Fevralın 8-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi münasibətilə konfrans və rəsmi qəbul keçirilmişdir.
Əvvəlcə Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Təbrizdəki Baş konsulu Əli Əlizadə konfransda məruzə edərək demişdir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi geniş qeyd olunur. Baş konsul Naxçıvanın muxtariyyət statusu qazanmasını Azərbaycanın siyasi tarixində mühüm mərhələ kimi dəyərləndirmiş, 1918-1924-cü illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları, torpaqlarımızın Ermənistana birləşdirilməsi cəhdləri, Moskva və Qars müqavilələrinin bağlanması və Naxçıvan Muxtar Respublikasının yaradılmasının tarixi-siyasi əsasları barədə danışmışdır.
Qeyd olunmuşdur ki, ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanan qurtuluş yolu dövlət müstəqilliyimizi möhkəmləndirməklə yanaşı, Naxçıvanın və onun muxtariyyət statusunun da qorunub saxlanılmasına səbəb olmuşdur. Həmin dövrdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan-İran əlaqələri sonrakı dövrdə daha da güclənmişdir.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli çıxış edərək Naxçıvanın muxtariyyət tarixi barədə ətraflı məlumat vermişdir.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri Seyid Əhməd Neməti İran-Azərbaycan əlaqələrindən danışmış, İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında səmərəli əməkdaşlığın olduğunu diqqətə çatdırmışdır.
Çıxışlardan sonra “Naxçıvan: inkişafın qürur doğuran səhifələri” adlı film və “5000 ilin Naxçıvanı” adlı videoçarx nümayiş olunmuş, Azərbaycan xalq mahnıları səslənmiş, ziyafət verilmişdir.
Konfransda İran İslam Respublikasının Şərqi Azərbaycan Valiliyi aparatının rəhbəri və vilayətin rəsmi şəxsləri, Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
“Şərq qapısı”