22 Dekabr 2024, Bazar

Sankt-Peterburqda çıxan “Nevskoye vremya” həftəlik ictimai-siyasi qəzetində Naxçıvan haqqında geniş məqalə dərc edilmişdir. AzərTAc-ın Rusiya Federasiyasındakı xüsusi müxbiri xəbər verir ki, qəzetin baş redaktoru Andrey Petrov bu ilin oktyabr ayında III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından ibarət nümayəndə heyətinin tərkibində Azərbaycanın Naxçıvan Muxtar Respublikasında olmuşdur. AzərTAc jurnalistin Naxçıvana səfəri barədə məqaləsini təqdim edir.

– SSRİ regionları arasında birinci olaraq sovet imperiyasından ayrılmış Azərbaycanın bu muxtar respublikasında həyat necədir?
Bu diyar dünyanı su basandan sonra yaranmış sivilizasiyanın beşiyi sayılır. Çünki rəvayətə görə, Nuhun gəmisinin səfəri məhz buradakı dağların birində başa çatmış, gəminin sahibi Nuh Peyğəmbər sahilə çıxmış və bu şəhərin təməlini qoymuşdur. Bütün bunlar beş min il əvvəl baş vermişdir. Peyğəmbərin məqbərəsi və daha 1200 tarixi abidə – saraylar, qüllələr, sərdabələr, üzərində qədim insanların rəsmləri olan qayalar buradadır. Həmin abidələrin yarısı dünya və respublika əhəmiyyətli abidələr sayılır. Azərbaycan memarlıq və realist rəngkarlıq məktəbi burada yaranmışdır.

Yayda müsbət 43 dərəcə istilik, qışda mənfi 30 dərəcə şaxta olan bu diyar daim kimlərinsə işğal obyekti olmuşdur. Axı bura çox mühüm strateji məkanda yerləşir. Yaxın və uzaq regionlara, Çinə və Hindistana, Romaya və Bizansa gedən yollar buradan keçirdi. Lakin bu yerlərin sakinləri həmişə qürurlu və azadlıqsevər olması ilə fərqlənmişlər.
Biz Naxçıvan Muxtar Respublikasında və onun paytaxtı Naxçıvan şəhərindəyik.

“Elə etmək lazım idi ki, heç kəsdən asılı olmayaq”

Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas ərazisindən cəmi 50 kilometr uzunluğunda Ermənistan torpağı ilə ayrılır. Azərbaycan və Ermənistan 20 ildən artıqdır ki, müharibə vəziyyətindədir. Biz buraya Bakıdan təyyarə ilə dost İran səmasından keçərək gəldik. Təyyarədən düşəndən sonra ətrafa nəzər salıb gördük ki, İran dağlarına, necə deyərlər, əl uzatsan, çatar. Naxçıvan dağları ilə İran dağlarını ensiz Araz çayı ayırır. Ana Vətəndən müxtəlif malları Naxçıvana İran yolları ilə gətirirlər.
Son 20 ildən bir qədər artıq müddətdə burada inanılmaz dəyişikliklər baş vermişdir. 1990-cı ilin əvvəlində Naxçıvan Muxtar Respublikası öz müstəqilliyini elan etmiş ilk SSRİ ərazisi olmuşdur. Bu hadisə həmin ilin yanvar ayında Bakıya sovet qoşunları yeridiləndən sonra baş vermişdi. Həmin qoşunlar xalq cəbhəsi şəklində sıx birləşmiş müxalifətin baş qaldırmasına imkan vermədilər. Lakin kommunist rejimini xilas etmək üçün göstərilən bu cəhd həmin rejimin həm Azərbaycanda, həm də bütün ittifaqda məhvini yalnız sürətləndirmiş oldu. Naxçıvan isə bundan sonra blokada illərini yaşamalı oldu. Bakıda hakimiyyət uğrunda iyrənc mübarizə gedir, oradakı mərkəzi rəhbərlik ilə mürəkkəb münasibətlər və erməni silahlı qüvvələrinin fasiləsiz hücumları nəticəsində dəmir yolları bağlanmış, muxtar respublikanın qaz və elektrik təchizatı kəsilmişdi. Sənaye müəssisələri işi dayandırmışdı. Qış vaxtı istilik verilməməsi səbəbindən insanlar soyuqdan donurdular. Sakinlərin çoxu baş alıb qaçırdı. Qalanlar “mülayimləşmə” dövrünü gözləyirdi. Bu dövr 1995-ci ildən sonra başlandı.
1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan, Bakıdakı bütün əleyhdarlarını neytrallaşdırmağa və Ermənistanla atəşkəs haqqında razı­lığa nail olan Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü ildə ölkənin neft yataqlarının işlənilməsi haqqında Qərb şirkətləri ilə razılığa gəldi. Neftdən əldə olunan pullardan Əliyevin Vətəni Naxçıvana da pay düşürdü. Həmin pullar hesabına bərbad vəziyyətdə olan yolları qaydaya salmağa, birtipli “qutulardan” fərqli olaraq təzə evlər – gözəl, rahat binalar tikməyə başladılar. Kənd təsərrüfatına (indi bu sahə yaxşı mexanikləşdirilmişdir) və çoxişlənən mallar istehsalına xeyli vəsait qoyulmuşdur.
Naxçıvandakı rahat çayxanaların birində Əli adlı yerli sakinlə tanış oldum. O dedi:
– O vaxt biz hamımız sıx birləşdik. Bilirdik ki, heç kəsdən asılı olmamaq, hadisələrin gedişatından asılı olmayaraq daha bir də ac qalmamaq üçün belə etməliyik. İndi çoxişlənən malların hamısını özümüz istehsal edirik. Ərzaq məhsulları – ət, süd, yumurta, taxıl da öz məhsullarımızdır. Hamısı da ekoloji təmiz məhsullardır. Sizi inandırıram ki, Azərbaycanın heç bir yerində bu cür təmiz və dadlı meyvələr yoxdur. Qonaqlarımız buradan gedəndə özləri ilə kisə-kisə meyvə aparırlar. Bizdə elə qovunlar yetişir ki, heç yerdə beləsini ala bilməzsən. Hələ bizim qoz mürəbbəmiz! Buyur, dadına bax. Hə, necədir?
Həmsöhbətim haqlı imiş! Bu, çox dadlı təamdır... İçərisinə üyüdülmüş qoz doldurularaq məxsusi qaydada qurudulmuş şaftalı, ballı qayğanaq, paxlava da elədir. Genetik modifikasiyaya məruz qalmış məhsullardan söhbət belə gedə bilməz. Naxçıvanlıların düzgün və sağlam qidaya münasibəti də təbiətə münasibəti kimi safdır. Muxtar respublika blokadada olduğu dövrdə sakinlər evləri qızdırmaq üçün buradakı ağacların çoxunu kəsmək məcburiyyətində qalmışdı. İndi isə hökumət məmurları hər şənbə günü iməciliklər keçirir, təzə ağaclar əkilir. Hər bir sakin bir neçə ağac əkmişdir. Meydanlardakı, bağlardakı və parklardakı gözəl güllərin sayı-hesabı yoxdur.
Hökumət havanın təmizliyini qoruyub saxlamaq üçün yeni iş yerləri yaradılan həyati əhəmiyyətli obyektlərin tikintisini dondura bilər. Məsələn, Sement Zavodunun tikintisi zamanı belə olmuşdu. Yalnız həmin zavodda müasir havalandırma sistemi quraşdırılandan sonra obyektin tikintisi davam etdirilmişdir. Fikir verin ki, burada “Qrinpis” təşkilatının aksiyalarına ehtiyac qalmadı, hakimiyyət orqanları özləri bu təhlükəni başa düşdülər. Bu yaxınlarda yeni bir layihə hazırlanmışdır: Azərbaycanın bəzi başqa regionlarında olduğu kimi, Naxçıvanda da yüksək texnologiyalardan istifadə edilməklə alternativ elektrik enerjisi istehsal edən stansiyalar tikiləcəkdir. Belə stansiyaları hətta evlərin damlarında da quraşdırmaq olar. Bu həm ekoloji baxımdan münasib, həm ucuz, həm də elektrik enerjisinin fasiləsiz istehsalını təmin edir (yeri gəlmişkən, yaxın keçmişdə qaranlığa qərq olmuş Naxçıvan indi özü qonşu Türkiyəyə  elektrik enerjisi ixrac edir).
Enerji təhlükəsizliyinin təmin edilməsi üçün iri qaz anbarları tikilmişdir. İndi qışın soyuğunun qorxusu yoxdur.
Ümumiyyətlə, Naxçıvan ən böyük ehtirama layiqdir. 1995-2012-ci illərdə muxtar respublikada ÜDM-in həcmi 48 dəfə artmışdır! 2015-ci ilə qədər muxtar respublikanın hakimiyyət orqanları bütün dəmir yolları və avtomobil traslarını bərpa etmək niyyətindədirlər. Burada tikinti işləri fasiləsiz davam edir. Yaxın vaxtlarda çox qısa müddətdə ən müasir doğum mərkəzi, olimpiya kompleksi və şahmat məktəbi, “Badamlı” mineral suyu istehsal edən zavod açılmış, Heydər Əliyev adına monumental saray bərpa edilmişdir. Naxçıvan Universiteti çox gözəldir, burada 5000 tələbə, o cümlədən 12 xarici ölkədən gəlmiş gənclər təhsil alır.
Lakin hər şeyin çox yaxşı olduğunu söyləmək səmimi olmaz. Ermənistanla sərhəddə gərginlik davam edir. Yerli sakinlərin sözlərinə görə, sərhədə yaxın getməmək yaxşıdır, əks halda  sərhədin o tayında daim növbəçəkən snayperlərin gülləsinə tuş gələ bilərsiniz. Sakinlər dinc vaxtda neçə-neçə insanın snayper gülləsi ilə qətlə yetirildiyini söyləyirlər. Təbii ki, Naxçıvan əsgərləri də həmhüdud ərazini daim nəzarət altında saxlayırlar.
Azərbaycan Respublikasının Moskvadakı səfirinin müavini Qüdsi Osmanov deyir:
– Mən elə güman etmirəm ki, rusiyalıların əksəriyyəti Azərbaycanı döyüşkən ölkə hesab edir və bu səbəbdən buraya gəlməyə çəkinirlər. Statistika göstərir ki, həm Rusiyadan, həm də başqa ölkələrdən buraya çoxlu turist gəlir. Təkcə Bakıda deyil, regionlarda da turistlərə göstəriləsi yerlərimiz çoxdur, bu regionların hərəsinin özünəməxsus gözəllikləri vardır.
Qüdsi Osmanovun sözlərinə görə, vaxtilə Vətəni tərk edib getmiş azərbaycanlılar da burada həmişəlik qalmaq üçün gəlirlər. Son beş-yeddi ildə gələnlərin təxminən 12-14 faizi belə insanlardır. Onlar burada sabitlik yaranmasına inanırlar, çünki xaricdə qazandıqları pulları burada, evdə də qazana bilərlər.
Səfirin müavininin sözlərinə görə, 1000 manat (təxminən 1000 avro) məbləğində əməkhaqqı qazanmaq problem deyil. Vətən havası isə hər bir insan üçün hər hansı başqa havadan daha şirin, daha xoş olmalıdır.

Sağlamlıq bəxş edən duz

Sağlam olmaq üçün Naxçıvana getmək lazımdır. Əvvələn, ta qədimdən burada 300 növdən çox müalicəvi ot bitir. Yerli sakinlərin sözlərinə görə, bu otlar əsl möcüzə törədir. Deyilənə görə, bir nəfər bir həftə ərzində yalnız dağ otları ilə qidalanmaq sayəsində mədə xərçənginə qalib gəlmiş və bundan sonra bir neçə il yaşamışdır. İkincisi, burada çoxlu nadir mineral su bulaqları vardır. Müalicəvi suyu şüşə qablara doldurub ixrac üçün göndərirlər. Üçüncüsü (bəlkə də, birincisi), Naxçıvanda möcüzəli “Duzdağ” Fizioterapevtik Mərkəz fəaliyyət göstərir. Duz mədənində yerləşən bu mərkəz duz dağının uçması nəticəsində təsadüfən aşkar edilmişdir. Orada gil qablar və daş baltalar aşkar edilmişdir. Mütəxəssislərin fikrincə, hələ eramızdan əvvəl III-II əsrlərdə insanlar bu çəkiclərin köməyi ilə burada duz çıxarır və onu Böyük İpək Yolu vasitəsilə Şərqə və Qərbə daşıyıb aparırdılar. Hündürlüyü on metrdən çox olan tuneldə bir neçə sütunlu salon aşkar edilmişdir. Görünür, duz çıxaranlar həmin salonlarda yaşayırmış. Bu qədim yeraltı möcüzə insanların sağlamlığına xidmət etməyə başlamışdır. Hazırda uzunluğu 300 metr olan bu mağarada havanın spesifik qoxusu bronxial-astma xəstəliyini müalicə edir.
“Duzdağ” Mərkəzinin baş həkimi Ruslan Süleymanov deyir:
– Speleoterapiya adlanan bu metod tənəffüs sistemi xəstəliklərinin müalicəsi üçün ən təsirli üsuldur. Bizdə müalicə seansları gecə vaxtına düşür. Pasiyentlər mağaradakı çarpayılarda sakit və yarıqaranlıq şəraitdə uzanıb mürgüləyir, natrium-xlor ionları ilə zəngin olan quru hava ilə nəfəs alırlar. Bir müalicə kursundan sonra yaşlı pasiyentlərin 65-70 faizinin, uşaqların 85-95 faizinin vəziyyəti yaxşılaşır.
Mənəvi sağlamlıq üçün paytaxtdan 12 kilometr məsafədə yerləşən, daim küləklər əsən qayalıqlar boyunca müsəlmanların qədim ziyarətgahı Əshabi-Kəhfə getmək məsləhətdir. “Əshabi-Kəhf”in adı Quranın 18-ci surəsində də çəkilir. Bu adın tərcüməsi “Mağara adamları” deməkdir. Rəvayətə görə, bütpərəst padşahın vəziri Teymurxan başda olmaqla bir neçə dindar həmin padşahın və zülmkar Dağ Yunisin əlindən qaçaraq dağdakı bu mağaraya pənah gətirmiş, orada yatıb yuxulamış və 300 ildən sonra yuxudan ayılmışlar. Qaçqınların bələdçisi çörək gətirmək üçün şəhərə getmiş, orada tacirə çoxdan istifadədən çıxmış pul vermək istəyərkən tutulub saxlanmış və bundan sonra dağdakı insanların taleyi məlum olmuşdur. Bələdçi əvvəlcə heç nə anlamayıb adamları öz evinə aparmış, orada ahıl bir kişi görmüşdür. Həmin kişi söyləyir ki, vaxtilə bu evdə onun ulu babası vəzir Teymurxan yaşamışdır. Öz kötücəsini görəndə heyrətlənmiş Teymurxan mağaraya qayıdır və yoldaşlarına izah edir ki, onlar yeni dünyada yabançı insanlardır. Bundan sonra “mağara adamları” Ulu Tanrıya dua edirlər ki, onları öz yanına aparsın. Həqiqətən, bu adamlar yoxa çıxırlar...
İndi Əshabi-Kəhfə üz tutanlar zalım hökmdarlardan gizlənmək üçün belə etmirlər. Buraya gələn zəvvarlar ağacların və kolların budaqlarına parça qırıqları bağlayır, sonra bir qədər mağarada əyləşirlər. Onların üzərinə su damcıları düşür, balaca daşları böyük qara daşın yanına qoyurlar. Bütün bunlar zəvvarların arzularının çin olmasını təmin edir. Övladları olmasını arzu edən qadınlar balaca oyuncaq beşiklər götürərək dağa qalxırlar. Uşaqları olanlar isə dağdağan ağacından budaqlar kəsir və meyvələr dərirlər, bunlar körpələri bədnəzərdən və cin-şəyatindən qoruyur.
Bu müqəddəs ziyarətgah mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə bərpa edilmiş və abadlaşdırılmışdır. İndi hər il müxtəlif ölkələrdən minlərlə müsəlman zəvvar buraya gəlir.

Bunlar hamısı onun barəsindədir...

Vitrindəki şüşənin altında bir vərəq vardır. Bu vərəqdə Azərbaycan Sənaye İnstitutunun tələbəsinin avtobioqrafiyası yazılmışdır. Bu isə 1950-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbər operativ heyətinin Leninqrad Yenidənhazırlanma Məktəbinin bitirilməsi haqqında şəhadətnamədir. Onun yanındakı sənəd Ust-Kut-Komsomolsk-Amur marşrutu üzrə birinci qatarın fəxri sərnişininin Baş BAM Tikinti İdarəsinin rəisi tərəfindən imzalanmış biletdir. Bütün bu sənədlər burada Azərbaycan xalqının ümummilli lideri Prezident Heydər Əliyevə məxsusdur. Onlar Naxçıvanın əsas meydanında Heydər Əliyev Muzeyində saxlanılır. Meydanda Heydər Əliyevin abidəsi də ucaldılmışdır.
Naxçıvanda Heydər Əliyevə xüsusi münasibət var, o, burada doğulmuşdur. Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən xaric ediləndən, iki il Mos­kvada fəxri təqaüdçü kimi yaşayandan, 1990-cı ildə Azərbaycan müxalifətini ram etmək üçün Bakıya qoşun yeridilməsi səbəbindən Qorbaçovla mübahisəsindən və Azərbaycana gələndən sonra siyasi rəqibləri onu ölkənin paytaxtından sıxışdırandan sonra o, buraya qayıtmışdır.
Heydər Əliyevin oğlu, Azərbaycanın indiki Prezidenti İlham Əliyev deyir: “Naxçıvanlılar Heydər Əliyevi müdafiə etdilər, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
Heydər Əlirza oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin (Heydər Əliyevin rəhbərliyi ilə deputatlar muxtar respublikanın adındakı “Sovet Sosialist” sözlərini Sovet İttifaqı dağılandan, demək olar ki, iki il əvvəl çıxarmışdılar) Sədri olandan sonra öz həmyerliləri ilə birlikdə burada ən ağır blokada aylarını yaşamışdır. O vaxt Heydər Əliyev “böyük torpaqdan” ayrı düşmüş muxtar respublikanı İran və Türkiyə ilə birləşdirən iki körpü tikdirmişdi. İnsanlar bu iki əsas arteriyanın sayəsində salamat qalmışdı. O, təcavüzün dəf edilməsi üçün vətəndaşları səfərbər edən Dövlət Müdafiə Komitəsi yaratmışdı. Heydər Əliyev 1993-cü ildə Azərbaycan Prezidenti olmaq üçün Bakıya yeni yolunu buradan, Naxçıvandan başlamışdı. Onun Prezident seçildiyi gün dövlət bayramı, Milli Qurtuluş Günü oldu. İndi Azərbaycanda “Əliyevşünaslıq” adlanan ayrıca bir elm vardır, Naxçıvan Universitetində isə (yəqin ki, Azərbaycanın bütün ali məktəblərində olduğu kimi) elə bir auditoriya yoxdur ki, orada ümummilli liderin portreti asılmasın. Azərbaycan rəsmiləri şəxsiyyətə pərəstiş barədə danışanlara qəti etiraz edərək bildirirlər ki, bu münasibət yalnız ölkədə beş il davam etmiş siyasi hərc-mərcliyə son qoymağı, iqtisadi və hərbi sahələrdə böhrana qalib gəlməyi, çox böyük məbləğdə xarici sərmayələr cəlb etməyi və ən başlıcası – 1990-cı illərin əvvəlində çox dəhşətli vəziyyətdə olan dövlət müstəqilliyini qoruyub saxlamağı bacarmış insana səmimi ehtiram əlamətidir. Düz sözə nə deyəsən!
Azərbaycanın indiki geosiyasəti haqqında ölkədə mübahisələr çoxdur. Bütün köşklərdə sərbəst satışda olan müxalifət qəzetlərini bir qədər oxumaq kifayətdir. Həmin qəzetlərdə ölkə rəhbərliyinin ünvanına çox kəskin tənqidlər söylənilir. Amma məsələ onda deyil... bəlkə də, bu, səthi mülahizə kimi görünə bilər, lakin Bakının, Naxçıvanın, digər şəhərlərin nağılvari dəyişmiş simasına baxanda, ezamiyyətdə olarkən Azərbaycanın xarici qonaqları ilə söhbət edəndə, onların burada sərmayə qoymağın çox cəlbedici və tamamilə təhlükəsiz olması barədə sözlərini eşidəndə, hətta, sadəcə, küçələrdəki təmizliyi və qaydanı qiymətləndirəndə hiss edirsən ki, bitib-tükənmək bilməyən islahatlar keçirən Rusiya Azərbaycandan geridə qalmışdır. Azərbaycanda modernləşmə barədə təkcə danışmırlar, onlar modernləşdirməni əyani şəkildə həyata keçirirlər.

Yalnız faktlar

●1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinin sessiyasında muxtar respublikanın müstəqilliyi elan edilmiş, sonradan bütün Azərbaycanın dövlət bayrağına çevrilmiş üçrəngli bayraq təsdiq edilmişdir.
●Muxtar respublikanın səkkiz rayonunda və 200 kəndində Wi-Fi-dən istifadə etmək mümkündür. Yaxın gələcəkdə internet istifadəçilərinin sayını 72 faizə çatdırmaq planlaşdırılır.
●Yaxın gələcəkdə Naxçıvanda metro tikiləcəkdir. Naxçıvanda, habelə Sumqayıtda və Gəncədə metro tikintisinin planlaşdırılması barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat vermişdir. Bu tikinti Azərbaycanda metropolitenin inkişafına dair 20 illik proqram çərçivəsində həyata keçiriləcəkdir.
●Naxçıvanda cinayətkarlığa praktik olaraq son qoyulmuşdur. Buna görə də adamların çoxu öz maşınlarının, mənzillərinin və evlərinin qapılarını bağlamır.

“Xalq qəzeti”

5 dekabr 2013-cü il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR