Ulu öndər Heydər ƏLİYEV: Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir.
Azərbaycanın XX əsrin sonunda ikinci dəfə müstəqilliyini bərpa etməsi ictimai-siyasi proseslərin obyektiv qanunauyğunluqlarının nəticəsi kimi mürəkkəb bir tarixi şəraitdə meydana çıxsa da, dövlət müstəqilliyini qoruyub saxlamaq daha çətin bir prosesə çevrildi. Belə ki, 1988-1993-cü illər Azərbaycan xalqı üçün ağır sınaqlar, fəlakətlər dövrü oldu. Həmin illərdə ölkəmiz son dərəcə ciddi ictimai-siyasi problemlərlə, sosial-iqtisadi çətinliklərlə, ən başlıcası isə Ermənistanın hərbi təcavüzü ilə üzləşdi. Nəticədə, bacarıqsız və səbatsız rəhbərlərin yürütdükləri yarıtmaz siyasət nəticəsində ölkədaxili münaqişələr genişlənmiş, vəzifə davasına başları qarışmış siyasi qruplaşmaların xəyanəti nəticəsində torpaqlarımız düşmən tərəfindən işğal olunmuşdu. Cəmiyyətdə anarxiya və xaos, vətəndaş itaətsizliyi hökm sürürdü. Sosial-iqtisadi sahədə ağır böhran yaranmışdı. Xalqın həyat şəraiti gündən-günə pisləşmiş, iqtisadiyyat iflic vəziyyətə düşmüşdü.
Bütün bunlar sübut edirdi ki, müstəqilliyin tam əsasları hələ yaradılmamışdır. Azərbaycan bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzədir. Yenicə müstəqillik əldə etmiş ölkədə 30-dan artıq siyasi partiya rəsmi qeydiyyatdan keçsə də, əslində, özləri üçün əlverişli bulanıq siyasi mühitdə vəzifə davasına çıxmış bu partiyaların heç biri Azərbaycanı idarə etmək iqtidarında olmadıqlarından ölkəni uçuruma sürükləyirdilər. Azərbaycanı düşdüyü ağır siyasi-iqtisadi durumdan xilas etmək istiqamətində heç bir iş görülmürdü. Əksinə, müharibə şəraitində olan ölkədə 15 ay ərzində 4 dövlət başçısı və 5 müdafiə naziri dəyişilmiş, yaranmış şəraitdən istifadə edən, regionda strateji maraqları olan güc mərkəzləri isə Azərbaycanın parçalanması, quberniyalara, əyalətlərə bölünməsi istiqamətində hazırladıqları planın bilavasitə tətbiqinə başlamışdılar. Bütün bunlar Azərbaycanda yeni siyasi hərəkatın formalaşmasına, yeni siyasi gücə böyük ehtiyac yaratmışdı.
Belə bir taleyüklü məqamda Azərbaycan milli azadlıq hərəkatının ağırlıq mərkəzi rolunu oynayan Naxçıvanda müstəqil dövlətin zəruri əsaslarının yaradılması prosesinə başlanılmışdı. Bu dövrdə Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı bir tərəfdən, bütövlükdə, xalqımızın yekdil arzusuna çevrilmişdisə, digər tərəfdən bu, tarixin çoxdan bəri diktə etdiyi qaçılmaz, qarşısıalınmaz obyektiv tarixi zərurət və alternativsiz sosial-siyasi çağırış idi. Məhz bu zərurəti və xalqın bütün təbəqələrinin arzusunu ifadə edən tanınmış ziyalılarından 91 nəfəri 1992-ci il oktyabr ayının 16-da ulu öndər Heydər Əliyevə Azərbaycanı fəlakətlərdən qurtaracaq yeni bir siyasi təşkilatın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq vermək xahişi ilə “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciət etdi.
1992-ci il noyabrın 21-də dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi, partiyanın yaradılması haqqında qərar qəbul edildi. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Həmin vaxt kəskin enerji böhranı ilə üzləşən Naxçıvanda çıraq işığında hazırlanan partiyanın Proqram və Məramnaməsi Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxardı, ölkəmizi XXI əsrin aydınlığına qovuşdurdu. Ulu öndər Heydər Əliyev bu barədə demişdir: “Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”.
Beləliklə, 21 il əvvəl ölkəmizdə hərbi-siyasi və sosial-iqtisadi böhranın, anarxiyanın, hərc-mərcliyin, vətəndaş qarşıdurmasının tüğyan etdiyi bir dövrdə Yeni Azərbaycan Partiyası sağlam düşüncə, mütərəqqi fikir, xalqı birləşdirmək və ölkənin taleyüklü problemlərinin həllində iştirak etmək, öz xidmətlərini göstərmək məqsədilə yaradıldı və Azərbaycan dövlətinin inkişafı üçün həlledici əhəmiyyətli yeni tarixi mərhələnin əsası qoyuldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə meydana çıxan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, praqmatik və gerçəkliyə əsaslanan bitkin proqramı, ulu öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi... Partiya qısa zamanda sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi Azərbaycan dövləti və vətəndaş cəmiyyəti quruculuğu prosesini həyata keçirən real siyasi qüvvə kimi özünü təsdiq etdirdi. Bu yolla gedərək müxalifət partiyasından hakim partiyaya, siyasi partiyadan ümumxalq partiyasına çevrildi”.
Tarix göstərdi ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın dövlət müstəqilliyinin real həyatda bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi prosesinin əsası qoyuldu. 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdan və həmin il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilən Yeni Azərbaycan Partiyasının rəhbəri, ümummilli liderimiz Heydər Əliyev sosial-iqtisadi yüksəlişin və sabitliyin əsasını qoydu, Azərbaycanın dünya birliyindən təcrid edilməsinin qarşısı aldı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün sarsılmaz zəmin hazırladı.
Ümummilli liderimiz Heydər Əliyev vurğulayırdı ki, o, öz fəaliyyəti ilə Yeni Azərbaycan Partiyasının proqramını həyata keçirir və bu gün əminliklə söyləmək olar ki, partiyanın sədri hörmətli İlham Əliyev də məhz bu proqramla Azərbaycanı idarə edir. Onun müstəqilliyini daha da möhkəmləndirərək dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanmasını təmin edir. 2005-ci il mart ayının 26-da Yeni Azərbaycan Partiyasının III Qurultayında yekdilliklə partiyanın sədri seçilən cənab İlham Əliyev Heydər Əliyev quruculuq və inkişaf xəttini layiqincə davam etdirir.
Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafının davamlı xarakter daşıması, dövlətçiliyin və müstəqilliyin qorunması Yeni Azərbaycan Partiyasının platformasının təməl prinsipidir. Ötən dövr ərzində ölkəmizdə iqtisadi potensialın hərtərəfli inkişafının təmin edilməsi, iqtisadiyyatın liberallaşdırılması, qeyri-neft sektorunun dinamik inkişafına yönəlmiş əsaslı tədbirlərin reallaşdırılması zəminində regionların makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisinin artması, iqtisadi resursların istifadəsində maksimum səmərəliliyin əldə olunması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, yerli istehsal və emal müəssisələrinin işə salınması, yoxsulluğun azaldılması və yüksək məşğulluq səviyyəsinin təmin edilməsi istiqamətində mühüm nailiyyətlər qazanılmışdır.
Son 10 ildə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə ölkə iqtisadiyyatı 3,4 dəfə artmış, işsizliyin səviyyəsi 5,1 faizə, yoxsulluğun səviyyəsi 6 faizə enmiş, 1 milyondan artıq yeni iş yeri yaradılmışdır. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə görə, Azərbaycan dünyada ilk 25 ölkə arasındadır, ən aşağı inflyasiyaya malik 7 ölkədən biridir. Son 10 ildə Azərbaycanda 2708 məktəb, 500-ə yaxın tibb müəssisəsi istifadəyə verilmiş, 35 olimpiya-idman kompleksi inşa olunmuş, pensiyalar 10 dəfə, maaşlar 6 dəfə, müdafiə xərcləri isə 20 dəfədən çox artmışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi enerji layihələrinin reallaşdırılması iqtisadi əhəmiyyəti ilə yanaşı, regional sülhün və sabitliyin də əsas təminatçısına çevrilmişdir.
Cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə ölkənin yol-nəqliyyat infrastrukturunu inkişaf etdirmək istiqamətində həyata keçirdiyi geniş tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində Azərbaycanın mühüm tranzit ölkə kimi əhəmiyyətini daha da artırmışdır. Azərbaycan 2011-ci ildə 155 dövlətin dəstəyini alaraq 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Ötən ilin may və bu ilin oktyabr aylarında ölkəmiz bu mötəbər beynəlxalq quruma sədrlik etmişdir.
Bütün bunların nəticəsidir ki, bu illər ərzində Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən prezident seçkilərində seçicilərin mütləq dəstəyini qazanaraq bir iqtidar partiyası kimi cəmiyyətdəki siyasi mövqeyini qoruyub saxlamış, daha da möhkəmlənmişdir. Xalqımız 2003, 2008 və 2013-cü illərin prezident seçkilərində partiyanın lideri İlham Əliyevi yekdil şəkildə dəstəkləməklə Azərbaycanda Heydər Əliyev yolunun alternativsizliyinə özünün dərin inamını ifadə etmişdir. Məhz onun liderliyində Yeni Azərbaycan Partiyası hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, liberal iqtisadiyyatın inkişafı, beynəlxalq aləmə sürətli inteqrasiya istiqamətində yürüdülən siyasətə iqtidar partiyası kimi öz töhfələrini verməkdədir.
Yeni Azərbaycan Partiyasının məhz Naxçıvanda yaranması, partiyanın rəhbəri, ulu öndər Heydər Əliyevin xalqın çağırışı və təkidli tələbləri ilə Azərbaycanda siyasi hakimiyyətə buradan qayıdışı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının təşəkkül tapıb formalaşmasında müstəsna rol oynamışdır. İyirmi il ərzində ümummilli liderimizin müəyyən etdiyi prinsiplərə əsaslanmaqla hər bir partiya üzvü muxtar respublikamızda aparılan dövlətçilik və quruculuq işlərində yaxından iştirak etmişdir. Hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 50 mindən artıq üzvü vardır. Üzvlərinin say tərkibinin əsas hissəsi ziyalılar, gənclər və qadınlar olan, onları 8 rayon (şəhər) partiya, 796 ərazi ilk partiya təşkilatında birləşdirən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı muxtar respublikamızın ictimai-siyasi və sosial-iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilmişdir. Ötən dövrdə Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının və onun əhatə etdiyi şəhər və rayon təşkilatlarının iş şəraiti daha da yaxşılaşdırılmış, muxtar respublikada partiya təşkilatları üçün yeni binalar tikilmiş, onların fəaliyyəti üçün lazımi şərait yaradılmış, ərazi ilk təşkilatları iş otaqları ilə təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının yaranmasından ötən 21 il ərzində əldə olunmuş uğurlar və nailiyyətlər Heydər Əliyev yoluna sarsılmaz sədaqətin göstəricisinə çevrilmiş, muxtar respublikada iqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam etmişdir. Belə ki, 2012-ci ildə Ümumi Daxili Məhsulun həcmi 1995-ci ilə nisbətən 48,1 dəfə, sənaye məhsulunun həcmi 87,5 dəfə, əsas kapitala yönəldilən investisiyalar 322,2 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 8,3 dəfə, ixracın həcmi 192,8 dəfə, orta aylıq əməkhaqqı isə 23 dəfə artmışdır. Bu gün muxtar respublikada enerji və ərzaq təhlükəsizliyi təmin edilmişdir. 1995-ci ildən ötən dövr ərzində muxtar respublikada 456 inzibati bina, mənzil-kommunal təsərrüfatı sahəsində 642 obyekt, 283 elm və təhsil müəssisəsi, 323 mədəniyyət müəssisəsi, 202 səhiyyə müəssisəsi və digər infrastruktur obyektləri istifadəyə verilmişdir. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədilə aparılan məqsədyönlü işlər nəticəsində muxtar respublikada 77 mindən çox yeni iş yeri yaradılmışdır.
Bu böyük uğurların əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun müəyyənləşdirdiyi dövlət idarəçiliyi və partiya quruculuğu işinin əsas prinsiplərinə ardıcıl riayət edilməsi dayanır.
Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi təşkilatdır. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi Yeni Azərbaycan Partiyasının əsas fəaliyyət istiqamətidir. Müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri partiyanın əsas ideya təminatı olaraq, mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanın gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır! Azərbaycanın gələcəyi Heydər Əliyevlə və onun siyasəti ilə bağlıdır!”
“Şərq qapısı”