Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfiri İrfan Siddiq Naxçıvan Muxtar Respublikasına səfərinin ikinci günü, dünən Naxçıvan Dövlət Universitetinə gəlib. Səfir Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki Geologiya, minerologiya və yerşünaslıq, habelə Botanika və zoologiya muzeylərində, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsindəki Tərcümə-Tədris Mərkəzində, Cənubi Koreya Mədəniyyət və Dil Tədrisi mərkəzlərində olub.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri ilə görüşən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq tələbələri maraqlandıran sualları cavablandırıb.
Həmin gün səfir Culfa beynəlxalq sərhəd-buraxılış məntəqəsi ilə tanış olub, muxtar respublikanın bir neçə sənaye müəssisəsini gəzib. Səfirin ilk baş çəkdiyi ünvan “ Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Sonra səfir “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində, Naxçıvan Avtomobil Zavodunda olub, bu müəssisələrin istehsal gücü, avadanlıq təminatı, ixrac imkanları ilə maraqlanıb.
Xəbərlər şöbəsi