22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Babək rayon Şəkər­abad və Hacıvar kənd tam orta məktəbləri şagirdlərinin iştirakı ilə açıq dərs keçilib.
Açıq dərsdə Şəkərabad kənd tam orta məktəbinin direktoru Sədaqət Mahmudov bildirib ki, 1990-1993-cü illərdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi və naşılığı qısa müddətdə öz acı nəticələrini göstərdi – ölkəmizdə özbaşınalıq yarandı, daxili sabitlik və milli birlik pozuldu. Müqəddəs torpaqlarımızın bütövlüyünü qorumaq üçün mübarizə Bakıda hakimiyyət uğrunda mübarizə ilə əvəz edildi. Qoşun hissələri döyüş bölgələrindən çıxarılıb Bakıya istiqamət aldı. Nəticədə, torpaqlarımızın 20 faizi düşmən tapdağı altında qaldı, bir milyondan artıq soydaşımız öz doğma el-obasından didərgin düşərək məcburi köçkün və qaçqına çevrildi. Başlıcası isə 1993-cü ilin iyun ayında ölkə vətəndaş müharibəsi həddinə çatdı, respublikanın parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi yarandı. Daxili didişmələr, anarxiya, ümummilli mənafenin şəxsi maraqlara qurban verilməsi dövlət quruculuğuna böyük zərbə vurdu.

Ölkədəki bu vəziyyətdən sui-istifadə edən düşmənlərimiz və onların havadarları ayrı-ayrı hərbi və təxribatçı dəstələrin köməyi ilə böhranı daha da dərinləşdirir, dövlət müstəqilliyimizi ciddi təhlükə altında qoyurdular. Fəlakətlə üz-üzə dayanmış xalqımız yaxşı dərk edirdi ki, Vətəni bu təhlükədən yalnız Heydər Əliyev dühası qurtara bilər. Belə bir ağır vəziyyətdə xalq öz böyük oğluna, dahi rəhbər Heydər Əliyevə müraciət etdi. Xalqın çağırışlarını nəzərə alaraq ümummilli lider 1993-cü il iyun ayının 15-də yenidən siyasi hakimiyyətə qayıtdı. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 1997-ci il tarixli Qərarı ilə hər il iyunun 15-ni Azərbaycan xalqı “Milli Qurtuluş Günü” kimi qeyd edir. Xalqımızın böyük oğlu Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı, sözün həqiqi mənasında, Azərbaycanın tarixi reallıqlarından doğan obyektiv zərurət idi. Xalqı, doğma Vətənimizi düşmüş olduğu bəladan böyük rəhbərin müdrik siyasəti xilas etdi. Azərbaycan xalqının, türk dünyasının, bütövlükdə, dünyanın ən böyük şəxsiyyətlərindən biri olan ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti doğma xalqına və Vətəninə sədaqətli xidmətin parlaq nümunəsidir. Azərbaycan müasir tarixinin 40 ilə yaxın bir dövrü, eləcə də müstəqil dövlətimizin yaradılması, inkişafı onun adı və fəaliyyəti ilə bağlıdır.
Hacıvar kənd tam orta məktəbinin tarix müəllimi Vüqar Allahverdiyev açıq dərsdə qeyd edib ki, Vətənin ağır günündə ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin dönməzliyini, əbədiliyini təmin etdi və beləliklə, müasir Azərbaycan dövlətinin qurucusuna çevrildi. Vətənin dar günündə xalqına nicat yolu göstərən, onun ürəyində inam işığı yandıran və xoşbəxt gələcəyini təmin edən dahi rəhbər Heydər Əliyevin adı müstəqil Azərbaycan dövləti var olduqca daim yaşayacaqdır.
Sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR