22 Dekabr 2024, Bazar

Dünən Sədərək rayonunun Sədərək kəndində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə miqrasiya sahəsində hüquqi maarifləndirmə  tədbiri keçirilib.
Sədərək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə keçirilən tədbirdə  xidmətin əməkdaşlarından İlqar Seyidovun, Şahin Nəbiyevin və Zakir Məmmədovun çıxışları olub. Çıxışlarda tədbir iştirakçılarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydaları, Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətlər haqqında məlumat verilib.

Qeyd edilib ki,  Naxçıvan Muxtar Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə qəbul edən tərəf və ya şəxs özü bu barədə şəxsən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə o, yuxarıda nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.
Bildirilib ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə  muxtar respublikada müvəqqəti yaşamaq üçün icazə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsilə müraciət etməlidirlər. Ölkə iqtisadiyyatına azı 500000 manat məbləğində investisiya qoyan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər yalnız onu işəgötürən hüquqi və ya fiziki şəxsin Dövlət Miqrasiya Xidmətinə müraciəti əsasında onun adına verilmiş iş icazəsi olduqda muxtar respublikada haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilər. Əcnəbinin muxtar respublikada haqqı ödənilən əmək fəaliyyəti ilə  məşğul olması üçün iş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. İş icazəsinin müddəti hər dəfə 1 ildən çox olmamaq şərtilə uzadıla bilər. İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən ərizə-anketi, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surətini, Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində qalmasına hüquq verən müvafiq sənədin surətini, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olma­ması haqqında tibbi arayışı təqdim etməlidir.
Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan şəxslərin məsuliyyəti barədə də söhbət açılan tədbirdə çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR