22 Dekabr 2024, Bazar

Dünən Kəngərli rayonunda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətinin idarə olunmasının xüsusiyyətləri” mövzusunda seminar-müşavirə keçirilib. Rayonun bələdiyyə sədrlərinin iştirak etdiyi tədbiri Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səxavət Həsənov açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanovun “Bələdiyyələrdə mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri”, Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri İntizar Həziyevin “Bələdiyyə torpaqlarından istifadə edilməsi və mühafizəsi”, Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun mahiyyəti və tələbləri” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə qeyd edilib ki, bələdiyyələrin fəaliyyəti zamanı işin şəffaf təşkil edilməsi, yerli əhalinin yerli özünüidarəetmə orqanının fəaliyyəti ilə yaxından məlumatlandırılması üçün şəraitin yaradılması mühüm vəzifələrdən biri olmalıdır. Çünki bələdiyyələr yerli əhalinin yaranacaq problemləri ilə daha yaxından məlumatlı olduqlarından bu problemlərin daha tez və daha düzgün həllinə dair əhəmiyyətli qərarlar qəbul edirlər. Bələdiyyə mülkiyyətinin formalaşdırılmasının hüquqi əsasları Azərbaycan Respublikası Konstitusiyası, bələdiyyələr haqqında qəbul edilmiş qanunlar və digər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.
Vurğulanıb ki, bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan, fiziki və hüquqi şəxslərin icarəsindəki və ehtiyat fondu torpaqlar aiddir. Bələdiyyə torpaqlarının idarə edilməsi Azərbaycan Respublikasının Torpaq və Mülki məcəllələri, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, “Bələdiyyə əraziləri və torpaqları haqqında” və “Şəhərsalma əsasları haqqında” Azərbaycan Respublikasının qanunları və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları əsasında aparılır. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər.
Bildirilib ki, bələdiyyə mülkiyyətində olan əmlakın formalaşdırılmasında  bələdiyyələrin fəaliyyəti nəticəsində əldə edilən əmlak xüsusi yer tutur. Bu əmlakın formalaşması, əsasən, bələdiyyələrin səlahiyyətlərinə uyğun olaraq, yerli sosial müdafiə və sosial inkişaf proqramının həyata keçirilməsi prosesində reallaşa bilər.
Sonra mövzular ətrafında müzakirələr aparılıb. Sonda iştirakçılara “Bələdiyyələrdə mühasibat uçotunun təşkili” haqqında kitabçalar paylanılıb.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR