Dünən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatçılığı ilə Şahbuz rayonunda “Bələdiyyə mülkiyyətinin idarə olunmasının xüsusiyyətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Rayonun bələdiyyə sədrlərinin iştirak etdiyi tədbiri Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Ələddin Ağayev açıb.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanov çıxış edərək “Bələdiyyələrdə mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda danışıb. Qeyd edilib ki, bələdiyyə mülkiyyətinin formalaşdırılmasının hüquqi əsasları Azərbaycan Respublikası Konstitusiyası, bələdiyyələr haqqında qəbul edilmiş qanunlar və digər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Vurğulanıb ki, bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, daşınan və daşınmaz əmlak daxildir. Azərbaycan Respublikasının Konstitusiyası bələdiyyə mülkiyyətini mülkiyyətin xüsusi növü kimi fərqləndirərək bələdiyyələrin bu mülkiyyətdən müstəqil surətdə sahiblik, istifadə, eləcə də sərəncam vermək hüququnu təsbit edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri İntizar Həziyev “Bələdiyyə torpaqlarından istifadə edilməsi və mühafizəsi” mövzusunda çıxış edərək bildirib ki, bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan, fiziki və hüquqi şəxslərin icarəsindəki və ehtiyat fondu torpaqlar aiddir. Bələdiyyə torpaqlarının idarə edilməsi Azərbaycan Respublikasının Torpaq və Mülki məcəllələri, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, “Bələdiyyə əraziləri və torpaqları haqqında” və “Şəhərsalma əsasları haqqında” Azərbaycan Respublikasının qanunları və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları əsasında aparılır. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun mahiyyəti və tələbləri” mövzusunda çıxış edərək bildirib ki, bələdiyyə mülkiyyətində olan əmlakın formalaşdırılmasında bələdiyyələrin fəaliyyəti nəticəsində əldə edilən əmlak xüsusi yer tutur. Bu əmlakın formalaşması, əsasən, bələdiyyələrin səlahiyyətlərinə uyğun olaraq, yerli sosial müdafiə və sosial inkişaf proqramının həyata keçirilməsi prosesində reallaşa bilər. Ayaz Məhərrəmov yerli özünüidarəetmənin digər aktual məsələlərinə də toxunub, bələdiyyə qərarlarının qəbul edilməsi prosedurunun düzgün həyata keçirilməsindən, yerli vergi və ödənişlərin toplanması, maliyyə vəsaitlərinin istifadəsindən də bəhs edib.
Sonra mövzular ətrafında müzakirələr aparılıb. Sonda iştirakçılara “Bələdiyyələrdə mühasibat uçotunun təşkili” haqqında kitabçalar paylanılıb.
Xəbərlər şöbəsi