22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin IX sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” mövzusunda növbəti açıq dərs keçilmişdir.
Məktəbin tarix müəllimi Himayə Qasımova bildirmişdir ki, dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və onu qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu gün Azərbaycan xalqı Ana dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi naminə misilsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevə minnətdardır. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atmışdır.

Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Qeyd olunmuşdur ki, 1993-cü ildə xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoymuşdur. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyasında dövlət dilinin adı bərpa edilmişdir. Bu, dahi rəhbərin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsidir.
Bundan sonra Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edilmişdir. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərmanla yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi ümummilli liderimizin öz doğma dilinə bağlılığını bir daha təsdiq edir. Yeni əlifbaya keçidin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində olduqca mühüm hadisə olduğunu nəzərə alan ulu öndər Heydər     Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmanla avqust ayının 1-i Azərbaycan Respublikasında “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” elan olunmuşdur. O vaxtdan hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ən əziz bayramlardan biri kimi qeyd olunur. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir uğurlu addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” və “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamlar və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Sonra şagirdlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR