Heydər Əliyev Muzeyində ulu öndərin adını daşıyan Hərbi Liseyin kursantlarının iştirakı ilə ümummilli liderimizin anım gününə həsr olunmuş “Azərbaycanı dünyaya tanıdan lider” mövzusunda açıq dərs keçilmişdir.
Açıq dərsdə liseyin tarix müəllimi Abbas İsmayılov bildirmişdir ki, dahi rəhbər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə hələ uzun illər ehtiyac olacaqdır. Hakimiyyətinin sovetlər dövründəki birinci mərhələsində Azərbaycanı əyalət respublikasından inkişaf etmiş sənaye diyarına çevirən müdrik rəhbərin müstəqillik illərində ölkəyə rəhbərliyinin əsasında doğma Vətənini dünyada qüdrətli dövlət, parlayan Günəş kimi tanıtdırmaq istəyi dayanmışdır. 1990-cı ilin ağır günlərində xalqının yanında olmaq üçün Moskvadan Bakıya qayıdan, oradan isə doğulub boya-başa çatdığı Naxçıvana gələn böyük şəxsiyyət bütünlükdə Azərbaycan naminə çox böyük və əhəmiyyətli tarixi hadisələrin əbədilik müəlliflik hüququna imza atmışdır. Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçildiyi gün tək muxtar respublikanın deyil, bütünlükdə Azərbaycan xalqının xilas günü kimi tarixə yazıldı.