana verilməsi nəticəsində Azərbaycandan ayrı düşən Naxçıvan öz varlığını qorumaq üçün böyük mübarizələr aparmalı oldu. Naxçıvanı Ermənistana birləşdirmək istəyən Sovet hakimiyyəti 1921-ci ildə yerli əhali arasında məsələ ilə əlaqədar referendum keçirdi və əhalinin 90 faizi Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səs verdi.
1921-ci ilin mart və oktyabr aylarında Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyə arasında imzalanan Moskva və Qars müqavilələrini Naxçıvanın qorunması yolunda ən böyük diplomatik uğur hesab etmək olar. Məhz bu müqavilələrə əsasən, iştirakçı dövlətlər öhdəliklər götürə­rək Naxçıvanın ərazi bütövlüyünü və mövcudluğunu tanımış oldular. Bu uğur sonrakı mərhələdə, yəni 1924-cü il fevral ayının 9-da Naxçıvanın Azərbaycanın tərkibində Muxtar Sovet Sosialist Respublika kimi özünü idarəetmə statusu əldə etməsinə gətirib çıxardı.
Sovet İttifaqının süqutu ərəfəsində fəallaşan ermənilər Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında olduğu kimi, Naxçıvanda da işğalçı müharibəyə başladı. Kərki kəndi istisna olmaqla, Naxçıvan camaatı bir  qarış torpağını belə, düşmənə təslim etməmiş, bu yolda yüzlərlə şəhid vermişdir.
Sovet rejiminə qarşı Azərbaycanda ilk dəfə olaraq məhz Naxçıvanda böyük etiraz səsləri ucalmış, Naxçıvan Ali Soveti SSRİ-nin tərkibindən çıxmasını açıq şəkildə bəyan etmişdir.
Heydər Əliyev 1990-cı il yanvar hadisələrindən sonra Mos­kvadan öz doğma vətəni olan Naxçıvana qayıtmış və onun rəhbərliyi altında Azərbaycan üçün taleyüklü məsələlərin həllində Naxçıvan əhalisi birlikdə fəaliyyət göstərmişdir. Məhz 17 noyabr 1990-cı il tarixdə ilk dəfə olaraq Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar qurumun adından “Sovet Sosialist” sözləri çıxarılmış və Azərbaycanın üçrəngli bayrağı dalğalandırılmışdır.
Naxçıvan Azərbaycanın müstəqillik tarixinin bütün dövrlərində olduğu kimi, bu gün də inkişafı, siyasi loyallığı, milli-mənəvi dəyərlərinə görə nümunəvi olmuşdur. Bu gün Naxçıvana səyahət edən hər kəs bu regionda olan tərəqqini gördükdən sonra “blokada” sözünün yalnız söz olaraq qaldığının əyani şahidi olar.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR