Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universiteti tələbələrinin iştirakı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti – ölkəmizdə muzeylərin inkişafı” mövzusunda açıq dərs keçilmişdir.
Açıq dərsdə universitetin Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Əliyev mühazirə oxumuşdur. Bildirilmişdir ki, Azərbaycanda muzey işinin, muzeyşünaslığın təşəkkül tapması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu ötən əsrin 70-80-ci illərində ölkəmizdə muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir. Həmin dövrdə Azərbaycanda Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi fəaliyyətə başlamışdır.
1969-cu ilə qədər Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, ümummilli liderimizin hakimiyyəti illərində ölkəmizdə 111 müxtəlifprofilli muzey yaradılmışdır. Ulu öndər muzeylərin əhəmiyyəti barədə deyirdi: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”.
“Müstəqillik dövründə də ulu öndərin rəhbərliyi ilə muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur”, – deyən Məmməd Əliyev bildirmişdir ki, dahi şəxsiyyətin təşəbbüsü ilə 1993-cü ildə muzey işçilərinin respublika müşavirəsi keçirilmiş, 1994-cü ildə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” Qərar qəbul edilmişdir. Ümummilli liderimizin 24 mart 2000-ci ildə imzaladığı “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarının yaradılması baxımından mühüm əhəmiyyətə malikdir.
Qeyd olunmuşdur ki, bu siyasətin davamı olaraq, müasir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən muzey işi sahəsində ardıcıl tədbirlər müəyyənləşdirilir. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı” bu sahənin hüquqi bazasının formalaşdırılmasına və ölkəmizdə muzey işinin günün tələbləri səviyyəsində qurulmasına əsaslı stimul olmuşdur. Uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənmiş, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilmişdir. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir.
Muxtar respublikada muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində görülən işlər haqqında da danışan mühazirəçi demişdir ki, son 18 il ərzində qədim diyarımızda yeni muzeylər yaradılmış, fəaliyyətdə olan muzeylər təmir və lazımi inventar və avadanlıqlarla təmin olunmuş, eksponatlarla zənginləşdirilmişdir. Bu tədbirlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğ olunmasına şərait yaratmışdır. Əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey vardısa, hazırda qədim diyarımızda 23 müxtəlifprofilli muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir.
Sonra açıq dərs iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Xəbərlər şöbəsi