22 Dekabr 2024, Bazar

Əslində, hadisələrə düzgün qiymət o zaman verilir ki, o hadisələrdən uzaqlaşırsan. Və əslində, tarixdə baş verən hər bir hadisə gec, ya da tez öz tarixi qiymətini alır. Başqa sözlə desək, bir günün tarixinə tarixin bir günü mütləq qiymət verilir. Hadisələrə vaxtında və düzgün qiyməti isə fövqəladə cəsarət və müdriklik sahibləri verə bilirlər. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü belə müdrikliklə və cəsarətlə verilən qiymətlərlə tarixə düşüb. Məsələn, 31 dekabrda baş verən hadisələrdən sonra həmin tarixi günün dünya Azərbaycan türklərinin həmrəylik günü kimi qeyd olunması haqqında verilən qərar, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarının Naxçıvan Muxtar Respublikasının rəsmi dövlət atributları kimi qəbul edilməsi ilə bağlı verilən qərar və sair.

Ümummilli lider Heydər Əliyevin ciddi səyləri və təşəbbüsü nəticəsində 21 noyabr 1990-cı ildə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı da bir günün qanlı tarixinə tarixin bir günü verilən hüquqi qiymət olub. Bu qiymət isə o zaman verilib ki, onda Azərbaycanın ali hakimiyyət orqanları, hadisələrlə bağlı yaradılan komissiyalar 20 Yanvar hadisələrini müzakirə etməyə belə cəsarət göstərməyiblər. Belə ağır bir məqamda isə məhz ümummilli lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında 20 yanvar 1990-cı ildə baş verən hadisələrin səbəbkarlarını və icraçılarını açıq-aşkar ifşa edib. Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 20 noyabr 1990-cı il tarixli sessiyasındakı çıxışını oxuyarkən biz bu fövqəlcəsarətin bir daha şahidi oluruq. 21 yanvar 1990-cı ildə, yəni hadisələr baş verəndən bir gün sonra dünyanın ən böyük imperiyasının mərkəzində – Moskvada hadisələrə siyasi qiymət verən görkəmli dövlət xadimi Heydər Əliyev bu dəfə hadisələrə hüquqi-siyasi qiymətin verilməsini ciddi şəkildə tələb edir və deyirdi: “...19-20 yanvar 1990-cı il hadisələri, Bakıda baş vermiş hadisələr faciəvi hadisədir və mən belə hesab edirəm ki, Azərbaycanın 1920-ci ildən sonrakı tarixində belə faciəvi hadisə olmamışdır. Bu, xalqın böyük hiddətini doğurmuşdur. Xalq matəm vəziyyətinə gəlib çıxmışdır. İndi on bir aydır ki, xalq matəm içindədir. Bunu açıq-aydın demək lazımdır.
Nə üçün bu məsələ meydana gəlib – mən bunu dedim. Bunun qarşısı alına bilərdimi? Şübhəsiz ki, alına bilərdi. Əgər respublikanın siyasi rəhbərləri xalqla əlaqəyə girsəydilər, xalqla bir olsaydılar, xalqla dil tapsaydılar və xalqın dediyi sözləri eşitsəydilər və onlarla hesablaşsaydılar. Ancaq bunlar olmayıb. Respublikanın rəhbərləri Moskvanın, Qorbaçovun müdafiəsinə arxayın olaraq xalqı boğmağa, əzməyə çalışıblar. Və buna da nail olublar”.
Ümummilli lider Heydər Əliyev sovet imperiyası rəhbərlərinin cinayətkar olduğunu rəsmi tribunadan elan edirdi: “...Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir.
Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində – heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib sovet ordusu”.
Gərgin keçən müzakirələrdə ümummilli lider Heydər Əliyevin təkidli tələbləri nəticəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda törədilən hadisələrə münasibətini bildirərək sovet ordusunun xüsusi təyinatlı cəza dəstələrinin, hərbi dəniz donanmasının və daxili qoşunlarının bölmələri tərəfindən Bakı şəhərinin işğalını, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədilməsini, silahlı təcavüzü pislədi. Bu qərarla törədilən hadisələr nəticəsində nəinki Azərbaycan xalqının suveren hüquqlarının, hətta özünü dünyada sülhün və sabitliyin qarantiyası kimi təqdim edən SSRİ-nin öz konstitusiyasının 119-cu maddəsinin tələblərinin kəskin şəkildə pozulduğu bütün dünyaya bəyan edildi. Hadisələrin törədilməsində əli olan və hadisələrin qarşısının alınmasına cavabdeh olan şəxslərin adı xalqa açıqlandı.
Məhz bu qərarla 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirildi, dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edildi. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə Azərbaycanın ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsinə, bununla əlaqədar yaradılmış xüsusi deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmamasına, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə verilməməsinə qəti etirazını bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisi 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd edilməsinə qərar verdi, ümumölkə miqyasında bu günün qeyd olunması təşəbbüsünü irəli sürdü.
1993-cü ildə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi məsələsini yenidən gündəmə gətirdi. 1994-cü il martın 29-da isə Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi Qərar qəbul edildi.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR