Naxçıvan Dövlət Universitetində universitetin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Saleh Məhərrəmov bildirib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarətdir. Ümummilli liderimiz gənclərimizə böyük ümidlər bəsləyərək dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.
Konfransda universitetin kimya müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Nazəni Rüstəmlinin, hüquqşünaslıq ixtisasının III kurs tələbəsi Vüsal Məmmədovun, bədən tərbiyəsi və idman ixtisasının III kurs tələbəsi Həcər Quliyevanın, beynəlxalq münasibətlər ixtisasının I kurs tələbəsi Rahim Nəcəfovun məruzələri dinlənilib. Məruzələrdə bildirilib ki, ulu öndər Heydər Əliyev gənclərlə bağlı məsələləri dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.
Konfransda tələbələrin hazırladığı müasir, müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş olunub.
Mina QASIMOVA